Bu gün Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Bakı Slavyan Universiteti ilə birlikdə Beynəlxalq Holokost qurbanlarının Anım Gününə həsr edilən dəyirmi masa keçirib. SİA-nın məlumatına görə, Mərkəzi Bakı Slavyan Universitetinin konfrans zalında düzənlənən tədbiri Mərkəzin icraçı direktoru Azad Məmmədov giriş sözü ilə açaraq bildirib ki, BMT Baş Assambleyasının 2005-ci il noyabrın 1-də 60/7 saylı qətnaməsinə əsasən hər il yanvar ayının 27-si Beynəlxalq Holokost qurbanlarının Anım Günü kimi qeyd edilir. Azad Məmmədov bildirib ki, tədbir bəşər tarixinin ən dəhşətli faciələrindən olan Holokost soyqırımının nəticələrindən bir daha ibrət götürülməsi missiyasına xidmət edir.
Daha sonra çıxış edən Bakı Slavyan Universitetinin rektoru Asif Hacıyev çıxışında qeyd edib ki, Holokost faciəsinin Azərbaycanda müasirlərin gözü ilə müzakirə edilməsi multikulturalizm dəyərlərinin təzahürüdür. Bu, eyni zamanda Azərbaycan vətəndaşları tərəfindən yəhudi xalqının da tarixinə qiymət verilməsi və acılarını birlikdə bölüşməsi mənasını verir.
Tədbirdə İsrailin Akko şəhərinin meri Şiman Lari "İsrailin Akko şəhərində Azərbaycan icması" mövzusunda məruzə edib. Məruzədə İsrailin Akko şəhərində Azərbaycan icmasının geniş fəaliyyəti, multikulturalizm dəyərlərinin hər iki cəmiyyətə verdiyi töhfələri nəticələri və reallıqlar barədə ətraflı söhbət açılıb.
Dəyirmi masada Azərbaycan dağ yəhudiləri icmasının mətbuat katibi Murad Süleymanov, İsrailli tədqiqatçı Arye Qutan, AMEA-nın İnsan Hüquqları İnstitutunun əməkdaşı Moisey Bekker və Bakı Slavyan Universitetinin Diplomatiya və Xarici siyasət kafedrasının dosenti Sadir Məmmədov məruzələrlə çıxış ediblər.
Dəyirmi masanın sonunda geniş tərkibli tədbir iştirakçılarının maraqlı müzakirələri aparılıb. İştirakçılar belə bir ümumi qənaəti bölüşüblər ki, Holokost və Xocalı faciələri nümunələrindən çıxarılan ən əhəmiyyətli dərslərdən biri çağdaş dünyada anti-semitizm, irqçilik, ksenofobiya, islamofobiya və insanlara kütləvi nifrət aşılayan digər cinayətlərin qarşısının alınmasında multikulturalizm dəyərlərinin dövlət və vətəndaş cəmiyyəti qurumları tərəfindən təşviq edilməsi mühüm əhəmiyyət daşıyır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB