"Bizim reklam və sığorta təcrübəmiz lazımı səviyyədə deyil. Ona görə də bu sahədəki problemi insanların xarakterində, ya da şüurlu olaraq sığorta və reklam işinin düzgün təşkil olunmamasında görürəm". Bunu SİA-ya açıqlamasında Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Nizami Cəfərov söyləyib: "Sığorta və reklamın ölkəmizdə zəif olmasının səbəbi daha çox təcrübəsizliklə bağlıdır. İnanıram ki, tədricən yaxşı təcrübələr meydana çıxacaq. Buna ehtiyac var. Çünki cəmiyyətimiz müasir dünyanın qayda-qanunları ilə hərəkət edir. Əgər sığorta şirkətləri öhdəliklərini yerinə yetirə bilmirlərsə, onlarla bağlı kifayət qədər ciddi qərarlar verilməli, cərimələr tətbiq edilməlidir. Hətta ən pis halda lisenziyaları geri alınmalıdır. Ancaq hesab edirəm ki, ölkəmizdə vədlərini əməl edən şirkətlər var və bundan sonra da olacaq".
İqtisadçı Ruslan Atakişiyev: "Təəssüf ki, sığorta şirkətlərinin fəaliyyəti yetərli deyil. Sığorta sektorunda problemlərin olması vətəndaşların sığorta şirkətlərinə inamını zəiflədib. Sığorta sektoru çox həssas bir sahə olsa da, bir çox sığorta şirkətləri öz öhdəliklərini yerinə yetirməkdən boyun qaçırırlar. Bəzən vətəndaşlara nəzərdə tutulduğundan dəfələrlə az vəsait ödəyirlər ki, bu da sonda sığorta şirkətlərinə inamın azalmasına səbəb olur.
Həmçinin reklamlardakı məlumatlar da özünü doğrultmur. Burda istehlakçıların çaşdırılması inamsızlığın yaranmasının əsas göstəricisidir. Bəzən endirim adı ilə satılan məhsulları insanlar aldıqda görürlər ki, əslində həmin məhsul əvvəlkindən də bahadır. Sonradan süni qiymət endirimləri edirlər. Hesab edirəm ki, reklam və sığortaya inam yaratmaq üçün ilk növbədə mühüm işlər görülməlidir. Onlar maksimum dərəcədə reklam etdikləri məhsul haqqında dolğun məlumat verməlidir. Əgər reklam olunan qida məhsuludursa onun insan orqanizminə təsiri haqqında informasiya verilməlidir. Həmin məhsulda olmayan keyfiyyəti yalandan söyləmək də insanı aldatmaqdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB