Transxəzərin inkişafı Bakıda müzakirə olunur FOTO

Transxəzərin inkişafı Bakıda müzakirə olunur FOTO

Bakıda Transxəzər beynəlxalq nəqliyyat marşrutunun inkişafı üzrə Koordinasiya Komitəsinin Daimi İşçi Qrupunun 1-ci iclası keçirilir. SİA-nın verdiyi məlumata görə, iclasda Azərbaycan, Qazaxıstan, Gürcüstan və Türkiyə Respublikalarının dəmir yollarının və digər müvafiq qurumlarının rəhbərləri iştirak edirlər.

Tədbiri giriş sözü ilə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Əsgərov açıb. O, qonaqları salamlayandan sonra dəmir yolunda aparılan islahatlar, qarşıdakı perspektiv vəzifələr haqqında geniş məlumat verib.

Sonra "2014-cü ildə Transxəzər beynəlxalq nəqliyyat dəhlizi ilə daşınan yüklərin həcmi və 2015-ci il üçün bu sahə üzrə proqnoz haqqında", "Çin-Türkiyə marşrutu ilə hərəkət edəcək konteyner qatarlarının təşkili və bu layihə çərçivəsində Transxəzər beynəlxalq nəqliyyat marşrutu iştirakçılarının Birgə müəssisə yaradılması haqqında", "Transxəzər beynəlxalq nəqliyyat marşrutu ilə yüklərin nəqli üzrə rəqabətədavamlı kompleks dərəcələrin müəyyən edilməsi haqqında", "Maraq coğrafiyasını və iştirakçıların sayını artırmaqla, həmçinin onun tərkibinə Çin, Mərkəzi Asiya, Qafqaz və Avropa ölkələrinin nəqliyyat şirkətlərini cəlb etməklə Qazaxıstan tərəfinin Komitənin Avrasiya Nəqliyyat Assosiasiyası ilə əvəzlənməsi haqqında təklifi" və digər məsələlərin müzakirəsi başlanıb.

Qeyd edək ki, tədbirin ikinci iş günü iclas komissiyalarda davam etdirilir. İclasın sonunda müvafiq sənədlər imzalanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə