Yanvarın 22-də Lənkəran şəhər Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVİDF) və Lənkəran Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Yerli icra hakimiyyəti orqanları ilə Kütləvi informasiya vasitələri arasında əməkdaşlığın inkişaf etdirilməsi" mövzusunda regional konfrans keçirilib. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, tədbirdə Lənkəran, Astara, Masallı, Lerik, Masallı, Yardımlı, Cəlilabad və Biləsuvar rayonlarında fəaliyyət göstərən kütləvi informasiya vasitələrinin təmsilçiləri, yerli icra orqanlarının nümayəndələri, habelə Bakıda fəaliyyət göstərən bir sıra aparıcı qəzetin baş redaktorları iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov qonaqları salamlayaraq cəmiyyət həyatında baş verən yeniliklərin ictimaiyyətə operativ, dolğun və obyektiv şəkildə çatdırılmasında ölkə KİV-lərinin üzərinə mühüm vəzifələrin düşdüyünü bildirib. İcra başçısı Fondun təşkilatçılığı ilə Lənkəran şəhərində keçirilən konfransın icra hakimiyyəti ilə jurnalistlər arasında sıx və məhsuldar əlaqələrin qurulması, mətbuat-cəmiyyət münasibətlərinin sivil məcrada inkişafı baxımından əhəmiyyətli olduğunu qeyd edib. İcra hakimiyyətinin başçısı ölkə rəhbərliyi səviyyəsində regionların inkişafına göstərilən yüksək diqqət və qayğının nəticəsi kimi son 10 ildə Lənkəran rayonunda həyata keçirilmiş genişmiqyaslı abadlıq və quruculuq işləri barədə tədbir iştirakçılarına geniş məlumat verib.
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli çıxışında tədbirin təşkilinə göstərdiyi köməyə görə Lənkəran rəhbərliyinə təşəkkürünü bildirib. Son illər Lənkəranda həyata keçirilən abadlıq- quruculuq və yenidənqurma işlərini yüksək dəyərləndirən V.Səfərli Lənkəranın simasının əsaslı şəkildə dəyişdiyini vurğulayıb.
Ümummilli lider Heydər Əliyevin medianın inkişafı sahəsində əsasını qoyduğu mütərəqqi siyasətin son 11 ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini deyən V.Səfərli ötən dövrdə ölkə mətbuat işçilərinin rifal halının yaxşılaşdırılması istiqamətində tədbirlərin həyata keçirildildiyini, onlarla jurnalistə fəxri ad və medalların verildiyini xatırladıb.
V.Səfərli jurnalistlərə dövlət hesabına mənzillərin verilməsini dünyada analoqu olmayan müsbət təcrübə kimi dəyərləndirib. Fondun icraçı direktoru ötən illərdə Fondun mətbuatın maddi-texniki bazasının təkmilləşdirilməsi, ölkə jurnalitslərinin sosial vəziyyətinin yaxşılaşdırılması və digər mühüm istiqamətlərdə gerçəkləşdirdiyi layihələr barədə də ətraflı məlumat verib. Bildirib ki, hər ilin yekunlarına görə jurnalistlərlə və Fond ilə sıx əməkdaşlıq edən rəhbər işçilər mükafatlandırılır. 2014-cü ilin yekunlarına görə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşöv Fondun diplomuna layiq görülüb.
V. Səfərli Fondun diplomunu Taleh Qaraşova təqdim edib.
Konfransda "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu "Qlobal informasiya məkanında mediya təhlükəsizliyi", KİVİDF-nin Müşahidə Şurasının üzvü Müşfiq Ələsgərli "İnformasiya əldə etmək haqında qanunvericiliyin tələbləri", KİVİDDF-nin Müşahidə Şurasının sədr müavini, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə "Peşə və davranış qaydalarını pozan "reket jurnalistlər"" barədə çıxış ediblər.
Tədbirdə Cəlilabadda çıxan "Yeni gün" qəzetinin baş redaktoru Böyükxan Bağırov, Lənkəranda nəşr edilən "Lənkəran" qəzetinin baş redaktoru İltifat Əhmədov, Astarada nəşr edilən "Astara" qəzetinin baş redaktoru Azər Abdullayev, "Respublika" qəzetinin bölgə müxbiri Əlisəfa Həsənov mövzu ətrafında fikirlərini bildirib, təkliflərini veriblər.
Sərraf Mirsəfəroğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB