Azərbaycan Respublikasının Təbrizdəki Baş Konsulluğunda 20 Yanvar - Ümumxalq hüzn günü ilə əlaqədar anım mərasimi keçirilib. SİA-nın konsulluqdan aldığı məlumata görə, şəhidlərin xatirəsinin bir dəqiqəlik sükütla yad edilməsi ilə başlanan mərasimdə Azərbaycan Respublikasının Təbrizdəki baş konsulu Əli Əlizadə çıxış edərək 20 Yanvarın Azərbaycan tarixində ümumxalq hüzn günü olmaqla yanaşı, qəhrəmanlıq, qürur və şərəf günü olduğunu, bu tarixin milli azadlıq və istiqlal uğrunda xalqımızın mübarizliyini, əyilməzliyini, məğrurluğunu nümayiş etdirdiyi bir gün kimi yadda qaldığını diqqətə çatdırıb.
Baş konsul bu hadisəni törədənlərin hələ də layiqli cəzalarına çatmadığını, bunun əsas səbəblərinin dünyada ikili standartların mövcudluğu və həmin dövrdə Azərbaycana rəhbərlik edən şəxslərin qətiyyətsizliyindən irəli gəldiyini vurğulayıb. Ə.Əlizadə həmin dövrdə bütün təzyiqlərə baxmayaraq, yerli və xarici kütləvi informasiya vasitələri təmsilçilərinin qarşısında hadisə ilə bağlı yeganə etiraz bəyanatının ümummilli lider Heydər Əliyev tərəfindən səsləndirilməsinin xalqımızın ruhlanması, dünya ictimaiyyətinin məlumatlandırılması və həqiqətlərin ört-basdır edilməsinin qarşısının alınmasında mühüm əhəmiyyətə malik olduğunu vurğulamışdır.
Baş konsul bu hadisələrin həyata keçirilməsində birbaşa rolu olan ermənilərin hələ də utanmadan dünya ictimaiyyətini aldatmağa səy göstərdiklərini, zaman-zaman hətta 20 Yanvar faciəsinə dair fotoşəkillərin də qondarma erməni soyqırımının fotoşəkilləri kimi qələmə verməyə calışdıqlarını, ermənilərin nə qədər təhlükəli olmasının tarix boyu onların Azərbaycan, İran, Türkiyə və digər ölkələrin ərazisində həyata keçirdikləri soyqırım, terror hadisələrinin sübut etdiyini bildirmişdir.
Mərasimdə Baş Konsulluğun əməkdaşları N.Orucəliyev, Ş.Əhmədov da çıxış edərək 20 Yanvar hadisələrinin nəticələri, bu hadisələrin Azərbaycan ədəbiyyatında əks olunmasından danışmış, görkəmli şairlərimizin hadisə ilə bağlı şeirlərindən misralar səsləndirmişlər. Çıxışlardan sonra 20 Yanvar hadisələrindən bəhs edən sənədli film nümayiş etdirilmiş, ehsan verilmiş, mərasim iştirakçıları 20 Yanvar hadisələrinə aid şəkillərdən ibarət foto-stendə baxmış, işğalçı Ermənistan dövlətinin Azərbaycana qarşı terror və təcavüz aktlarını, 20 Yanvar hadisələrini özündə əks etdirən kitab, jurnal, buklet, qəzet və digər əyani materiallarla tanış olmuşlar. Mərasimdə, İran Xarici İşlər Nazirliyinin Şimal-Qərb Nümayəndəliyinin rəhbəri, Şərqi Azərbaycan Vilayətinin dövlət rəsmiləri, yerli kütləvi informasiya vasitələrinin və şəhər ictimaiyyətinin nümayəndələri, Türkiyənin Təbrizdəki baş konsulu və Baş Konsulluğunun əməkdaşları, Təbrizdə yaşayan Azərbaycan vətəndaşları iştirak etmişlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB