Hüseyn Cavidin Ev Muzeyində 20 yanvar faciəsi anılıb

Hüseyn Cavidin Ev Muzeyində 20 yanvar faciəsi anılıb

Qanlı yanvar faciəsinin 25-ci ildönümü ilə əlaqədar AMEA Hüseyn Cavidin Ev Muzeyində "Azadlıq Salnaməsi" adlı anım tədbiri keçirilib. SİA-nın məlumatına görə, tədbir 20 yanvar şəhidlərinin bir dəqiqəlik sükutla anılması ilə başlayıb. Tədbirdə AMEA Hüseyn Cavidin Ev Muzeyinin direktoru, fil.ü.e.d. Gülbəniz Babaxanlı Azərbaycan xalqının 20 yanvar günü göstərdiyi şücaətdən, əliyalın əhalinin tank tırtılları qarşısında aciz qalmasından, vətəndaşlarımıza qarşı göstərilmiş qanlı cinayətdən danışıb. Bu günün Azərbaycan xalqının yaddaşına qəhrəmanlıq, azadlıq salnaməsi kimi yazıldığını qeyd edib. G.Babaxanlı bildirdi ki, xalqımızın Ümmumilli lideri Heydər Əliyev 20 Yanvar faciəsinin baş verdiyi günün səhəri Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə getmiş və millətimizə qarşı törədilmiş ağır cinayətə öz kəskin etirazını bildirib.

Daha sonra muzey əməkdaşları sovet qoşunlarının xalqımıza qarşı həyata keçiridiyi terroru qınayıb. Qeyd edilib ki, 20 yanvar tariximizin Azərbaycanın azadlığı və bütövlüyü uğrunda mübarizə - qəhrəmanlıq səhifəsi kimi daxil olub. Məhz 20 Yanvar faciəsi göstərdi ki, Azərbaycan xalqı həmişə işğalçılara qarşı etirazını bildirib, milli kimliyini, azadlığını, suverenliyini hər şeydən üstün tutub. Azərbaycan gənci xalqımızın başına gətirilən müsibətləri daima yadda saxlamalı, torpaqlarımızın işğaldan azad edilməsi üçün prezidentimizin apardığı siyasəti dəstəkləməli və vətən üçün sipər olmalıdır. Sonda tədbir qısametrajlı "Qanlı Yanvar" filminin nümayişi ilə başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə