Fizika İnstitutunda 20 Yanvar faciəsi anılıb

Fizika İnstitutunda 20 Yanvar faciəsi anılıb

Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutunda 20 Yanvar faciəsinin 25-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. SİA-nın məlumatına görə, tədbiri giriş sözü ilə institutun elmi işlər üzrə direktor müavini, akademik Cavad Abidinov açıb. Vurğulayıb ki, 1988-1989-cu ildən etibarən Azərbaycanda xalq hərəkatı başlayıb: "Hələ Sovet İttifaqı dövründə Ermənistan əzəli Azərbaycan torpağı olan Qarabağa ərazi iddialarını irəli sürürdü. Ermənistan Ali Soveti Dağlıq Qarabağ Muxtar vilayətinin Azərbaycanın təkibindən çıxarılaraq Ermənistana verilməsi haqqında qərar qəbul etmişdi. SSRİ konstitutusiyasında Dağlıq Qarabağ Azərbaycan ərazisi olduğu təsbit olunsa da, hakimiyyət orqanları SSRİ-nin rəhbəri M.Qorbaçov bu qərarların qarşısının alınması üçün heç bir təsir göstərmirdilər. Ona görə də Azərbaycan xalqı ayağa qalxmalı oldu və seperatist çıxışların qarşısının alınmasının, SSRİ dövlətinin konstitutusiya vəzifəsinin yerinə yetirilməsi tələbləri ilə çıxışlar etməyə və meydanlara toplaşmağa başladılar. SSRİ dövləti xalqın hakimiyyətə qarşı çıxışlarını bəhanə gətirərək yanvarın 19-da Bakı şəhərinə qoşunlar yeritdi. Azərbaycan televiziyasının enerji bloku partladıldı".

Cavad Abidinov həmin gecə Bakının müxtəlif rayonlarında sovet əsgərləri tərəfindən 137 insanın qətlə yetirildiyini, 700-dən artıq vətəndaşın yaralandığını bildirib: "20 Yanvarın əsil siyasi qiyməti ümummilli lider Heydər Əliyev hakimiyyətə gəldikdən sonra verildi. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev "20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi haqqında" 5 yanvar 1994-cü il tarixli fərman imzaladı. Bu Fərmanla Milli Məclisə tövsiyə olunurdu ki, 20 Yanvar hadisələrinə tam siyasi-hüquqi qiymət verilsin. Milli Məclisdə müzakirələrin yekunu olaraq 1994-cü il martın 29-da "1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında" qərar qəbul edildi. Qərarda, 1990-cı ilin qanlı 20 Yanvar faciəsinə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verildi". Çıxışının sonunda C.Abidinov vurğulayıb ki, 20 Yanvar şəhidlərinin xatirəsini yaşatmaq və gələcək nəsilləri bu haqda məlumatlandırmaq hər bir vətəndaşın borcudur.

Anım tədbiri Materialşünaslıq labaratoriyasının müdiri Fikrət İsmayılovun çıxışı ilə davam etdirilib. F. İsmayılov 20 Yanvar hadisələrinin şəxsən işitrakçılarından biri olduğunu qeyd edib. O, həmin gün şahidi olduğu hadisələr haqqında söhbət açıb. F. İsmayılov qeyd edib ki, həmin gün Azərbaycan xalqının müstəqillik və and günüdür.

Daha sonra fizika-riyaziyyat elmləri doktoru Hidayət Nuriyev, fizika üzrə fəlsəfə doktoru Suma Hüseynova 20 Yanvar haqqında xatirələrini bölüşüblər. Tədbirin sonunda şəhidlərin xatirəsi bir dəqiqlik sükutla yad edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə