İlya Qrişunin: "Avropa Oyunları mənim üçün ən vacib startdır"

İlya Qrişunin: "Avropa Oyunları mənim üçün ən vacib startdır"

Fevral ayı qapını döyür, Avropa Oyunları da gündən-günə yaxınlaşır. Tarixdə ilk dəfə keçiriləcək bu möhtəşəm yarışlar idmanın 20 növünü əhatə edir. Onların sırasında gimnastika növləri, o cümlədən bədii gimnastika, akrobatika, aerobika, qadın və kişi idman gimnastikası, həmçinin batut üzərində tullanma da təmsil olunacaq. Batut üzərində tullanmada Azərbaycanı 4 gimnast – iki oğlan və iki qız təmsil edəcək. Oyunların Proqramına əsasən onlar fərdi və sinxron tullanmalarda çıxış edəcəklər.

Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti Avropa

Oyunlarının mümkün iştirakçısı İlya Qrişunindən müsahibə götürüb.

AzərTAc həmin müsahibəni oxuculara təqdim edir.

- Gimnastika ilə məşğul olmağa başlamağından danış. Nəyə görə idmanın məhz bu növünü seçdin?

- Məni gimnastikaya anam gətirib. Batut üzərində tullanma isə məni özünə elə bağladı ki, bunsuz yaşaya bilməyəcəyimi anladım.

- Necə düşünürsən, idmanın hər hansı digər növü sənə uğur gətirə bilərdi?

- Əlbəttə. Düşünürəm ki, hamısında alınardı. Əgər insanda idman istedadı varsa, deməli, onun idmanın bütün növlərində perspektivi var. Məsələn, mənim idmanın suya tullanmaq, gimnastika, boks, futbol, xokkey... növlərindən xoşum gəlir.

- Səncə idmanın istənilən növündə ən vacib olanı nədir?

- İstək və inad. Ondan sonra rejim və yerdə qalanlar, burada bir çox aspektləri sadalamaq olar.

- Yarış günündə emosiyaların öhdəsindən necə gəlirsən? Özünü ələ almağın xüsusi sirri varmı?

- Son vaxtlar nədəndirsə, həyəcanlanmıram. Öz-özümə deyirəm ki, başqaları da həyəcanlanır. Bu, kömək edir.

- İdmanda kumirin varmı?

- Bəli, bu Norveç biatlonçu Ule-Eynar Byorndalendir. Məni çox təəccübləndirir ki, bu insan qırx yaşında Olimpiadada qalib gəlməyi necə bacarıb. Onun yeddiqat olimpiya çempionu olması faktı isə insanı həm heyrətləndirir, həm də ruhlandırır.

- Yaxın planlarınızdan danışın.

- Avropa Oyunlarında ən azı bürünc medal qazanmaq istərdim. Komanda çempionatında Olimpiada-2016-ya lisenziya qazanmaq arzusundayam.

- Avropa Oyunları sənin üçün nə deməkdir və onlara necə hazırlaşırsan?

- Mənim üçün bu, tam yeni yarışdır. Avropa Oyunlarına çox ciddi hazırlaşıram, çünki bu mənim üçün ən vacib start olacaq. Odur ki, hazırlıq ən yüksək səviyyədə gedir.

Bütün xəbərlər Facebook səhifəmizdə