DGK ölkəyə gətirilən mobil telefonların gömrük məntəqələrində saxlanılması məsələsinə aydınlıq gətirib

DGK ölkəyə gətirilən mobil telefonların gömrük məntəqələrində saxlanılması məsələsinə aydınlıq gətirib

"Azərbaycanın gömrük orqanları mobil telefonların ölkəyə gətirilməsi ilə bağlı ciddi araşdırmalar aparır". SİA-nın məlumatına görə, bunu Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini Səfər Mehdiyev jurnalistlərə açıqlamasında bildirib.

S.Mehdiyev deyib: "Hazırda bu barədə danışmaq tezdir. Amma qeyd edilməlidir ki, xüsusilə poçt göndərişləri vasitəsi ilə eyni adda eyni aylarda və müxtəlif dövrlərdə müntəzəm olaraq mobil telefonların ölkəyə gətirilməsi nəticəsində vergidən yayınma faktları aşkar edilir. Bir ay ərzində ölkəyə 8 minə qədər bu cür telefon gətirilib. Bu da təbii ki, ölkənin vergi tutma bazası olan gömrük orqanları qarşısında əsas məsələlərdən biridir ki, elektron ticarət vergidən azad olunmayıb. Elektron ticarət də vergiyə cəlb olunmalıdır. Sadəcə bu istiqamətdə müəyyən zamanlar ərzində araşdırmalar aparılır".

S. Mehdiyev deyib ki, Azərbaycanda narkotranzitlə mübarizə daha da gücləndirilib: "Rüsum və vergilərdən yayınma, saxta sənədlərin təqdim olunması, çox rüsuma cəlb olunan malların gizli saxlanc yerlərində gizlədilərək keçirilməsi cəhdləri ən çox aşkarlanan pozuntulardır. Tranzit bölgədə yerləşdiyimizdən narkotik maddələrin qanunsuz keçirilməsinə qarşı mübarizə gücləndirilib. Sərhədlərdən narkotik vasitələrin, silah-sursat və digər vasitələrin keçirilməsinə cəhd edən şəxslər zaman-zaman Dövlət Sərhəd Xidməti ilə birgə keçirilən əməliyyatlar nəticəsində aşkar olunur. Məhz bunun sayəsində istər narkotranzit, istərsə də silah qaçaqmalçılığına qarşı ciddi mübarizə aparılır".

Bütün xəbərlər Facebook səhifəmizdə