YAP GB-də 20 Yanvar şəhidlərinin xatirəsi anılıb FOTOLAR

YAP GB-də 20 Yanvar şəhidlərinin xatirəsi anılıb FOTOLAR

Bu gün Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin ofisində 20 Yanvar hadisələrinin 25-ci ildönümü ilə əlaqədar tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbirdə 20 Yanvar hadisələrinin canlı şahidi olmuş Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, YAP icra katibliyinin müşaviri Kərim Kərimov, YAP GB-nin sədri Seymur Orucov və digər gənclər iştirak ediblər. İlk olaraq gənclərin hazırladığı 20 yanvar hadisələrini özündə əks etdirən qısa film nümayiş etdirilib.

YAP GB-nin sədri Seymur Orucov tədbiri giriş sözü ilə açaraq 20 Yanvar faciəsinin Azərbaycan tarixində qanla yazılmış bir səhifə olmaqla yanaşı bu tarixin Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günü olduğunu qeyd edib: "Bu, uzun illər Sovet İmperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir. Bu tarix həm də kimin kim olduğunu sübut edən növbəti imtahan idi".

Daha sonra Kərim Kərimov gənclərlə görüşündə o illərə nəzər salaraq, hadisələrin mahiyyətini gənclərə çatdırıb. O, 20 Yanvar faciəsinin Azərbaycan xalqının milli birliyinin idarə əzmini sarsıtmaq üçün törədilən bir faciə olmaqla yanaşı xalqımızın azadlıq istəyinin təcəssümü olduğunu qeyd edib: "Məhz həmin ildə xalqın Ümummilli Lideri Heydər Əliyev xalqının səsinə hər kəsdən əvvəl səs verərək ölkəmizin Moskvadakı daimi nümayəndəliyinə gəldi, təcavüzə kəskin etirazını bildirdi, faciəni törədənləri, şəxsən M.S.Qorbaçovu kəskin ittiham etdi, qoşunların Bakıdan çıxarılmasını tələb etdi. Ulu Öndər Heydər Əliyev 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra ilk olaraq Şəhidlər Xiyabanını ziyarət etdi. Dahi Şəxsiyyətin tapşırığı ilə qısa müddətdə bütün şəhid məzarlarının üstü götürüldü və burada memorial kompleks ucaldıldı. Məhz Ulu Öndərin sərəncamı ilə 20 Yanvar Ümumxalq hüzn günü elan olundu. O tarixin şahidi kimi biz də öz növbəmizdə 20 yanvar faciəsi barədə gənclərə bildiklərimizi çatdırmalı, onların bu tarixi yaddaşlarına həkk etmələri üçün əlimizdən gələni əsirgəməməliyik".

Tədbir diskussiya formatında davam edib.

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə