Şəhidlərimizi Qırğızstanda andılar

Şəhidlərimizi Qırğızstanda andılar

Azərbaycan Respublikasının Qırğız Respublikasında Səfirliyinin "Azəri" İctimai Birliyinin təşkilatçılığı ilə Qırğız Xalqı Assambleyasında Qanlı Yanvar hadisələrinin 25-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib. SiA-nın xəbərinə görə, mərasimdə Qırğız Respublikasının Prezidenti Aparatının, Hökumətinin təmsilçiləri, bu ölkədə akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri, ictimai-siyasi xadimlər, Azərbaycan diasporunun üzvləri və ölkənin kütləvi informasiya vasitələrinin təmsilçiləri iştirak ediblər.

Mərasim başlamadan öncə 20 Yanvar müsibətini özündə əks etdirən foto sərgiyə baxış keçirilib, iştirakçılara press-relizlər təqdim edilib.

Tədbirin açılışında 20 Yanvar müsibətindən bəhs edən "Qanlı Yanvara aparan yol" adlı sənədli film nümayiş olunub.

Azərbaycan Respublikasının Qırğız Respublikasında Fövqəladə və Səlahiyyətli səfiri Hidayət Orucov mərasimi açaraq Qanlı Yanvar hadisələrin şəhidlərinin xatirələrini bir dəqiqəlik sükutla yad edilməsini xahiş edib.

Sonra 20 Yanvar şəhidlərinin və Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olanların ruhu ehtiramla yad olunub, dualar oxunub.

Səfir 20 Yanvar müsibətinin törədilməsi cinayətlərinin yalnız Azərbaycan xalqına qarşı deyil bütün bəşəriyyətə qarşı vandallıq nümunəsi olduğunu əsaslı dəlillərlə mərasim iştirakçılarının diqqətinə çatdırıb.

Səfir bildirib ki, yanvarın 20-də sovet ordu hissələrinin, daxili qoşunların və xüsusi təyinatlı dəstələrin iri kontingentinin Bakıya yeridilərək, xüsusi qəddarlıq və görünməyən vəhşiliklər törədilib, 134 insan qətlə yetirilib, 744 insan yaralanıb, 5 nəfər itkin düşüb və 841 nəfər əsassız olaraq həbs edilib.

Səfir Ulu Öndər Heydər Əliyevin 20 Yanvar müsibətindən dərhal sonra Azərbaycanın Moskva şəhərindəki daimi nümayəndəliyinə gəldiyini və cinayət törədənlərin cinayət məsuliyyətinə cəlb olunmalarını tələb etdiyini söyləyib.

Səfir, 20 Yanvar gününün Azərbaycan xalqının tarixində qanlı fəlakət ilə yanaşı, həm də qəhrəmanlıq salnaməsi kimi iz buraxdığını, hər bir insan ölümünün faciə olduğunu söyləyərək, lakin öz ölkəsinin azadlığı və müstəqilliyi yolunda canından keçən Azərbaycan övladlarının həlak olmaqları ilə qəhrəmanlıq salnaməsinin mühüm bir səhifəsinə tarix yazdıqlarını bildirib.

20 Yanvar 1990-ci ildə Azərbaycan xalqının hərbi, siyasi və mənəvi təzyiqlərə məruz qalsa da öz tarixi qəhrəmanlıq ənənələrinə sadiq olduğunu qeyd edərək Səfir, Vətənin azadlığı və müstəqilliyi naminə ən ağır sınaqlara sinə gərmək, hətta şəhid vermək əzmini bütün dünyaya nümayiş etdirdiyini vurğulayıb.

Sonra çıxış edən Qırğız Respublikası Prezidenti Araratının etnik, dini siyasət və vətəndaşlarla iş üzrə şöbəsinin müdiri Mira Karıbayeva, Türkiyə Respublikasının Qırğız Respublikasında Fövqəladə və Səlahiyyətli səfiri Mətin Kılıç, Qırğız Dövlət Universitetinin rektoru Tolobek Abdıraxmanov, Qırğız-Türk "Manas" Universitetinin rektoru Səbahattin Balcı, Qırğız Respublikasının xalq yazıçısı Mar Bayciyev, Qırğız Xalqı Assambleyasının sədri, akademik Bektemir Murzuibraimov, "Azəri" ictimai Birliyinin sədri Əziz Əliyev, Qırğız Respublikasının əməkdar həkimi Akif Alaferdov, Qırğızstandakı tatar diasporasının üzvü Xariz Turna, həkim Akif Rəfibəyov və başqaları sovet ordusu tərəfindən Bakıda və ölkəmizin bir sıra digər ərazilərində törətdiyi vəhşiliklərdən, bu qanlı müsibətdə, başda Mixail Qorbaçov olmaqla, onların bütün beynəlxalq hüquq normalarına zidd hərəkət etmələri barədə danışıblar.

Səfir Hidayət Orucov tədbiri yekunlaşdıraraq qeyd etmişdir ki, bu ağır cinayət həm də ona görə dərindən öyrənilməli, həmişə xatırlanmalıdır ki, bundan sonra dünyanın heç bir güşəsində bir daha baş verməsin.

Bütün xəbərlər Facebook səhifəmizdə