Alimlər 20 Yanvar faciəsindən danışdılar

Alimlər 20 Yanvar faciəsindən danışdılar

Yanvar ayının 16-da AMEA-nın Elmi İnnovasiyalar Mərkəzində 20 yanvar faciəsinin iyirmi beşinci ildönümü münasibətilə tədbir keçirilib. Mərkəzdən SİA-ya verilən xəbərə görə, tədbiri Elmi İnnovasiyalar Mərkəzinin Baş direktoru, hüquq üzrə fəlsəfə doktoru Azər Namazov açmışdır. 20 yanvar şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildikdən sonra Azər Namazov bildirib ki, 20 yanvar faciəsindən 25 il ötür. 20 yanvar hadisəsi Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsidir. Bu tarixdə xalqımızın qeyrətli övladları işğalçı sovet ordusu tərəfindən qətlə yetirilib, 132 nəfər şəhid olub, 700-dən artıq vətəndaşımız yaralanıb. Bu tarix xalqımızın faciəsi olmaqla yanaşı, Azərbaycanın müstəqillik tarixinin başlanğıcıdır. Azər Namazov daha sonra çıxışında qeyd etdi ki, 20 Yanvar günündə xalqın səsinə səs verən Ümummilli liderimiz Heydər Əliyev özünün və ailəsinin həyatını təhlükə qarşısında qoyaraq, hadisənin sabahı Azərbaycan SSR-nin Moskvadakı daimi nümayəndəliyinə gələrək faciəni törədənləri, o vaxtkı SSRİ rəhbərliyinin cinayətkar əməllərini pislədi, onları bu faciənin səbəbkarı kimi ittiham etdi. Heydər Əliyev xalqın təkidi və tələbi ilə ikinci dəfə hakimiyyətə gəldikdən sonra 20 yanvar şəhidlərinin xatirəsini əbədiləşdirilməsi ilə bağlı bir sıra mühüm qərarlar verdi. Məhz Ulu öndərin sərəncamı ilə 20 yanvar Ümumxalq hüzn günü elan olundu, bu hadisələrdə sağlamlığını itirən insanlara qayğı göstərildi. Bu gün də Ulu öndərin siyasi kursunun layiqli davamçısı Prezidentimiz İlham Əliyev tərəfindən şəhidlərimizin ailələrinə qayğı göstərilir.

Tədbirdə 20 yanvar hadisələrin canlı şahidlərindən olan iqtisad elmləri doktoru, professor Tərbiz Əliyev, texnika elmləri üzrə fəlsəfə doktoru Mahir Muxtarov çıxışlarında bildirdilər ki, bu qanlı hadisələrdən 25 il keçməsinə baxmayaraq, xalqımız o müdhiş gecəni hər zaman ürək ağrısı ilə xatırlayır, faciəni törədənlərə öz dərin nifrətini bildirir. Xalqımızın qan yaddaşında əbədi yaşayacaq 20 Yanvar faciəsini respublikamız hər il ümumxalq hüzn günü kimi geniş qeyd edir.

Bütün xəbərlər Facebook səhifəmizdə