Ədəbiyyat Muzeyində 20 Yanvar faciəsi yad edildi Fotolar

Ədəbiyyat Muzeyində 20 Yanvar faciəsi yad edildi Fotolar

Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində "Milli hüzn və əzm gününün tarixi dərsləri"mövzusunda elmi sessiya keçirilib. SİA-nın məlumatına görə, tədbirə öncə 20 Yanvar faciəsinin qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanılıb. Tədbirdə çıxış edən muzeyin direktoru, akademik Rafael Hüseynov elmi sessiyanın Azərbaycan Respublikasının Prezidenti Administrasiyası rəhbərinin müvafiq sərəncamı ilə təsdiq olunmuş "20 Yanvar faciəsinin iyirmi beşinci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı"na əsasən təşkil edildiyini bildirdi. O, 25 il əvvəl Azərbaycan xalqının tarixinin ən faciəli səhifələrindən birinə, eyni zamanda qəhrəmanlıq salnaməsinə çevriləm Ümumxalq Hüzn günündən söz açdı. Bildirdi ki, ulu öndər Heydər Əliyev siyasi xəttinin layiqli varisi Prezident İlham Əliyevin başçılıq etdiyi müstəqil Azərbaycn dövləti 1990-cı il yanvarın 20-də baş vermiş faciəli hadisənin qurbanlarının xatirəsinə həssaslıqla yanaşır.

Azərbaycan tarixinin qanlı səhifələrindən birini təşkil edən 20 Yanvar hadisəsinə beynəlxalq aləmdə birmənalı qiymət verilməməsini xatırladan akademik ölkəmizə qarşı ikili standartlara yol verildiyini, müdhiş hadisə zamanı ümumilli lider Heydər Əliyevin çətinliklərə və təhlükələrə baxmayaraq Azərbaycanın Moskvadakı nümayəndəliyinə gələrək faciəyə mövqeyini bildirdiyini, bu qətliamı törədən sovet rəhbərlərinin hərəkətini kəskin şəkildə pisləiyini diqqətə çatdırdı. R. Hüseynov vurğuladı ki, məhz ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü ilin fevral ayında Milli Məclis tərəfindən 20 Yanvar hadisələrinə siyasi qiymət verilib. Çıxışın sonunda R.Hüseynov qeyd etdi ki, bu qırğına baxmayaraq, sovet rejimi Azərbaycan xalqının azadlıq və müstəqillik uğrunda mübarizə əzmini qıra bilmədi. 20 Yanvar hadisələri müstəqilliyə gedən yolun başlanğıcı oldu.

Tədbirdə filologiya üzrə elmlər doktorları Xatirə Bəşirli, Şəfəq Əlibəyli və başqaları 20 Yanvar faciəsi, onun siyasi mahiyyəti barədə məruzə ilə çıxış etdilər. Onlar qeyd etdilər ki, bu hadisə nəinki xalqımızın azadlıq mübarizəsini zəiflətmədi, onu bir qədər də sürətləndirdi.

Bütün xəbərlər Facebook səhifəmizdə