Komissiyada 20 Yanvar şəhidlərinin anım mərasimi keçirilib

Komissiyada 20 Yanvar şəhidlərinin anım mərasimi keçirilib

19 yanvar 2015-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyada 20 Yanvar faciəsinin 25-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib. Qurumun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, tədbiri giriş sözü ilə açan Komissiyanın sədr müavini Vəfadar Misirov bildirib ki, respublikamıza qarşı törədilmiş bu ağır cinayət öz torpaqlarının müdafiəsinə qalxan və eyni zamanda azadlıq uğrunda mübarizə aparan Azərbaycanın və onun məğrur xalqının mübarizlik əzmini qırmağa, bununla da Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsinə şərait yaratmağa yönəlib. 1990-cı ilin 20 Yanvar gününün Azərbaycan xalqının müstəqillik uğrunda mübarizəsini qarşısıalınmaz və dönməz etdiyini vurğulayan V.Misirov qeyd edib ki, öz canını Vətən uğrunda qurban vermiş və şəhidlik zirvəsinə yüksəlmiş insanların xatirəsi qəlbimizdə daima yaşayacaq.

Sonra çıxış edən Komissiyanın baş məsləhətçisi-mətbuat katibi Asəf Əliyev 20 Yanvar və ona aparan yol barədə məlumat verib, qan yaddaşımıza əbədi həkk olunmuş bu günün, eyni zamanda, tariximizin qəhrəmanlıq səhifəsi olduğunu qeyd edib.

Sonda ölkəmizin müstəqilliyi, xalqımızın azadlığı uğrunda canlarını qurban vermiş qəhrəman Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə