“Gənclərin səsi” layihəsinin birinci mərhələsi başa çatıb FOTO

“Gənclərin səsi” layihəsinin birinci mərhələsi başa çatıb FOTO

Azərbaycan Respublikası Gənclər Təşkiltları Milli Şurası, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, BMT-nin Əhali Fondunun əməkdaşlığı çərçivəsində, Y-PEER Azərbaycan tərəfindən "Gənclərin Səsi-Şərqi Avropada və Mərkəzi Asiyada Bizim istədiyimiz gələcək" layihəsi həyata keçirilib. SİA-nın məlumatına görə, layihənin birinci mərhələsinin məqsədi BMT-nin 2015-ci ildən sonrakı inkişaf proqramı haqqında məlumatlılığının artırılması və onların sözü gedən proqramın həyata keçirilməsində iştirakını artırmaq, cəmiyyətdə QİÇS/İİV, gender, stiqma və insan alveri kimi mövzular ətrafında insanların biliklərini artırmaqdır. Bu mərhələdə gənclər arasında inşa müsabiqəsi keçirilib, müsabiqə zamanı yüksək nəticə göstərən gənclər mükafatlandırılıblar. Layihə çərçivəsində keçirilən digər bir fəaliyyət kimi qeyri-formal təhsilin imkanlarından faydalanaraq teatr əsaslı QİÇS/İİV, gender, stiqma və insan alveri kimi mövzuları əhatə edən təlimlər keçirilib. Təlimlər yekunlaşdıqdan sonra isə təlim iştirakçıları öz hazırladıqları tamaşaları həm müxtəlif yaş qruplarından olan xeyli sayda tamaşaçıya nümayiş etdirdilər.

Layihənin növbəti mərhələsində, gənclərlə məşğul olan dövlət qurumları və gənclər təşkilatlarının birgə fəaliyyət göstərəcəyi kampaniya sözü gedən mövzu ətrafında gənclərin və gənclərin baxışlarının inkişaf etdirilməsinə yönələcəkdir. Bu fəaliyyətlərin əsas məqsədi müxtəlif mədəni, etnik və sosial qruplardan olan gənclərin ehtiyaclarını və maraqlarını müəyyən etməklə gənclərin baxışlarını qurmaq, təkliflər paketi hazırlamaq və 2015 – ci ildən sonrakı Davamlı İnkişaf Məqsədlərində təqdim olunmasıdır. Xatırladaq ki, insan kapitalının və gənclərin potensialının inkişafı "Azərbaycan 2020: Gələcəyə Baxış" İnkişaf Konsepsiyasının prioritet istiqamətlərindən biridir. Layihə çərçivəsində həyata keçirilən fəaliyyət bu istiqamətlərin inkişaf etdirilməsinə və Azərbaycan gənclərinin səsinin beynəlxalq arenaya çatdırılmasına imkan yaradır.

Qeyd edək ki, ARGTMŞ və BMT-nin Əhali Fondu (UNFPA) sözü gedən mövzuda uğurlu əməkdaşlıq təcrübəsinə malikdir və 2014-cü ilin may-iyul aylarında ARGTMŞ, BMT-nin İnkişaf Proqramı, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və BMT-nin Əhali Fondunu tərəfindən həyata keçirilən "2015-ci ildən sonrakı əsas inkişaf məsələlərinin milli müzakirəsi: Vətəndaş Cəmiyyəti ilə dialoq: Gənclər" adlı Milli Məsləhətləşmələr keçirilmişdir. Milli Məsləhətləşmələr çərçivəsində Bakı, Quba və Gəncə şəhərlərində QHT-lər, gənclər təşkilatları, hökümət qurumları, media nümayəndələri və fəal gənclər iştirakı il bir sıra tədbirlər həyata keçirilmiş və BMT Modeli simulyasiya oyunu həyata keçirilmişdir. Tədbirlə bağlı ətraflı məlumat BMT-nin İnkişaf Proqramının rəsmi hesabatında öz əksini tapıb.

Bütün xəbərlər Facebook səhifəmizdə