Nizami Cəfərov: “Cəmiyyət hələ də televiziyalardan şou, dedi-qodu xarakterli verilişlər gözləyir” MÜSAHİBƏ

"Hələ görməmişəm ki, elmi və ya maarifçilik verilişlərinə reklam verilsin"
Nizami Cəfərov: “Cəmiyyət hələ də televiziyalardan şou, dedi-qodu xarakterli verilişlər gözləyir” MÜSAHİBƏ

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Nizami Cəfərovun SİA-ya müsahibəsi:

- Nizami müəllim, bu gün Azərbaycan televiziyalarında efirə gedən verilişlərin keyfiyyət səviyyəsini necə qiymətləndirirsiniz?

- İndi televiziyalarda efirə gedən proqramlarda bir az inkişaf var. Yəni, əvvəllər təcrübəsizlik daha böyük idi. İndi isə müəyyən peşəkarlıq hiss olunur. Ancaq yenə də axtarışlara ehtiyac var. Əsas odur ki, peşəkarlıq daha da artsın. Peşəkarlığın xeyli artmasına baxmayaraq, yenə də televiziyalarda şit verilişlərə rast gəlmək olur.

- Bu gün televiziyalarda efirə gedən sosial xarakterli, ailə məişət mövzularına həsr olunan verilişlərin çoxunda müğənnilər ekspert qismində dəvət olunur. Siz bunu necə qarşılayırsınız?

- Bu məsələ peşəkarlıq səviyyəsinin aşağı olması ilə bağlıdır. Eyni zamanda bizim müğənnilərimiz yaxşı məktəb keçmirlər. Rusiya televiziyalarında proqramlara dəvət olunan müğənnilər kifayət qədər məlumatlıdırlar, ciddi təfəkkür sahibləridir və çox maraqlı mühakimələri var. Amma bizim müğənnilər həddən artıq məişət səviyyəlidirlər. Müğənnilərin böyük bir qismi heç universitet belə bitirmirlər. Universitet oxuyanların da təhsili necə başa vurduqları məlum deyil. Yəni onların universitet bitirdikləri hiss olunmur. Danışıqları dedi-qodu səviyyəsindədir. Bu, müğənnilərin işidir. Amma, televiziyaların özünün də səviyyəsi olmalıdır. Televiziya o müğənniləri hər hansı bir mövzudakı müzakirələrə buraxmalıdır ki, onların həmin məsələdən az-çox xəbərləri olsun. Bunu etmirlər. Nəticə etibarilə məsuliyyət televiziyaların üzərinə düşür.

- Müğənnilərin verdikləri vergilərin səviyyəsi ilə bağlı nə deyə bilərsiniz?

- Toylarda oxuyan müğənnilər vergi verirlər. Amma görünən budur ki, hələ vergi tutma lazımı səviyyədə deyil. Bununla da vergi orqanları məşğul olmalıdır.

- Nizami müəllim, televiziyaların cəmiyyətdə rolu nədən ibarətdir? Sizcə Azərbaycan televiziyaları nədən cəmiyyətə daha çox şou xarakterli verilişlər təqdim edir? Bunun səbəbini necə izah edərdiniz?

- Bilirsiniz, bu daha çox qarşılıqlı olan məsələdir. Cəmiyyətimiz hələ də televiziyalardan şou, dedi-qodu xarakterli verilişləri gözləyir. Baxır. Reklam gəlirləri də çox zaman şou verilişlərindən gəlir. Yəni, baxılan verilişlərə reklam verilir. Hələ mən görməmişəm ki, elmi və ya maarifçilik verilişlərinə reklam verilsin. Maraq şou verilişlərinə güclü olduğuna görə, televiziyalar da ona üstünlük verir. Yəni, nəyə tələbat varsa, onu cəmiyyətə təqdim edirlər. Ancaq hesab edirəm ki, televiziyalar mümkün qədər reytinq arxasınca qaçmamalıdırlar.

Bütün xəbərlər Facebook səhifəmizdə