FHN-çilər Gənclər Gününü qeyd etdilər FOTOLAR

FHN-çilər Gənclər Gününü qeyd etdilər FOTOLAR

Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasında 2 fevral Gənclər Günü münasibətilə tədbir keçirilib. FHN-in mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, nazirlik işçilərinin Həmkarlar İttifaqının təşkilatçılığı ilə keçirilən tədbirdə iştirak edən fövqəladə hallar nazirinin müavinləri, tibb xidməti general-leytenantı Faiq Tağızadə, general-leytenant Etibar Mirzəyev, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının, Gənclər və İdman Nazirliyinin, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının və FHN əməkdaşları, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət ediblər.

FHN işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov tədbiri açıq elan edərək gəncləri bayram münasibətilə təbrik edib.

Fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev nazirliyin rəhbərliyinin gənclərə təbrikini çatdırıb, ölkədə gənc nəslə göstərilən yüksək dövlət qayğısından bəhs edib. O, vurğulayıb ki, gənc nəsil torpaqlarımızın bütövlüyü və müstəqillik uğrunda canlarını fəda etmiş şəhidlərimizin qəhrəmanlığından nümunə götürməli, Azərbaycanının müstəqilliyini qorumaq və gələcək nəsillərə çatdırmaq kimi müqəddəs amala xidmət etməlidir.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının, Gənclər və İdman Nazirliyinin, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının nümayəndələri də gənclərə bayram təbriklərini çatdırıb, tədbirin təşkil olunmasını yüksək qiymətləndiriblər.

Çıxışlardan sonra FHN-in struktur bölmələrində çalışan, vəzifə borcunu layiqincə yerinə yetirməkdə xüsusi fərqlənmiş gənc əməkdaşlar fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılıb.

Tədbir incəsənət xadimlərinin çıxışları ilə sona çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə