Eyyub Hüseynov: “Bəzi satış nöqtələrində aksizsiz və mənşəyi bilinməyən məhsullar satılır”
Bu gün BMM-də Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov mətbuat konfransı keçirib. SİA-nın məlumatına görə, konfransın məqsədi süni qiymət artımları və bu amilə qarşı mübarizə ilə bağlı olub. Konfransda çıxış edən AİB sədri Eyyub Hüseynov bildirib ki, tarif şurasının qərarına əsasən yanacağın qiymətinin bir neçə gün öncə 2 qəpik artırılması nəticəsində bəzi işbazlar süni qiymət artımı ilə məşğul olurlar. Məhz Prezident İlham Əliyevin şəxsi təşəbbüsü və tapşırığı ilə yanacağın qiymətini yenidən aşağı salınması nəticəsində bu kimi amillərin qarşısı alındı: "Tarif şurasının süni qiymət artımı qısa müddətə müəyyən qiymət artımlarına səbəb olub. Lakin bu qərarın ləğvi hər bir vətəndaşın sevincinə səbəb oldu. Bu faktor bir daha göstəri ki, ölkə Prezidenti Cənab İlham Əliyev sosialyönlü siyasətə üstünlük verərək xalqın rifahının daha da yaxşılaşdırılması istiqamətində addımlar atır. Belə bir məqamda onu da qeyd etmək istərdim ki, yanacağın qiymətinin yenidən aşağı salınması işbazların bu kimi niyyətlərinin qarşısını almış oldu".
AİB sədri Eyyub Hüseynov həmçinin bildirib ki, bu gün super marketlərdə və digər ərzaq satışı nöqtələrində mənşəyi bəlli olmayan məhsullar da satılır: "Bu baxımdan apardığımız araşdırmalardan da gördük ki, bir sıra satış nöqtələrində aksizsiz məhsullar, spirtli içkilər və tütün məmulatları satılır. Belə məhsulların istifadəsi isə ilk növbədə istehlakçıların sağlamlığına zərbə vura bilər. Ona görə də, bizim istehlakçılar birliyi bu ətrafda öz işlərini davam etdirəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB