Evli kişilərlə qaçan qadınlar və itən milli mentalitetimiz ARAŞDIRMA
Son zamanlar, cəmiyyətdə tez-tez rast gəldiyimiz təəssüfedici hadisələrdən biri də ailəli qadınların evdə həyat yoldaşlarını, uşaqlarını ataraq, digər kişi ilə qaçmalarıdır. Baş verən bu cür hadisələrin həm əxlaqla, həm də maddi vəziyyətlə bağlı olduğunu desək yanılmarıq. Yola saldığımız ildə Ağcabədidə 18 yaşlı iki uşaq anasının 44 yaşlı evli kişiyə qoşulub qaçması, Göyçayda, Qusarda, Xaçmazda, Qubada, daha sonra bu il Siyəzəndə 5 uşaq anası 30 yaşlı qadının həyətdə işləyən ustaya qoşularaq qaçması kimi oxşar xəbərlər bu mövzunun aktuallığını bir daha gündəmə gətirdi. Diqqət yetirsək görərik ki, bu cür halların böyük qismi rayon və kənd yerlərində baş verib. Şəhərlə müqayisədə daha çox rayon və kənd yerlərində rast gəlinən bu hadisələr demək olar ki, adi hala çevrilib. Niyə məhz şəhərlə müqayisədə - çünki şəhərdə cərəyan edən yaşam prosesləri daha dolğun, daha intelektli səviyyədə həyata keçirilir. Daha dəqiq desək, burada istər-istəməz maarifləndirici amillərin olması şübhə doğurmur.
Əgər onlar boşanmaq istədiklərini dilə gətirsələr...
Əgər ailədə qadın-kişi münasibətində hər hansı problemlər baş qaldırırsa, cütlük qanun çərçivəsində boşanma prosesini həyata keçirir. Yəni ən doğru yol kimi məhkəməni seçirlər və boşanırlar. Rayonlarda isə bu proses bir qədər başqa cür olur. Belə ki, rayon yerlərində qadınlar öz fikirlərini söyləməkdə çəkinirlər, azad deyillər. Əgər onlar boşanmaq istədiklərini dilə gətirsələr ilk növbədə həyat yoldaşları tərəfindən cəzalanacaqlar, daha sonra valideyinləri, qohumları... Ona görə də özlərini layiq bildikləri, qarşılarına çıxan ilk kişi ilə qoşulub qaçmaqla, xilas yolunu bunda görürlər. Bunun baş verməsində başlıca səbəbin isə şəhərə nisbətən kənd qadınlarının düşüncələrinin daha dar olması, təhsilsizlik amili dayandığını hesab etmək olar. Təhsili başlıca səbəb kimi ona görə göstərdik ki, apardığımız araşdırmalarda bu qadınların heç birinin təhsili olmadığının şahidi olduq. Axı bildiyimiz qədər təhsil milli şüurumuzu formalaşdıran başlıca amildir.
Biz öz səbəblərimizi dedik. Görəsən bu qadınlar atdıqları addımın səbəbini necə izah edirlər? Düşünürəm ki, səbəbi nə olursa olsun, heç bir halda ərli qadının başqasına qoşulub getməsi cəmiyyətdə birmənalı qarşılanmır və onlara heç kim bəraət qazandırmır. Mətbuatda digər kişi ilə qaçaraq özlərinə bir növ çıxış yolu seçən qadınların açıqlamalarında kimisinin maddi durumumun pis olmasından bu addımı atdığını, kimisinin isə öz hisslərinin qurbanı olduğunu söylədiyini görürük. Sanki öz ailəsində xoşbəxt deyilmiş kimi danışan bu qadınların son dayanacaqlarının digər ev, ailə, ocaq deyil, əxlaqsızlıq yuvaları, kafelər, masaj salonlarının əvəzlədiyi hər birimizə məlumdur. Sevgisizliyi, maddiyatı, ailədə zorakılıqla qarşılaşdıqlarını əllərində əsas tutan qadınlar öz həyatlarına biganə yanaşdıqları kimi övladlarının da gələcəyini heçə sayır, onların psixologiyalarına nə qədər ziyan vurduqlarını anlamırlar. Günahsız olan bu uşaqların taleyini necə heçə saymaq olar axı?! Məktəbdə, məhəllədə tanışların, dostların, hətta qohumların sualları ilə qarşı-qarşıya qalır bu məsum uşaqlar. Kimdir günahkar? Qadının mənəvi, maddi boşluğunu ödəyə bilməyən kişi, hər şeyin kökündə pulun dayandığını düşünən qadın yoxsa cəmiyyət...
Artıq təəssüfedici ənənə şəkilini alan olayların nədən qaynaqlandığını, bunların qarşısının alınması üçün hansı tədbirlərin görülməsi zərurəti yaranır və qanunverici orqanda yeni qanun layihəsinin qəbuluna nə qədər ehtiyac duyulduğunu öyrənmək üçün ekspertlərə müraciət etdik.
Millət vəkili Musa Quliyev: "Kişilər öz ailələri üzərində ciddi nəzarət saxlamalıdırlar"
.jpg)
Məsələ ilə əlaqədar Milli Məclisin Sosial Siyasət Komitəsinin sədr müavini Musa Quliyev bununla bağlı hər hansı bir qanun layihəsinin hazırlanmadığını deyib: "Hələlik komitədə belə bir qanun layihəsi hazırlamaq nəzərdə tutulmur".
Millət vəkili qeyd edib ki, əslində bu cür hadisələrin qarşısını almaq üçün ilk növbədə ailə başçıları tədbir görməlidirlər: "Kişilər öz ailələri üzərində ciddi nəzarətini saxlamalı, ailə mühitində bu faktoru daim diqqətdə saxlamalıdırlar. Əks halda cəmiyyətdə bu kimi arzuolunmaz proseslər baş qaldıracaq".
Millət vəkili Qənirə Paşayeva: "Qadınlar belə olduğu halda çox çarəsiz qalırlar"
.jpg)
Milli Məclisin Tovuz rayonundan seçilən deputatı Qənirə Paşayeva isə bu məsələnin təkcə qadınlara şamil olunmadığını deyib: "Ailəsini aldadan, ailəsini tərk edən təkcə qadınlar deyil. Bu siyahıda kişilər daha çox yer tuturlar. Evli halda ailəyə xəyanət cinsindən asılı olmayaraq heç bir halda qəbuledilməzdir. Bunu pisləyirik və cəmiyyət olaraq bu hallardan narahat oluruq. Ümüdvarıq ki, bu halların qarşısını elə qadın və kişilərimiz özləri almağı bacaracaqlar. Əgər ailələrdə hansısa problem varsa, birlikdə evliliyi yürüdə bilmirlərsə ayrılaraq həyatlarına davam edə bilərlər. Ailə institutları ilə əlaqədar bizi narahat edən bir sıra problemlər var. Bu mövzuların doğru şəkildə cəmiyyətə təqdim olunmasını çox vacib hesab edirəm. Bu məqsədlə mütəmadi olaraq millət vəkili seçildiyim rayona səfər edir, oradakı qadınların ailə-məişət problemləri ilə tanış oluram. Bir çoxlarının boşanmağa üz tutduğunu, amma buna baxmayaraq kişi tərəfindən uşaqlarına ayrılan alimentin verilməməsindən şikayət etdiklərini görürəm. Boşanan ailələrdə qadının aliment alması ilə bağlı mexanizmin hazırlanması qanunverici orqanda vacib şərtlərdəndir".
"Qadınlar belə olduğu halda çox çarəsiz qalırlar"-deyə vurğulayan qadın millət vəkili həmçinin bildirib ki, bu faktor da pis nəticələrə aparıb çıxarır: "Ailədə övlad varsa, onu böyüdüb boya-başa çatdırmaq valideyinlərin borcudur. İnsanlar bu məsələlərə çox həssas yanaşmalı, diqqət mərkəzində saxlamalıdrlar. Bu gün televizyaların böyük əksəriyyətində neqativ, problemli ailələr göstərilir. Bu özü-özülyündə müsbət hal deyil. Ən azından nümunəvi ailələri gənc nəslə göstərinlər, onları təbliğ etməyə çalışsınlar. Dünyaya nümunə göstəriləcək ailələr, onların tərbiyyə etdiyi övladlar var Azərbaycanda. Bunları göstərsinlər, bu yöndə ailələr arasında maarifləndirmə aparmağa çalışsınlar. Harada, hansı ailədə xoşagəlməyən hal müşahidə edirlərsə, dərhal onları ekranlara gətirirlər. Bir məsələyə ümumi yanaşmanı doğru hesab etmirəm. Əvvəlcə problemin kökünü araşdırmalı, daha sonra müzakirə etməliyik".
Millət vəkili eyni zamanda gənclərin ailə qurmazdan əvvəl öz məsulliyyətlərini dərk etməli olduqlarını da vurğulayıb: "Gənclər ailə qurmağa sanki ev, maşın, zinət əşyası alırlar kimi baxırlar. Xoşum gəlmir dəyişərəm, xoşum gəlmir ataram. Belə halların nə mentallitetimizə, nə dəyərlərimizə, nə də əxlaq normalarımıza sığmadığını gənclərə aşılamalı, onları ailə məsuliyyətini dərk etməyə çağırmalıyıq".
Psixoloq Təhminə Çələbi: "Bunun çıxış yolu qaçmaq deyil"
Problemlə bağlı psixoloq fikrini də öyrənməyə çalışdıq. Psixoloq Təhminə Çələbi belə hallarda ən çox uşaqların psixoloji zərbə aldığını söyləyib: "Belə bir vəziyyətdə ən çox uşaqlar psixoloji zərbə alırlar. Qadınlar ən çox övladlarının taleyini düşünməli, ona biganə yanaşmamalıdırlar . Əgər ailədə cütlüyün münasibətlərində anlaşılmazlıqlar yaranıbsa, o zaman izdivaclarına ağıllı şəkildə son qoymalıdırlar. Guya milli mentalliteti, əxlaqi dəyərləri nəzərə alaraq boşanmayan qadın əvəzində digər kişi ilə qaçmağı seçir. Bu tamamilə yalnışdır. Çünki əgər sən əxlaqi dəyərləri qoruyub saxlayırsansa, boşanmağı seçmirsənsə və bunun əvəzini belə çıxırsansa bu daha da pis fəsadlara aparıb çıxarır. Bir insanın bir insana əgər sevgisi azalıbsa, ümumiyyətlə aralarında anlaşa bilmirlərsə bunun çıxış yolu qaçmaq deyil".
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB