"Təmiz Binəqədi – Təmiz İdeya" FOTOLAR

"Təmiz Binəqədi" layihəsi ilk Bakı 2015 Avropa Oyunlarının Bakı şəhərində yüksək səviyyədə keçirilməsi üçün bir töhfədir
"Təmiz Binəqədi – Təmiz İdeya" FOTOLAR

"Biz Avropa Oyunlarını Yay Olimpiya Oyunlarının səviyyəsində keçirmək əzmindəyik. Bu Oyunlar bir Avropa bayramına çevrilməlidir. Azərbaycan burada yenə də liderlik keyfiyyətlərini göstərir. Çünki Avropa Oyunlarının standartları əslində Bakıda qoyulacaq".

Prezident İlham Əliyev

Azərbaycan Respublikası son illər inkişafın ən yüksək mərhələsindədir. Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ölkəmiz bu gün inkişaf baxımından dünya dövlətləri arasında ən öncül yerlərdən birini tutur. Təbii ki, Azərbaycan sosial-iqtisadi cəhətdən dinamik inkişaf etməklə yanaşı, beynəlxalq müstəvidə də nüfuzunu əhəmiyyətli dərəcədə gücləndirib. Cənubi Qafqaz regionunun lideri olan Azərbaycan eyni zamanda, dünyada söz sahibi olan dövlətlərdən biridir. Azərbaycan həyata keçirdiyi proqmatik siyasətlə, eləcə də, müxtəlif qlobal məsələlərdə ortaya qoyduğu mövqeyi ilə beynəlxalq müstəvidə etibarlı tərəfdaş imicini birmənalı şəkildə təsdiqləyib. Məhz bu səbəbdəndir ki, ölkəmiz regionda sülhün və təhlükəsizliyin qarantı kimi çıxış edir, sabitlik adası kimi qəbul olunur. Bütün bunlar qloballaşma şəraitində ölkəmizin dünya birliyində yerinin və rolunun gücləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.

Son illər nüfuzlu beyənlxalq tədbirlərin ölkəmizdə keçirilməsi də bu baxımdan dəyərləndirilməlidir. Beynəlxalq təşkilatların, dövlətlərin tədbirlər üçün ölkəmizi seçməsi də bu faktorlarla bağlıdır. Məlum olduğu ölkəmizdə siyasi, iqtisadi, humanitar tədbirlərlə yanaşı nüfuzlu beynəlxalq idman tədbirləri də keçirilir. Bunlardan ən önəmlisi isə ölkəmizdə keçiriləcək I Avropa Oyunlarıdır.

Xatırladaq ki, Avropa Olimpiya Komitəsi Baş Assambleyasının 8 dekabr 2012-ci il tarixli Qərarı ilə 2015-ci ildə Birinci Avropa Olimpiya Oyunlarının keçirilməsi hüququ Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərinə verilib. 2015-ci ildə Birinci Avropa Olimpiya Oyunlarını Bakı şəhərində layiqincə keçirilməsini təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 17 yanvar 2013-cü il tarixli Fərmanı ilə Təşkilat Komitəsi yaradılıb. Təşkilat Komitəsinə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü Mehriban Əliyeva sədr təyin edilib.

Ötən müddət ərzində respublikamızda Avropa Olimpiya Oyunlarına hazırlıqla əlaqədar böyük işlər görülüb, bir çox olimpiya obyektləri tikilib istifadəyə verilib. Bir qismində tikinti və tamamlama işləri sürətlə davam etdirilir. Eyni zamanda, Bakı şəhərində 12 iyun 2015-ci ildə başlanacaq ilk Avropa Oyunlarına açılış mərasiminə qalan vaxtın hesablanmasına start verilib. Prezident İlham Əliyev və Mehriban xanım Əliyeva hazırlıq işlərini xüsusi diqqət mərkəzində saxlayırlar, görülən işlərlə bağlı müntəzəm surətdə tanış olur və öz tövsiyə və tapşırıqlarını verirlər.

Təbii ki, dünyanın idman tarixində mühüm hadisə olan ilk Avropa Oyunları beynəlxalq ictimaiyyətin xüsusi diqqət mərkəzindədir və onun hansı səviyyədə keçirilməsinə maraq olduqca böyükdür. Bu mənada olimpiya oyunları zamanı ölkəmizə minlərlə xarici qonağın gələcəyi də şübhəsizdir. Bu mötəbər tədbir Azərbaycanın dünyaya yeni bir təqdimatı olacaq və ölkəmizlə bağlı xarici qonaqlarda təssüratlar formalaşdıracaq. Ona görə də Bakı şəhərinin müasirliyi, quruculuq, abadlıq işlərinə xüsusi diqqət yetirilir. Bu baxımdan Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən "Təmiz Binəqədi" layihəsinin həyata keçirilməsi çox təqdirəlayiqdir. Layihənin məqsədi Olimpiya Oyunlarına hazırlıq dövründə rayonun memarlıq görkəmini daha da yaxşılaşdırmaq, qəsəbə və mikrorayonlarda, küçə və məhəllələrdə, park və xiyabanlarda aparılan təmizlik və abadlıq işlərini intensiv və mütəşəkkil formada davam etdirmək, bu işlərə rayon ictimaiyyətini və geniş əhali kütləsini cəlb etməkdir.

1 iyul 2014-cü ildən etibarən Binəqədi rayonu ərazisində mərhələli şəkildə "Təmiz Binəqədi" layihəsinin həyata keçirilməsinə başlanılır.

Layihənin həyata keçirilməsi ilə əlaqədar Binəqədi rayon icra hakimiyyəti başçısı Xaləddin İsgəndərovun 19 iyun 2014-cü ildə müvafiq sərəncamı ilə Tədbirlər Planı təsdiq edilib və Tədbirlər Planının icrasını təmin etmək məqsədilə müvafiq komissiya yaradılıb. Bakı 2015 ilk Avropa Oyunlarının keçirilməsi ərəfəsində 2014-cü ilin iyul ayından Binəqədi rayonunda start götürən "Təmiz Binəqədi" sosial layihəsi ilə əlaqədar bugünədək rayon İcra Hakimiyyəti tərəfindən son 6 ay müddətində xeyli işlər görülüb. Faktlara diqqət yetirək.

Xatırladaq ki, ötən il iyulun 5-də "Təmiz Binəqədi" layihəsinin təqdimatı keçirilib. Tədbir çərçivəsində 9-cu mikrorayon Adil Məmmədov küçəsində yeni istirahət parkının açılışı olub. "Təmiz Binəqədi" layihəsinə start verilməsi ilə əlaqədar sahə və qəsəbə inzibati ərazi dairələri üzrə nümayəndəliklərin, bələdiyyələrin, rayon ərazisində yerləşən bütün idarə, müəssisə və təşkilatların iştirakı ilə iclaslar təşkil olunub, müvafiq izahat verilib. Layihə çərçivəsində görülən işlər kütləvi informasiya vasitələrində işıqlandırılmaqla yanaşı, Binəqədi rayon İcra Hakimiyyətinin rəsmi internet səhifəsində də (binegedi-ih.gov.az) "Təmiz Binəqədi layihəsi" bölməsi yaradılıb və həmin bölmədə Layihə haqqında məlumat və görülən işlər haqqında ətraflı məlumatlar yerləşdirilir.

Layihə barədə ictimaiyyətin məlumatlandırılması da daim diqqət mərkəzində olub. Bu məqsədlə "Təmiz Binəqədi" layihəsinin keçirilməsi barədə 30 000 ədəd bildiriş hazırlanıb, sakinlərə və rayon ərazisində fəaliyyət göstərən təsərrüfat subyektlərinə 20 500 ədəd bildiriş paylanıb. Həmçinin, rayon ərazisində fəaliyyət göstərən müəssisə və təşkilatlarda aparılan monitorinqlər zamanı layihə haqqında məlumat verilib.

"Təmiz Binəqədi" layihəsi ilə əlaqədar 1600 ədəd poster hazırlanıb və paylanıb. Bununla yanaşı, rayon sakinlərinin Müraciət Xidməti 1646-ya gələn zənglər zamanı operatorun layihə barədə avtomatlaşdırılan məlumatın verilməsi, rayon İcra Hakimiyyətinə qəbula gələn sakinlərə bildirişlərin verilməsi, qəbul monitorunda və infoköşklərdə bildirişlərin yerləşdirilməsi və video-roliklərin verilməsi işləri təşkil edilib. Bu proses mütəmadi olaraq davam etdirilir. "Təmiz Binəqədi" layihəsinin keçirilməsi barədə 42 000 nəfər rayon sakininə sms-lər göndərilib. Xüsusilə qeyd olunmalıdır ki, layihənin icrasında xeyli sayda gənclər könüllü olaraq iştirak edirlər. Könüllü gənclərdən ibarət olan qrupla görüşlər keçirilib, 40 nəfər tərkibdə mobil könüllü qrupu yaradılıb. Sosial şəbəkələrdə əhalinin maarifləndirilməsi ilə əlaqədar olaraq, könüllü gənclər tərəfindən videoçarxlar hazırlanıb.

"Təmiz Binəqədi" layihəsinin loqosu 129 ədəd müxtəlif fon görüntüləri ilə sosial şəbəkələrdə geniş yayılıb, layihə ilə əlaqədar sosial şəbəkələrdə 588 ədəd şəkil paylaşılıb, rayon ərazisində olan monitorlarda video çarxlar verilib. Rayon ərazisində fəaliyyət göstərən müəssisə və təşkilatların istismarında olan nəqliyyat vasitələrinə, pərakəndə ticarət obyektləri, həmçinin digər təsərrüfat subyektlərinə poster və loqolar vurulub. Parklarda və yaşıllıq zonalarında işıqlandırılan banerlər yerləşdirilib, Azadlıq prospektində yerləşən keçidin hər iki tərəfində və Rəsulzadə qəsəbəsi ərazisində yerləşən Dəmiryol körpüsünün hər iki tərəfinə "Evimizi təmiz saxlayaq, Binəqədi evimizdir" şüarları ilə reklam banerləri vurulub. Bakı-Sumqayıt yolunun rayon ərazisinə düşən hissəsində "Təmiz Binəqədi" layihəsinə uyğun işıqlı lövhələr asılıb. Rayonun giriş hissəsində Avropa Oyunları loqosu quraşdırılıb.

Onu da qeyd edək ki, ölkəmizdə fəaliyyət göstərən bir sıra böyük şirkətlər də bu layihəyə fəal dəstək verirlər. Belə ki, "Azərbaycan Coca-Cola Botlers Limited" MMC, "Azərsun" Holding, HB.Co.LTD şirkətləri "Təmiz Binəqədi" layihəsinə qoşulub və keçirilən aksiyalarda iştirak ediblər. Nəzərə çatdırmaq lazımdır ki, layihənin həyata keçirildiyi müddətdə müxtəlif xarakterli tədbirlərin, müsabiqələrin və aksiyaların keçirilməsi istiqamətində bir sıra vacib işlər görülüb. Belə ki, rayon ərazisində yerləşən özəl sektora aid olan obyektlər arasında hər qəsəbə üzrə "Ən təmiz obyekt", "Ən təmiz Mənzil-Kommunal İstismar Sahəsi ərazisi", "Ən təmiz uşaq bağçası", "Nümunəvi səhiyyə müəssisəsi", "Ən təmiz məktəb" və "Ən təmiz fərdi ev" müsabiqələri keçirilib və müsabiqənin qalibləri müəyyənləşdirilərək mükafatlandırılıblar. Bu cür müsabiqələr ictimaiyyətin və müxtəlif istiqamətli qurumların təmizlik işinə diqqəti cəlb etmək baxımından böyük əhəmiyyət kəsb edir.

"Təmiz Binəqədi" layihəsi ilə əlaqədar rayon ərazisində bir neçə təmizlik aksiyası da keçirilib. Belə ki, Binəqədi rayonunda yerləşən çimərlik ərazilərində təmizlik aksiyası, 9-cu mikrorayon Adil Məmmədov küçəsində Binəqədi rayon İcra Hakimiyyəti və "Azərsun Holdinq" MMC-nin Azərbaycan Kağız və Karton İstehsalatı Kombinatının birgə təşəbbüsü ilə "Polietilensiz gün" devizi altında təmizlik aksiyası, HB.Co.LTD şirkətinin təşəbbüsü ilə rayonun A.Kunanbayev küçəsini və 7-ci mikrorayonun bir hissəsini əhatə edən təmizlik aksiyası, 8-ci mikrorayon Şövkət Məmmədova, İbrahimpaşa Dadaşov və Nizami Nərimanov küçələrində təmizlik aksiyalarının keçirilməsi buna sübutdur. Aksiyalarda Binəqədi rayon İcra Hakimiyyəti başçısı Aparatının əməkdaşları ilə yanaşı, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının fəal gəncləri aktiv iştirak ediblər.

"Təmiz Binəqədi" layihəsi çərçivəsində 2014-cü ilin avqust ayı ərzində Binəqədi rayonu ərazisində yerləşən şəhid və milli qəhrəmanların büst və barelyefləri rayonun fəal və könüllü gəncləri tərəfindən ziyarət olunub, bu ərazilərdə təmizlik işləri də aparılıb. Layihə çərçivəsində 6 ay ərzində (iyul-dekabr) rayon ərazisində ümumilikdə 63 ünvanda iməciliklər keçirilib. O cümlədən, 10 ümumrayon iməciliyi, Binəqədi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin ərazisində 11, Rəsulzadə qəsəbəsində 9, Biləcəri qəsəbəsində 9, Binəqədi qəsəbəsində 8, Xocasən qəsəbəsində 9, 28 May qəsəbəsində 9 iməcilik keçirilib. İməciliklərdə iştirak edənlərin ümumi sayı 3075 nəfər olub ki, bu da əhali tərəfindən layihəyə verilən önəmin göstəricisidir. Təkcə, ötən il noyabr və dekabr aylarında keçirilən 5 ümumrayon ağacəkmə aksiyalarında 1480 ədəd müxtəlif növ ağaclar əkilib.

Bildiyimiz kimi ölkə rəhbərliyi səviyyəsində yaşıllaşdırma işinə böyük diqqət göstərilir. Bu mənada Binəqədi ərazisində yaşıllaşdırma işlərinin vacibliyi qeyd olunmalıdır. Fakt üçün deyə bilərik ki, layihə çərçivəsində Binəqədi rayonunda Xocasən qəsəbəsində yerləşən M.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının binası ətrafında İDEA İctimai Birliyinin təşəbbüsü və Binəqədi rayon İcra Hakimiyyətinin dəstəyi ilə "Ümumrespublika yaşıllaşdırma" marafonu layihəsi çərçivəsində ağacəkmə aksiyası keçirilib. Belə bir təşəbbüs rayonun 28 May qəsəbəsində də reallaşdırılıb.

Onu da qeyd edək ki, bu layihə ölkəmizə səfər edən xarici qonaqlar tərəfindən də yüksək qiymətləndirilib.

Xatırladaq ki, "Təmiz Binəqədi" sosial layihəsi çərçivəsində Binəqədi rayon İcra Hakimiyyəti, Azərbaycan Velosiped İdmanı Federasiyası, Gənclər və İdman Nazirliyi və "Təbiət Dostları" Gənclər İctimai Birliyinin nəzdində Yaşıl Velosipedçilər Klubunun təşkilatçılığı ilə veloyürüş keçirilib. Tədbir ekolji mühitin qorunması ilə bağlı konfransla davam etdirilib. Konfransda ölkəmizdən olan nümayəndələrlə yanaşı, Türkiyə, Avstriya, Çexiya, Litva, Danimarka və Rusiya təmsilçiləri də çıxış edərək öz ölkələrindəki ekoloji problemlərdən və bunlarla mübarizə yollarından bəhs ediblər. Onlar həmçinin Binəqədi rayonunda keçirilən "Təmiz Binəqədi" sosial layihəsi çərçivəsində görülən işləri, o cümlədən bu veloyürüşün təşkilini yüksək dəyərləndiriblər.

Bütövlükdə görülən işlər KİV-də işıqlandırılıb və ictimaiyyət tərəfindən yüksək qiymətləndirilib.

Xüsusi vurğulamaq lazımdır ki, Azərbaycan hökuməti ilk Avropa Oyunlarının yüksək səviyyədə təşkil olunması üçün bütün imkanlarını səfərbər edib. Bu istiqamətdə möhtəşəm infrostruktur layihələri həyata keçirilir, Bakı İdman Şəhərciyi yaradılır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu mötəbər beynəlxalq idman tədbirinin ölkəmizdə keçirilməsinin əhəmiyyətini dəfələrlə vurğulayıb. Yanvarın 10-da Nazirlər Kabinetinin 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prezident İlham Əliyev bildirib: "Bakıda birinci Avropa Oyunları keçiriləcək. Oyunların keçirilməsinə beş ay qalıb. Təşkilat Komitəsi çox fəal işləyir, bütün vəzifələri icra edir. Bütün dövlət qurumları bu işdə fəal iştirak edirlər. İndi hazırlıq son mərhələdədir. Biz Avropa Oyunlarını Yay Olimpiya Oyunlarının səviyyəsində keçirmək əzmindəyik. Bu Oyunlar bir Avropa bayramına çevrilməlidir. Azərbaycan burada yenə də liderlik keyfiyyətlərini göstərir. Çünki Avropa Oyunlarının standartları əslində Bakıda qoyulacaq. Çünki bu günə qədər belə oyunlar keçirilməyib. Bu oyunlar müxtəlif səviyyədə keçirilə bilərdi. Biz istəyirik ki, bu idman bayramı möhtəşəm dostluq bayramına çevrilsin. Buna böyük ehtiyac var".

Onu da əlavə edək ki, yanvarın 22-də Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə Davosda "Bakı-2015" ilk Avropa Oyunlarının təqdimatı olub. Həmin təqdimatda dünyanın nüfuzlu idman xadimlərinin və digər tanınmış şəxslərin iştirakı, səsləndirilən fikirlər Azərbaycanın dünyada nüfuzlu idman ölkəsi olduğunu bir dahi təsdiqləyir.

Böyük idman tədbirinə qısa bir müddət qalır. Bu müddət ərzində möhtəşəm tədbirin geniş təbliğ olunması, Bakı şəhərinin daha da abadlaşdırılması, müasirləşdirilməsi istiqamətində görülən işlər böyük əhəmiyyət kəsb edir. Bu mənada "Təmiz Binəqədi" layihəsi çox təqdirəlayiqdir. Binəqədi rayon İcra Hakimiyyətinin belə bir ideyası xoşmərama xidmət edir. Ona görə də, layihənin həyata keçirilməsi şəhər ictimaiyyəti tərəfindən yüksək dəyərləndirilir. Çünki bu layihə ilk Avropa Oyunlarının Bakı şəhərində yüksək səviyyədə keçirilməsi üçün bir töhfədir.

Minarə Hacıyeva

"Binəqədi rayon İcra Hakimiyyətinin Bakı 2015 Avropa oyunları ərəfəsində elan olunan "Təmiz Binəqədi" layihəsi çərçivəsində keçirilən müsabiqəyə təqdim etmək üçün"

Bütün xəbərlər Facebook səhifəmizdə