Fransanın “N+İ” mühəndislik məktəbi ilə görüş keçirilib

Fransanın “N+İ” mühəndislik məktəbi ilə görüş keçirilib

Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin İnsan Resursları Departamentində Fransanın "N+İ" mühəndislik üzrə ali məktəblər şəbəkəsinin direktoru cənab Jean-Pierre Trotignon və Fransa səfirliyinin nümayəndəsi Charlotte Payen ilə görüş keçirilib. SİA-nın məlumatına görə, İRD-nin rəisi Asif Bəkirli qonaqları salamlayaraq, SOCAR-ın Xarici Təqaüd Proqramı haqqında onlara ətraflı məlumat verib. Layihələrin iştirakçıları üçün yaradılmış imkanlardan, sosial paketlərdən, şirkətin və tələbələrin qarşılıqlı öhdəliklərindən danışıb. SOCAR-ın TOTAL şirkəti ilə əməkdaşlıq çərçivəsində Fransada təhsil layihəsi üzərində ətraflı dayanaraq mövcud vəziyyəti dəyərləndirib. Görüşdə layihənin şərtləri və tələbələrin üzləşdikləri çətinliklərə də toxunulub. Jean-Pierre Trotignon "N+İ" mühəndislik üzrə ali məktəblər şəbəkəsinin ətrafında 60-dan çox təhsil ocağının birləşdiyini bildirib, şəbəkənin yaranma tarixi, məqsədi və fəaliyyəti barədə məlumat verib. O, əcnəbi tələbələrin ən çox üzləşdikləri çətinliklər - dil, mədəni mühitə alışma və digər problemlərdən danışıb. Jean-Pierre Trotignon Fransada təhsil üslubunun digər ölkələrdən fərqləndiyini, mühəndislik sahəsinin riyaziyyata əsaslandığını vurğulayıb. J.Trotignon bu problemlərin aradan qaldırılması üçün təkliflər irəli sürmüş və yaxın zamanda SOCAR-la əməkdaşlığa başlayacaqlarına ümid etdiyini bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə