“Premyakovu Ermənistana vermək olmaz”

“Premyakovu Ermənistana vermək olmaz”

"Premyakovu Ermənistanın hüquq-mühafizə orqanlarına və məhkəməsinə vermək olmaz. Çünki o, Gümrüdəki qətl hadisəsini törətməyə gedərkən, ilk olaraq Rusiyanın qanunlarını pozub. Onun ilk cinayəti fərarilikdir". SİA "aif"-ə istinadən xəbər verir ki, bu barədə MDB ölkələri institutunun direktoru Konstantin Zatulin Premyakovun Ermənistan tərəfinə verilməsi məsələsinə aydınlıq gətirərkən deyib.

İnstitut direktoru bildirib ki, məhkəmə Ermənistanda keçiriləcək: "Lakin hərbi bazanın ərazisində məhkəmənin qapıları erməni kütləvi informasiya vasitələri və ictimaiyyəti üçün açıq olacaq. Hətta məhkəmə zalından kənarda böyük ekranlar quraşdırılacaq".

Zatulin deyib ki, o, heç də Premyakovu müdafiə etmək fikrində deyil və əlində imkan olsa, onu öz əlləri ilə parçalayardı: "Şəxsən mən onu əllərimlə parçalamaq istərdim. İnanmıram ki, Rusiyada kimlərsə ona qarşı xüsusi rəğbət bəsləyir. Məhkəmədə də Premyakova qarşı maksimal şəkildə ciddi qərar veriləcək. Bu baxımdan, biz qərbin həmin hadisədən istifadə edərək, Ermənistanda anti-Rusiya meyllərini gücləndirməsi planlarının qarşısını almalıyıq".

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə