"20 Yanvar - Azərbaycan xalqının azadlıq, suveren bir dövlət amalı uğrunda ayağa qalxdığı, xalqın inam və iradəsinin təcəssüm günüdür". Bu sözləri SİA-ya Gənclər üçün Təhsil Mərkəzinin rəhbəri Fəxrəddin Həsənzadə deyib.
Onun sözlərinə görə, tarixdə xalqlara qarşı terror aktlarının dəfələrlə şahidi olmuşuq, amma 20 Yanvar hadisəsi 70 illik tarixi, dünyanın quru ərazisinin 6/1 hissəsini təşkil edən Sovet İmperiyasının Bakı adlı kiçik bir şəhərin əhalisi ilə "döyüş" günü kimi XX əsrin qan yaddaşında silinməz iz qoydu: " Bəli, əslində fəxr ilə bu günü döyüş günümüz kimi qələmə verməyimdə səbəb odur ki, fundamental yanaşsaq həmin gün sözün əsl mənasında Azərbaycan xalqı döyüşdü. İstiqlal savaşında 20 yanvar tarixi xalq hərakatından milli azadlıq hərakatımıza keçidin əsasını qoydu. Bəlkə də Mixail Qorbaçov Azərbaycan SSRİ Konstitusiyasının 71-ci maddəsini pozaraq, yanvarın 20-dən Bakıda fövqəladə vəziyyət elan edilməsi haqqında fərman imzalayarkən Azərbaycan xalqının rəşadət, cəsurluq, qəhrəmanlıq ruhu kimi anlayışlarından xəbərsiz idi. Çünki xalqın vətən və torpaq qeyrəti SSRİ-nin "parçala və hökm sür" prinsipini sözün əsl mənasında alt-üst etdi. Təəssüf ki, 20 Yanvar tarixində xalqımızın qəhrəmanlıq şücaətini dünya ictimaiyyətinə çatdıran hər hansı qəhrəmanlıq filmi çəkilməyib. Şübhəsiz bu film "Cəsur ürək" filmini də geridə qoyardı. Çünki, 20 Yanvar şəhidləri tarixlər arasında 7 əsr fərq olmasına baxmayaraq, həmin filmin sloqanındakı kimi sübut etdilər ki, həqiqətən "hamı ölür, lakin heç də hər kəs kişi kimi ölmür!". Məhz xalqımız həmin gün əliyalın silah qarşısına Sovet ordusunun quldur dəstələrini öldürmək üçün deyil, azadlıq uğrunda ölmək üçün çıxdılar. Çünki öldürmək üçün döyüşən azadlıq əldə etmədən də qayıda bilərdi. Lakin, ölmək üçün savaşan bu azadlığı almadan geri dönməzdi".
O həmçinin qeyd edib ki, böyük bir savaş yolu keçməyimizə baxmayaraq, Qanlı Yanvar hadisələrinə tam siyasi-hüquqi qiymət yalnız 1994-cü ildə - Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra verildi, faciənin günahkarlarının adları açıq şəkildə bəyan edildi: "20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 5 yanvar 1994-cü il tarixli Fərmanı imzalandı. Bu gün onların canı və qanı bahasına biz müstəqil, regionun ən inkişaf etmiş ölkəsinin vətəndaşıyıq. Buna görə hər bir Azərbaycanlı üçün paytaxtın ən hündür məkanında müqəddəs and yerinə çevrilməli bir yer var - Şəhidlər Xiyabanı!. Onların paytaxtın ən uca yerində uyuması bir daha sübut edir ki, onlar hər mənada bizim üçün uca və müqəddəsdirlər.
Ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən Azərbaycan oğul və qızlarının əziz xatirəsini ehtiramla yad edirik. Allah rəhmət eləsin!".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB