Bakıda "Kitabi-Dədə Qorqud və Fridrix fon Dits – 200" beynəlxalq kollokviumunun açılışı olub

Bakıda "Kitabi-Dədə Qorqud və Fridrix fon Dits – 200" beynəlxalq kollokviumunun açılışı olub

Bu gün Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində Azərbaycan şifahi xalq ədəbiyyatının qədim yazılı abidəsi olan "Kitabi-Dədə Qorqud"un ilk dəfə tədqiqata cəlb edilməsinin 200-cü ildönümünə həsr olunmuş "Kitabi-Dədə Qorqud və Fridrix fon Dits – 200" beynəlxalq kollokviumunun açılışı olub. SİA-nın xəbərinə görə, tədbirdə Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdulla, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, millət vəkili İsa Həbibbəyli, digər millət vəkilləri, xarici ölkələrdən dəvət olunan qorqudşünaslar iştirak edib.

Tədbiri giriş sözü ilə açan dövlət müşaviri Kamal Abdulla bildirib ki, "Kitabi-Dədə Qorqud" dastanının geniş təbliği, təşviqi, Dədə Qorqud irsinin daha dərindən öyrənilməsi, o cümlədən öyrədilməsi Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır: "1950-ci ildə pantürkizmi təbliğ edən ideologiyanın daşıyıcısı kimi yasaqlanmış "Kitabi-Dədə Qorqud" 1957-ci ildə yenidən tədqiqata cəlb olunub. 1975-ci ildə Heydər Əliyevin tapşırığına əsasən, "Dədə Qorqud" bədii filmi çəkilib. Heydər Əliyev 1997-ci il aprelin 20-də "Kitabi-Dədə Qorqud" dastanının 1300 illik yubileyi haqqında Fərman və 1999-cu il fevralın 21-də "Kitabi-Dədə Qorqud" dastanının 1300 illik yubileyi üzrə Dövlət Komissiyasının tədbirlər planı haqqında" Sərəncam imzalayıb. Növbəti Fərman isə 2000-ci ildə "Bakıda Dədə Qorqud heykəlinin ucaldılması və "Dədə Qorqud dünyası" tarixi-etnoqrafik kompleksinin yaradılması" haqqında verilib. Prezident İlham Əliyev də bu ənənəni əzmlə davam etdirib. Dövlət başçısı 2007-ci ildə "Dədə Qorqud heykəli və "Dədə Qorqud dünyası" tarixi-etnoqrafik kompleksinin yaradılması ilə bağlı müvafiq tədbirlərin görülməsi məqsədi ilə Sərəncam imzalayıb. 2013-cü ildə Dədə Qorqud parkı salınıb və "Kitabi-Dədə Qorqud" abidəsi ucaldılıb. Abidənin açılış mərasimində Prezident İlham Əliyev dastanı Azərbaycan xalqının milli sərvəti adlandıraraq qeyd edib ki, hər bir azərbaycanlı üçün əziz olan bu əsərdə xalqımızın keçmiş həyat tərzi, məişəti, psixologiyası əks olunub. Həmin il Prezident İlham Əliyev "Dədə Qorqud" dastanı əsasında çoxseriyalı bədii televiziya filminin çəkilməsi ilə bağlı sərəncam imzalayıb".

K. Abdulla qeyd edib ki, bu kollokvium dərin intellektual məzmuna malik hadisədir: "Çünki, ilk dəfə olaraq Dədə Qorqud adı altında Azərbaycanın müxtəlif konfessiyalarının nümayəndələri bir yerdə toplaşıblar. Bu, bir daha göstərir ki, "Dədə Qorqud" dastanı təkcə türk xalqlarının abidəsi sayıla bilməz. "Kitabi-Dədə Qorqud" bir məkanla məhdudlaşan abidə deyil, dünya çapında müxtəlif xalqlar üçün psixoetnik hadisədir. Onu elmi müstəviyə çıxaran alimlər isə türkologiya və germanistikanın yaxınlaşmasını təmin etdilər".

K. Abdulla deyib ki, dastanın "Təpəgöz" boyunun 1815-ci ildə elmi müstəviyə çıxarılmasının 200-cü ildönümü ilə əlaqədar tədbirlərin ölkə daxilində və xaricdə ilboyu keçirilməsi nəzərdə tutulur.

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, millət vəkili İsa Həbibbəyli isə çıxışında bildirib ki, Azərbaycan mədəniyyətinin ulu qaynağı olan "Kitabi-Dədə Qorqud" təkcə öz yarandığı çağda deyil, eyni zamanda

müasir dövrümüzdə də milli mənəviyyatımızın, ədəbiyyat və incəsənətimizin ideya bünövrəsi olaraq qalır: "Azərbaycan tarixinin bütün milli-mənəvi dəyərlərini özündə cəmləşdirən bu ulu abidə elə bir enerji mənbəyidir ki, çağdaş milli mənəviyyat və mədəniyyət tariximizi onsuz təsəvvür etmək mümkün deyildir.

Daha sonra çıxış edən Azərbaycan Yazıçılar Birliyinin sədri Anar deyib ki, "Kitabi-Dədə Qorqud" dastanı bütün türk dünyasının əsəridir: "Türk dünyasının Şekspir, Servantes kimi əzəmətli yazıçıları yoxdur. Amma nə ingilislərin, nə ispanların, nə də digərlərinin "Kitabi-Dədə Qorqud" kimi eposları var".

Çıxışlarda vurğulanıb ki, "Kitabi-Dədə Qorqud" dastanı dünya dastanlarının zirvəsində dayanır.

Tədbirin davamında "Kitabi-Dədə Qorqud" haqqında filmin nümayişi olub.

Qeyd edək ki, kollokvium iki gün davam edəcək. Müzakirələr Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Bakı Slavyan Universitetində davam etdiriləcək. Beynəlxalq Kollokviumun gedişində "Kitabi-Dədə Qorqud" dastanının təbliğatı məqsədi ilə 2015-ci il ərzində keçirilicəyi nəzərdə tutulan geniş tədbirlər planının müzakirəsi nəzərdə tutulur. Beynəlxalq Kollokviumda "Kitabi - Dədə Qorqud" dastanının araşdırılması və ilboyu təbliğatının aparılmasının konkret proqramı müəyyənləşdiriləcək, Kollokvium üzvlərinin yekdil rəyi əsasında qərar qəbul olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə