Hər il demək olar ki, eyni aqibət. Söhbət Quba-Xaçmaz yolundan gedir. Bu yoldan istifadə edən sürücülərdən əksəriyyəti qəza halları ilə rastlaşır. Kimisi canını asanlıqla qurtarır, kimisi isə avtomobil qəzasında dünyasını dəyişir. Söhbət Quba-Xaçmaz yollarında "at oynadan" sahibsiz atlardan gedir.
Quba-Xaçmaz yolunun kənarında böyük qəsəbə və kəndlər çoxdur. Kənd camaatının əksəriyyətinin həyətində at saxlayır. Ancaq kəndin bəzi sakinləri atlarını sahibsiz buraxırlar. Qəzaların ən çox baş verməsi də gecə saatlarına təsadüf edir. Yolun sağından soluna, solundan sağına qaçan atlar sürücülərin əsl qəniminə çevrilib. Qəza törədənlər də, demək olar ki, naşı sürücülərdir. Araşdırmalardan sonra da məlum olub ki, həmin sürücülər ilk dəfə bu yoldan istifadə edənlərdir.
Quba-Xaçmaz yolunun kənarında uzun illərdir ki, məşhur "Quba bağları" salınıb. At sahibləri də atlarını bu bağ sahələrinə buraxır ki, atlarının saxlanmasında özlərinə əziyyət olmasıın, ot və yem tədarükünü görməsin. Elə buna görə də at sahibləri atlarını çölə buraxırlar. Bu isə sürücülərin qəzalarına səbəb olur.
Hər il atlara görə baş vermiş qəzalardan ötrü Quba rayon polisi yol kənarlarındakı kəndlərin icra nümayəndələrinə və bələdiyyələrə rəsmi məktub ünvanlayıb ki, kəndlərdə iclas keçirsinlər və atları olan kəndlilər atlarını çölə buraxmasınlar. Ancaq nə faydası, "köhnə hamam, köhnə tas". Eyni aqibət bu ildə təkrarlanıb. Marağlısı ondadır ki, qəza törədən sürücü at sahibini tapa bilmir. At sahiblərindən heç kim boynuna götürmür ki, at mənimdir. Çarəsiz qalan sürücü isə avtomobilini özü təmir etməli olur.
Hər il belə hadisələr çox olur. Quba Regional Baytarlıq İdarəsi də hərəkətə keçib. Qubada 4 min at var ki, bunlar da sürücülərin əsl kabusuna çevrilib. Qış mövsümü olan kimi bağbanlar meyvələrini at arabalarıyla çıxardıqdan sonra bağlarına buraxır. Sonra bütün bağbanların atları birləşir və bağlarda ilxı yaranır. Yollarda o tərəfə, bu tərəfə qaçan atlar əsasən gecə saatlarında sürücülərə rast gəlir.
Quba Regional Baytarlıq idarəsi isə atların peyvəndlənməsi zamanı sakinlərə xəbərdarlıqlar da edib ki, atlarını çölə buraxmasınlar. Atlar tövlə şəraitində saxlanılsın.
Bir daha xatırladaq ki, Quba-Xaçmaz yolundan istifadə edən sürücülər at ilxısından özlərini gözləsinlər. Yoxsa hər an qarşınıza gözləmədiyiniz an at çıxa bilər.
Emin Kərimov, Quba-Xaçmaz
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB