Bu gün AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində Şərq və Azərbaycan ədəbiyyatı və mədəniyyətinin problemlərinə həsr edilmiş "Risalə" Araşdırmalar toplusunun X cildinin təqdimat mərasimi keçirilib. SİA-nın məlumatına görə, tədbirdə çıxış edən Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynov bildirib ki, muzeyin əməkdaşlarınən elmi araşdırmalarından ibarət "Risalə" toplusu ildə bir dəfə nəşr edilir və məzmunu etibarilə klassik, müasir ədəbiyyat, fəlsəfə, mədəniyyət problemləri, həmçinin muzeyşünaslıq məsələlərini əhatə edir. Qeyd edilib ki, topluda dərc edilən yazılar ən qədim Azərbaycan ədəbiyyatı və mədəniyyətinin aktuallıq kəsb edən ciddi problemləri ilə bir sırada müasir ədəbiyyat və mədəniyyətin müəyyən aktual məsələlərini əhatə etməklə, "Şəxsiyyətlər və yaradıcılıqlar", "Klassik irs- tarixi və nəzəri problemlər", "Yeni və müasir dövrdə ədəbi – mədəni proses", "Tarixi – mədəni abidələrin qorunması və tədqiqi, Muzeyşünaslıq", "Yubileylər, ildönümlər, konfranslar" kimi bölmələrdən ibarətdir. Bundan başqa diqqətə çatdırılıb ki, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi hər il mütəmadi olaraq beş toplu buraxır: "Şərq" tərcümə toplusuna müxtəlif xarakterli mətnlərin əsasən Şərq dillərindən tərcümələri, eləcə də dünyanın məşhur şərqşünas, Azərbaycanşünas araşdırıcılarının Şərq və Azərbaycanla əlaqədar xüsusi dəyər daşıyan yazılarının Qərb dillərindən çevrilmələri daxil edilir. Ənənəvi olaraq "Daşyazmalar", "Səsyazmalar", "Əlyazmalar", "Yaddaşa yazılanlar" kimi bölmələrdən ibarət olan "Qaynaq" toplusunda indiyədək tədqiqatdan kənarda qalmış məxəzlər öz əksini tapır.
"Xəzinə" kataloqlar toplusu olaraq muzeyin fondlarında qorunan, daim ekspozisiyasında sərgilənən görkəmli ədəbiyyat və mədəniyyət simalarının şəxsi fondlarının, ayrı – ayrı kolleksiyaların, müxtəlif arxivlərin müfəssəl təsvirini verir. Toplular sırasının beşincisi olan "Məclis" il ərzində muzeydə keçirilmiş tədbirlərin stenoqrafik ifadəsidir. 2004-cü ildən nəşr olunmağa başlayan "Risalə" araşdırmalar toplusu Nizami muzeyinin ərsəyə gətirdiyi məcmuələr silsiləsindəndir və Ali Attestasiya Komissiyasının təstiq etdiyi nəşrlər sırasında yer almaqdadır. Toplunun bu sayında akademik Rafael Hüseynovun "Klassik irsin min illik təsir dalğası", T Muxtarovanın "Ç. Abdullayev yaradıcılığının özünəməxsus xüsusiyyətləri", İ. Məmmədovanın "M. Gəncəvi tərcüməçisi, şərqşünas alim Pol Smit" və s.məqalələr dərc olunub.


.jpg)

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB