Nəsimi Paşayev: “Qatarların hərəkətində yaranan problemlər normal qarşılanmalıdır” AÇIQLAMA

Nəsimi Paşayev: “Qatarların hərəkətində yaranan problemlər normal qarşılanmalıdır” AÇIQLAMA

"Bakı Metropoliteni" QSC bu gün qatarların hərəkətində yaranan problemə aydınlıq gətirib. Qurumun mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev SİA-ya açıqlamasında deyib ki, qatarların hərəkətində ləngimələrə səbəb bu gün səhər saat 08:26-da metronun "Həzi Aslanov" - "Dərnəgül" xətti istiqamətində hərəkət edən 38 saylı marşrutda baş verən nasazlıq olub

Onun sözlərinə görə, metronun "Nizami" – "Elmlər Akademiyası" stansiyaları arasında hərəkət edən qatarda nasazlıq meydana gəlib: "Bundan sonra qatar "Nizami" stansiyasında dayandırılıb, sərnişinlər düşürdülüb və qatar depoya göndərilib. Nəticədə qatar təxminən 10 dəqiqə gecikib. Buna görə də interval pozulub və digər qatarlarda da gecikmə yaranıb. Həmin istiqamətdə xəttə əlavə qatar buraxılıb və artıq qatarların hərəkətində heç bir problem yoxdur".

N. Paşayev son zamanlar qatarların hərəkətində yaranan problemlərdən də danışıb: "Qatarlar da texnikadır ona görə də zaman-zaman müəyyən nasazlıq yaranır. Qatarlar gün ərzində 16-18 saat xəttdə olurlar. Qatarlar depoda olan zaman onlara texniki baxış keçirilir və səhər yoxlanıldıqdan sonra xəttə buraxılır. Amma, qatarlar xətdə olanda ola bilər ki, onların elektrik sistemində, qapılarında və ya mühərrikində müəyyən problemlər yarana bilir. Təsəvvür edin, qatarda olan beş vaqonun hər birinin mühərriki var. Ona görə də qatarların hərəkətində yaranan problemlər normal qarşılanmalıdır. Ancaq, biz çalışırıq ki, qatarlarda nasazlıq yaranmasın".

N. Paşayev qeyd edib ki, hazırda "Bakı Metropoliteni" QSC-nin 266 vaqonu var: "Bu vaqonların heç biri istismar müddətini başa vurmayıb. Ona görə də mərhələli şəkildə, istismar müddətini başa vuran qatarlar xətlərdən yığışdırılacaq".

N. Paşayev Fransadan alınacaq yeni qatarlarla bağlı da danışıb: "Fransadan alınacaq qatarlar mövcud xətlər üçün deyil. Həmin qatarlar yeni tikilən bənövşəyi xətdə, "Memar Əcəmi" – "Avtovağzal" stansiyaları arasında hərəkət edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə