Şahin Camalov: "İnsan alverinin qurbanı tək qadınlar olmur" AÇIQLAMA

Şahin Camalov: "İnsan alverinin qurbanı tək qadınlar olmur" AÇIQLAMA

Bütün dünyada qadınlar, uşaqlar və kişilər cinsi istismar və ya məcburi əmək məqsədilə insan alverinə cəlb olunur. Hazırda daha çox qadınlar insan alverinin qurbanına çevrilir. Həmçinin yetim uşaqların sayının artması xüsusilə azyaşlıların asanlıqla insan alverinin toruna düşmək ehtimalını artırır.

"İnsan alverinin qurbanı tək qadınlar olmur. Bu bəlaya kişilər də düçar olur". Bu haqda SİA-ya İnsan Hüquqları XXI Əsr Fondunun sədri Şahin Camalov açıqlama verib. O, bildirib ki, dünyada insan alverinin qurbanı olan kişilərin daha çox əməyi istismar olunur: "Son zamanlar dünyada kişilərin də insan alverinin qurbanına çevrilməsi məsələsi artıb. Kişilər maddi ehtiyac üzündən insan alveri ilə məşğul olanların toruna düşür. Həmin şəxslər bildirir ki, hər hansı bir xarici ölkədə yüksək məvacibli işçi axtarılır. Müəyyən müddətdən sonra öz ölkəsinə qayıda bilərlər. Maddi ehtiyacı olan insan alverçilərinin bu vədlərinə inanıb doğma ölkələrini tərk edir. Həmin şəxslər xarici ölkəyə gedəndən sonra onların orada sənədləri əlindən alınır və qul kimi işlədilir. Bu tip insanlar öz hüquqlarını bilmədiyi üçün ölkəyə qayıda bilmir. Hesab edirəm ki, insan alveri ilə bağlı məsələ Azərbaycanda çox ciddi narahatçılıq doğuracaq həddə deyil. Təbii ki, müəyyən faktlar mövcud olur və aidiyyatı dövlət qurumları bununla çox ciddi şəkildə mübarizə aparır. Düşünürəm ki, insan alverini qadın və kişi cinsi ilə bölmək düzgün deyil. Hər zaman bununla bağlı mübarizə aparmaq lazımdır. Bu cür hallarının qarşısının alınmasında insanların maariflənməsi əsas şərtlərdəndir. Onlar özlərini maraqlandıran məsələlərə daha diqqətli yanaşmalıdır. Belə bir hallar baş verdikdə kimlərə müraciət etməyin lazım olduğunu bilməlidirlər. Qanunvericilikdə bununla bağlı sərt qanunlar mövcuddur. Onu da deyim ki, insan alverinin qarşısının alınmasında dövlət qurumları ilə yanaşı ictimai sektorun birgə fəaliyyətini daha da aktivləşdirmək əsas məqamlardan biridir. Çünki maarifləndirmə baxımından ictimai sektorun rolu böyükdür. Bir sözlə bu məsələdə dövlət qurumları ictimai sektorlarla sıx əməkdaşlıq etməlidir".

Bütün xəbərlər Facebook səhifəmizdə