Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə və Hüquq İnstitutunda 20 Yanvar faciəsinin 25-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib. SİA-nın məlumatına görə, əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra 1988-1990-cı illərin tarixi hadisələrini, xüsusilə Qanlı yanvar faciəsini özündə əks etdirən film nümayiş olunub. Tədbiri açan İnstitutun direktoru, fəlsəfə üzrə elmlər doktoru İlham Məmmədzadə 20 Yanvar faciəsi və onun siyasi mahiyyətindən danışıb.
Dövlət və hüquq nəzəriyyəsi, mülki hüquq və mülki proses şöbəsinin müdiri, hüquq elmləri doktoru, prof. Habil Qurbanov "20 Yanvar faciəsinə hüquqi baxış" adlı məruzəsi ilə çıxış edib. Alim faciəyə tam beynəlxalq hüquqi və siyasi qiymət verilmədiyini, həmin dövrə aid, çox sayda istintaq materiallarının itdiyini bildirib.
Siyasi nəzəriyyələr şöbəsinin aparıcı elmi işçisi, siyasi elmlər üzrə fəlsəfə doktoru Məmmədağa Sərdarov ağır texnikadan və odlu silahlardan istifadə edərək insanlığa qarşı törədilmiş terror aktının Azərbaycan xalqının yaddaşında silinməz iz qoyduğunu söyləyib.
Tədbirin davamında Sosiologiya və sosial psixologiya şöbəsinin böyük elmi işçisi, sosiologiya üzrə fəlsəfə doktoru Səadət Məmmədova Sumqayıt hadisələrindən, şəhərdə törədilən təxribatların səbəb və nəticələrindən söz açıb. Qanlı yanvar faciəsinin qabaqcadan düşünülmüş və planlaşdırılmış şəkildə həyata keçirildiyini vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB