Aşot Məlikyan: “Ermənistanda jurnalistlərə qarşı təzyiq davam edir” HESABAT

Aşot Məlikyan: “Ermənistanda jurnalistlərə qarşı təzyiq davam edir” HESABAT

"Ermənistanda söz azadlığı ilə bağlı vəziyyət neqativ olaraq qalmaqdadır. Ən azından, bu mövzuda aparılan müxtəlif araşdırmalar belə qənaətə gəlməyə əsas verir". SİA xəbər verir ki, bu barədə ölkənin söz və ifadə azadlığı komitəsinin sədri Aşot Məlikyan Ermənistan KİV-lərində 2014-cü illə bağlı apardığı araşdırmalardan sonra qəbul etdiyi hesabatının ümumi qiymətləndirilməsində qeyd edib.

"2014-cü il kifayət qədər ağır keçdi"-deyə bildirən Məlikyan onu da deyib ki, ötən il hakimiyyətin və hakimiyyət nümayəndələrinin azad sözə qoyduqları məhdudiyyətlərlə, jurnalistlərə qarşı təzyiqlərlə, onların fəaliyyətinə qarşı qoyulan çoxsaylı baryerlərlə yadda qaldı".

O, xüsusilə qəbul edilmiş yeni qanun layihəsini tənqid edib. Belə ki, həmin qanun layihəsinə görə, hüquq-mühafizə orqanları jurnalistlərdən hər hansı informasiyanın mənbəsini tələb edə bilər. "Bu amil isə söz və fikir azadlığına qarşıdır"-deyə Ermənistanın söz və ifadə azadlığı komitəsinin sədri bildirib.

Məlikyan deyib ki, əsas narahatlıq doğuran məsələ jurnalistlərə qarşı fiziki gücün göstərilməsi və zorakılıq hallarıdır: "Bu mənada, jurnalistlərə qarşı zorakılıq hallarında elə də ciddi dəyişiklik olmayıb. 2013-cü ildə 10 belə hal yaşanıbsa, 2014-cü ildə bu hal 9 dəfə təkrarlanıb".

Komitə sədri digər hallarda da rəqəm fərqlərinin ciddi dəyişilmədiyini bildirib: "Digər tərəfdən, KİV-lərin sıxışdırılmasında da dəyişikliklər müşahidə olunmayıb".

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə