2 fevral - Azərbaycan Gəncləri Günü Qax rayonunda silsilə tədbirlərlə qeyd olunur. SİA-nın verdiyi məlumata görə, bu münasibətlə rayonda idmanın şahmat, sərbəst güləş və stolüstü tennis növləri üzrə yarışlar keçirilib, qaliblər mükafatlandırılıb. Yarışlarda yüzdən artıq yeniyetmə və gənc idmançı iştirak edib.
Qax şəhərindəki "Gənclər kafesi"ndə bayram şənliyi keçirilib. Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılan abidəsi önünə gül-çiçək düzüb, xatirəsinə ehtiramlarını bildiriblər.
Rayon gənclər və idman idarəsinin rəisi Əlövsət Bayramov ölkəmizdə uğurla həyata keçirilən dövlət gənclər siyasəti barədə məlumat verib, rayonda gənclərlə iş sahəsində görülən işlərdən danışıb. Bildirilib ki, artıq 19 ildir fevralın 2-si ölkəmizdə Gənclər Günü kimi qeyd olunur. Azərbaycanda dövlət gənclər siyasətinin formalaşması Ümummilli Lider Heydər Əliyevin adı ilə sıx bağlıdır. Ümummilli Lider ölkənin hərtərəfli inkişafında gənclərin rolunu yüksək qiymətləndirərək deyirdi: "Bizim bugünkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir... Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidirlər. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidirlər". Ulu Öndər gəncliyi hər mənada güclü görmək istəyir və bunun üçün əlindən gələni əsirgəmirdi.
Diqqətə çatdırılıb ki, rayonda 15 min nəfərə yaxın gənc qeydə alınıb. Onlar rayonun ictimai-siyasi həyatında yaxından iştirak edirlər. Rayonda fəaliyyət göstərən "Yaradıcı gənclər", "Hərbi vətənpərvərlik tərbiyəsi", "Fəal oxucular", "Xəmsə" və digər intellektual klublarda yüzlərlə gənc məşğul olur.
Qeyd edək ki, maraqlı konsert proqramı ilə davam edən bayram tədbirinin sonunda 2014-cü ildə rayonun ictimai-siyasi həyatında fərqlənən, təhsil, incəsənət, idman və digər sahələrdə uğur qazanan gənclərə mükafatlar təqdim olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB