Gənclər "Buta Palace"da bir araya gəldi

Gənclər "Buta Palace"da bir araya gəldi

Bu gün 2 Fevral - Gənclər Günü münasibəti ilə istedadlı və yaradıcı gənclərin mükafatlandırılması mərasimi və bayram konserti keçirilib. SİA-nın məlumatına görə, Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə "Buta Palace"da təşkil olunan tədbirdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, gənclər və idman naziri Azad Rəhimov, nazir müavinləri, digər dövlət qurumlarının rəhbərləri və nümayəndələri, gənclər təşkilatlarının rəhbərləri, ölkənin aparıcı KİV-lərinin baş redaktorları və fəal gənclər iştirak ediblər.

Öncə gənclər sahəsində görülən işləri və həyata keçirilən layihələri əks etdirən hesabat xarakterli videoçarx nümayiş etdirilib.

Nazir Azad Rəhimov çıxış edərək 2014-cü ildə ölkəmizdə gənclər sahəsində həyata keçirilən işlərdən danışıb: "Ümummilli lider Heydər Əliyevin gənclər gününü təsis etdiyi vaxtdan 18 il ötür. Bu illərin hər biri dövlət tərəfindən gənclərə göstərilən qayğı və diqqət, gənclərin uğurları ilə yadda qalıb. 2014-cü il olduqca işgüzar, dolğun və uğurlu keçib. Ötən il ilk dəfə olaraq Azərbaycan Respublikası Prezidentinin Gənclər Mükafatı təqdim edilib. Ölkəmizdə Gənclər siyasəti üzrə Qlobal Forum keçirilib. Dünyanın 165 ölkəsindən 700-dən artıq iştirakçısı olan bu Forum bir daha onu sübut etdi ki, digər sahələrdə olduğu kimi, dövlət gənclər siyasəti sahəsində də Azərbaycan böyük uğurlar əldə edib".

A.Rəhimov qeyd edib ki, 2014-cü ildə Bakının Xəzər, Suraxanı və Sabunçu rayonlarında, eləcə də Naxçıvan və Sumqayıt şəhərlərində, Beyləqanda "Gənclər evi" istifadəyə verilib: "Daşkəsən rayon Gənclərin təlim və istirahət Mərkəzi" inşa edilib və 17 oktyabr tarixində cənab Prezidentin iştirakı ilə mərkəzin açılışı keçirilib. Beləliklə, gənclərə sosial xidmət göstərən müəssisələrin sayı 31-ə çatıb".

Nazir gənclər sahəsində ölkəmizdə keçirilən beynəlxalq tədbirlərdən söz açıb. O, ötən il beynəlxalq əməkdaşlığın daha da genişləndirildiyini qeyd edib.

Azad Rəhimov 2014-cü ildə gənclər arasında Azərbaycanın tarixinin, mədəniyyətinin, dahi şəxslərinin tanıdılması məqsədilə ölkədə ilk dəfə tarixi rekonstruksiya formatında festivallar keçirildiyini bildirib.

Nazir 2014-cü ildə 156 iri miqyaslı tədbir keçirildiyini, onlardan 34-nün beynəlxalq səviyyəli olduğunu qeyd edib.

O, 2015-ci ildə ölkəmizdə keçiriləcək I Avropa Oyunlarının hazırlıq prosesinin uğurla davam etdirildiyini və oyunlarda 18 min gəncin könüllü qismində iştirak edəcəyini vurğulayıb.

Daha sonra elm, mədəniyyət, təhsil və ictimai fəaliyyət sahələrində xüsusi fərqlənən gənclərə Prezident Mükafatları təqdim olunub. Bir sıra müxtəlif sahələrdə fərqlənən gənclər isə Gənclər və İdman Nazirliyi tərəfindən mükafatlandırılıblar.

Tədbirdə İsmayıllı şəhəri Azərbaycanda 2015-ci ilin Gənclər Paytaxtı elan olunub.

Daha sonra tədbir bədii hissə ilə davam etdirilib.

Elgün VİDADİOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə