Naxçıvanda gənclər siyasəti uğurla həyata keçirilir

Naxçıvanda gənclər siyasəti uğurla həyata keçirilir

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun, Gənclər və İdman Nazirliyinin və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin birgə təşkilatçılığı ilə Naxçıvan şəhərindəki "Duzdağ" otelində 2 fevral – Gənclər Gününə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov çıxış edərək ölkəmizdə, o cümlədən muxtar respublikada həyata keçirilən gənclər siyasətindən, bu sahədə əldə olunan nailiyyətlərdən söhbət açıb.

Bildirilib ki, ümummilli lider Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra Azərbaycanda bütün sahələrdə olduğu kimi, gənclərlə iş sahəsində də əsaslı dönüş yarandı. Ulu Öndərin 1995-ci ildə Gənclər Forumu ilə bağlı təşəbbüsündən sonra 1996-cı il fevralın 2-də müstəqil Azərbaycan Respublikası Gənclərinin I Forumu keçirildi. Bir il sonra ilk forumun iştirakçılarının bir qrupu ilə görüşən Ulu Öndər əsas diqqəti keçən bir il ərzində görülmüş işlərin təhlilinə, gəncliklə bağlı əsas problemlərin həllinə yönəltdi. Ulu öndər Heydər Əliyevin elə həmin gün imzaladığı sərəncamla, fevralın 2-si Gənclər Günü elan edildi.

"Bu gün dövlətin apardığı gənclər siyasəti keyfiyyətcə yeni mərhələdə davam etdirilir. Dövlətimizin başçısı İlham Əliyevin həyata keçirdiyi dövlət gənclər siyasəti nəticəsində gənclərimiz cəmiyyətimizin inkişafında fəal sosial təbəqəyə çevriliblər. Son illər bu sahədə görülən işlər, həyata keçirilən tədbirlərin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri öz intellektual səviyyələri, bilik və bacarıqları ilə nəinki regionda, ümumiyyətlə, dünyada tanınır və qəbul olunurlar", –deyən Azad Cabbarov bildirib ki, muxtar respublikada da gənclərin yüksək səviyyədə təhsil almaları, onların cəmiyyətin müxtəlif sahələrində fəal iştirakını təmin etmək üçün ardıcıl tədbirlər həyata keçirilir. Bu gün muxtar respublikada məşğul əhalinin əksəriyyətinin gənclərdən ibarət olması, onların dövlət orqanlarının hamısında irəli çəkilməsi gənclərə göstərilən diqqət və qayğıdan xəbər verir. Gənclərin asudə vaxtlarının səmərəli təşkil olunması istiqamətində həyata keçirilən tədbirlər də bu gün uğurla davam etdirilməkdədir.

Qeyd olunub ki, gənclərin yüksək səviyyədə təhsil alması, intellektual səviyyəsinin yüksəldilməsi, dünya görüşünün formalaşması və asudə vaxtlarının səmərəli keçirilməsi məqsədilə muxtar respublikada gənclik mərkəzləri, kitabxanalar, mədəniyyət evləri, ali təhsil müəssisələrində yeni tədris korpusları, yeni orta məktəb binaları, Olimpiya idman kompleksləri, idman mərkəzləri və saymaqla bitməyən digər obyektlər tikilib və ya əsaslı təmir olunaraq gənclərin istifadəsinə verilib.

Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin "Naxçıvan Muxtar Respublikasında gənc istedadlara dövlət qayğısının artırılması haqqında" 2012-ci il 31 yanvar tarixli Fərmanı regionumuzda gənclərə göstərilən diqqət və qayğının məntiqi davamıdır. Bu fərmanla Naxçıvan Muxtar Respublikası Gənc İstedadlarının "Qızıl kitabı" təsis edilib. Naxçıvan şəhərində "Gənclər Evi"nin istifadəyə verilməsi gənclərin xüsusi layihələr vasitəsilə vahid bir məkanda toplanması, gənclərin inkişafı, onların asudə vaxtlarının səmərəli təşkili baxımından xüsusi əhəmiyyətə malikdir.

Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun icraçı direktoru Məmməd Babayev deyib ki, bu gün muxtar respublikada dövlət gənclər siyasəti uğurla həyata keçirilir. Bunun nəticəsində gənclər muxtar respublikamızın ictimai-siyasi, iqtisadi və mədəni həyatında daha da fəal iştirak edir, gənc istedadlara dövlət qayğısı artırılır. Bu gün gənclər milli mənəvi dəyərlərimizə hörmət ruhunda tərbiyə olunur, yeni ideyaların təşəbbüskarı və dövlət idarəçiliyində aparıcı qüvvə kimi formalaşır və böyük nailiyyətlər əldə edirlər.

Bildirilib ki, muxtar respublikada həyata keçirilən dövlət gənclər siyasətinin mühüm istiqamətlərindən birini də gənclərin sosial problemlərinin həlli, xüsusilə də mənzil şəraitinin yaxşılaşdırılması təşkil edir. Bu sahədə həyata keçirilən ardıcıl tədbirlər çərçivəsində ötən il Naxçıvan şəhərində yeni yaşayış kompleksi tikilərək istifadəyə verilib. Gənclərin güzəştli şərtlərlə mənzil sahibi olmaları yönündə işlər bu il də uğurla davam etdirilir.

Sonra muxtar respublikanın ictimai həyatında fərqlənən gənclər mükafatlandırılıblar.

Tədbir konsert proqramı ilə davam etdirilib. Tanınmış müğənnilər Günel Məhərrəmova və Günay İbrahimlinin ifa etdikləri musiqi nömrələri gənclərə xoş anlar yaşadıb. /azertag.az/

Bütün xəbərlər Facebook səhifəmizdə