Stepan Qriqoryan: “Premyakovu cinayətkar hesab etmək olmaz”

Stepan Qriqoryan: “Premyakovu cinayətkar hesab etmək olmaz”

"Avetisyanlar ailəsinin qətlə yetirilməsi Ermənistanın milli təhlükəsizliyində olan boşluğun təzahürləridir". SİA xəbər verir ki, bu fikirlə Ermənistanın Regional qloballaşma və əməkdaşlıq analitik mərkəzinin rəhbəri Stepan Qriqoryan İrəvanda keçirdiyi mətbuat konfransında çxış edib. Erməni ekspert qeyd edib ki, hadisə nəticəsində ölkə daxilində qeyri-stabillik artıb və eyni zamanda, bu fakt ölkələr arasında mövcud olan ikitərəfli əməkdaşlığa da öz mənfi təsirini göstərməkdədir.

Qriqoryanın sözlərinə görə, hətta ən ağılsız insan da yaxşı bilir ki, sözügedən qətl hadisəsi adi cinayətkarın törətdiyi məsələ deyil: "Bu, ya terror aktı, ya da təxribatdır".

Mərkəz rəhbəri həmçinin hesab edir ki, Valeri Premyakov qətl hadisəsinin törədildiyi zaman tək olmayıb: "Bu amil isə böyük ehtimalla azadlıqda olan digər cinayətkarların bilavasitə erməni vətəndaşlarının həyatlarına təhlükə hesab oluna bilər".

Baş verənlərə rəğmən, erməni ekspert Premyakovun qətl olayında əlinin olmaması ehtimalını da istisna etməyib. O, eyni zamanda rusiyalı əsgərin Gümrüdəki hərbi bazasında saxlanılması məsələsinə də toxunaraq sual edib: " Kim Premyakovu hərbi bazaya təhvil verib? Hansı əsasla və nəyə görə bu sual hələ də araşdırılmır? Çünki bu, dövlətlərarası münasibətlərə aid olan və həqiqətən də ciddi, eyni zamanda haqlı sualdır".

Erməni ekspert polis rəisinin müavini tərəfindən verilən bəyanatdan hiddətləndiyini də bildirib. Onun fikrincə, hüquq mühafizə orqanının rəsmisi hesab olunan kəs şübhəli bilinənə qarşı təhqirli ifadələr işlədərək onun günahsızlıq prezumpsiyası hüququnu tapdamamalı idi. "Mən kiməsə haqq qazandırmaq fikrində deyiləm. Sadəcə, insan məhkəmə tərəfindən onun cinayəti sübut olunmayana qədər cinayətkar hesab edilə bilməz. O cümlədən, etiraf heç də məhkəmə tərəfindən sübut kimi qəbul olunmur. Ona görə də Ermənistan rəsmilərinin və hüquq mühafizə orqanlarının təmsilçilərinin emosionallıq nümayiş etdirməyə ixtiyarları yoxdur".

Rusiya tərəfinin mövcud vəziyyətdəki davranışlarına gəlincə, Qriqoryan hesab edir ki, Premyakovun Rusiyaya təhvil verilməsi məsələsi hələlik yoxdur. Çünki o, Ermənistan ərazisində baş verən cinayət hadisəsində şübhəli şəxs kimi saxlanılır. Ekspert deyir ki, hazırkı məqamda erməni hüquq mühafizə orqanlarının əməkdaşları istintaq işinin aparılmasında lazımi qədər iştirak edə bilmirlər. O, istisna etmir ki, Rusiya tərəfi məhkəmənin Ermənistanda keçirilməsinə razılıq versə də, Premyakov cəzasını Rusiya Federasiyasında çəkəcək. Qriqoryan bunu belə əlaqələndirib ki, ilk növbədə Rusiya bu vasitə ilə nümayiş etirəcək ki, o, güclü ölkə olaraq, heç bir güzəştə getməyəcək: "Eyni zamanda, Rusiya erməni tərəfinin bu cinayətin arxasında hansı qüvvələrin dayandığını öyrənməməsi üçün əlində olan bütün imkanlardan istifadə edəcək. Hətta həmin qüvvələrin Rusiyaya heç bir qarışacağı olmasa belə. Çünki Rusiya tərəfi onun ərazisində müvafiq qüvvələrin olması barədə məlumatların yayılmasında, ictimailəşməsində də maraqlı deyil".

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə