Ekspert: “Yığılan vəsait bütövlükdə bina üçün xərclənilir” AÇIQLAMA
"Yeni tikilən binalarda kommunal ödəniş qaydaları Vergi Məcəlləsinə əsasən, həmin binalarda yaşayan sakinlər tərəfindən formalaşdırılan komitələr tərəfindən müəyyənləşdirilir". Bunu SİA-ya açıqlamasında iqtisadçı ekspert Vüqar Bayramov deyib.
Onun sözlərinə görə, bina sakinləri tərəfindən yaradılan komitələr tərəfindən binanın kommunal xərcləri yığılır və toplanan vəsait yalnız binanın təmizliyi və təmiri işlərinə xərclənilir. Mənzil Məcəlləsinə əsasən binada yaşayan şəxslərdən kommunal haqqın yığımına güzəşt yalnız komitə tərəfindən edilə bilər: "Komitələr məhz həmin binada mənzil alıb, yaşamayan vətəndaşlar üçün xüsusi güzəşt tətbiq edə bilər. Bu, həmin komitənin seçimindən asılıdır. Komitə bu seçimi etməkdə müstəqil də ola bilər. Qanunvericilikdə praktiki olaraq xüsusi bir bənd yoxdur. Yəni qanunda binada yaşayanların kommunal xidmətlərin qarşılığında hər hansı maddi ödəniş etməsi haqqında xüsusi bir maddə yoxdur. Mənzil Məcəlləsi belə bir güzəştin tətbiq edilməsi və ümumiyyətlə bunun kimi hallarla bağlı qərarın qəbul edilməsini birmənalı şəkildə məhz həmin komitələrin ixtiyarına buraxır. Həmin komitələr təbii ki, bu qərarı qəbul etməkdə sərbəstdirlər. Bu baxımdan əgər bina sakinləri tərəfindən formalaşdırılan komitələr belə bir qərar qəbul edərlərsə, bu qərara uyğun olaraq onlara güzəştlərin tətbiq edilməsi və yaxud onların ödənişdən azad edilməsi mümkündür. İndiki mövcud qanunvericiliyə əsasən həmin şəxslərin ödənişdən azad edilməsi haqıında qərar həmin sakinlər tərəfindən yaradılan xüsusi komitələr tərəfindən qəbul edilə bilər".
Ekspert komitələrin yaradılmasında fəal olmayan bina sakinləri haqqında danışarkən vurğuladı ki, belə olduğu təqdirdə binanı inşa edən şirkət və ya şəxs tərəfindən komitə formalaşdırılır və sakinlərə diktə edilir: "Apardığımız bəzi monitorinqlər onu göstərir ki, heç də bəzi bina sakinləri belə komitələrin təşkil edilməsində fəal olmurlar. Onlar fəal olmadıqları üçün təbii ki bu vəziyyət ona gətirib çıxarır ki, həmin komitələr binanı inşa edən şirkət vəya şəxslər tərəfindən formalaşdırılır və diktə edilir. Ona görə də bina sakinləri yaşadıqları ərazidə komitələrin yaradılmasında aktiv olarlarsa, birmənalı şəkildə bu ona imkan verəcək ki, bəzi güzəştlərin tətbiqini həyata keçirmək mümkün olsun".
Vüqar Bayramov komitə tərəfindən yığılan vəsaitin xərclənmə istiqamətinə də toxunaraq qeyd etdi ki, bu vəsaitlər yalnız binanın təmiri və təmizliyi kimi işlərdə istifadə edilə bilər. Yığılan pullar dövlətin hər hansı qurumuna və ya hesabına köçürülmür: "Həmin yığılan vəsait binanın təmiri, təmizlik və s. kimi bir sıra xərclərdə istifadə olunur. Yəni yığılan vəsait bütövlükdə bina üçün xərclənilir. Dövlətin hər hansı qurumuna və ya hər hansı hesaba köçürülmür. Burada məqsəd birmənalı şəkildə ondan ibarətdir ki, binanın lifti, təmizliyi və təmiri xərclərində istifadə edilsin. Yəni binanın saxlanması üçün istifadə olan xərclərdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB