Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) üzv təşkilatlarla iş departamentinin rəhbəri Ülkər Qurbanova Azərbaycanı Türkiyədə keçirilən "İnternetdə İnsan Hüquqları" adlı beynəlxalq tədbirdə təmsil edib. SİA-nın məlumatına görə, ARGTMŞ-ın tərəfdaşı olan Türkiyənin "European Cooperative Youth Network" təşkilatı tərəfindən Avropa Şurasının "Nifrət Nitqinə Yox" Hərəkatı və "Erasmus Plus" Proqramı çərçivəsində təşkil olunan tədbirdə Azərbaycan ilə yanaşı Rumıniya, Gürcüstan, Bolqarıstan, Xorvatiya, Ermənistan və Türkiyə də təmsil olunub.
Tədbirin məqsədi internetdə insan haqları mövzuna dair biliklərin artırılması, "nifrət nitqi" və onun yaratdığı problemlər barədə fikir mübadiləsinin təşkili, iştirakçılara qarşılıqlı anlaşma və mədəni inteqrasiyanın əhəmiyyətinin əyani nümayiş etdirilməsidir. Tədbir həmçinin Avropa ölkələrinin gəncləri arasında tolerantlıq, qarşılıqlı anlaşma və həmrəyliyin təşviq edilməsini nəzərdə tutur.
Tədbirdə mövzuya aid seminarlar, təlimlər və işçi qruplar təşkil olunub, iştirakçı ölkələrdə "Nifrət Nitqinə Yox" Hərəkatı çərçivəsində və internetdə insan hüquqları ilə bağlı görülən işlər üçün təqdimatlar keçirilib. Azərbaycanda bu istiqamətdə görülən işlərlə bağlı keçirilən təqdimat iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb və son illər ərzində bu sahədə görülən işlər haqqında iştirakçılara məlumat verilib.
2014-cü ilin oktyabrında 47 ölkədən, 250-dən çox qonağın iştirakı ilə Qəbələdə keçirilmiş "Nifrət Nitqinə Yox" Forumu iştirakçıların diqqətinə çatdırılıb. Tədbir çərçivəsində keçirilən mədəniyyət gecəsində də Azərbaycan uğurla təmsil olunub. Azərbaycanın qədim mədəniyyətinə dair məlumatlar, milli rəqsləri, mətbəxi, musiqiləri və geyimləri, eləcə də Azərbaycanın cari inkişafını əks etdirən video-çarxlar iştirakçıların nəzərinə çatdırılıb.
Məlumat üçün qeyd edək ki, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası 2013-cü ildən "Nifrət Nitqinə Yox" Hərəkatının Azərbaycan üzrə milli əlaqələndiricisidir. Bu müddət ərzində ARGTMŞ tərəfindən onlayn nifrətlə mübarizə istiqamətində bir sıra yerli və beynəlxalq tədbirlər, kampaniyalar və layihələr həyata keçirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB