Yeni Azərbaycan Partiyası (YAP) Suraxanı rayon təşkilatı tərəfindən 20 Yanvar faciəsində şəhid olanların xatirəsinə həsr olunan "Ülvi hislərdən şəhidlik zirvəsinə" adlı tədbir keçirilib. SİA-nın xəbərinə görə, 20 Yanvar şəhidlərinin 25-ci ildönümünə həsr olunan tədbirdə YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, millət vəkili Sevinc Fətəliyeva, Suraxanı rayonu icra başçısının müavini Sevinc Hüseynova, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkilinin (Ombudsmanın) nümayəndələri Yeganə Cəfərova və Mirqalib Mahmudov, xalq artisti Amalya Pənahova və digərləri iştirak ediblər.
Tədbirdə 20 Yanvar faciəsi zaman şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edən YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov bildirib ki, 20 Yanvar faciəsi Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olub. Onun sözlərinə görə, ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənən, Bakının küçələrinə və meydanlarına çıxaraq buna öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı sovet ordusunun döyüş hissələrinin yeridilməsi Azərbaycanda misli görünməmiş faciəyə gətirib çıxarıb: "Həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. Sovet qoşunlarının təcavüzü nəticəsində Bakıda 134 mülki vətəndaş öldürülüb, 600-dən çox adam yaralanıb. 20 Yanvar gününün Azərbaycan tarixində ölkəmizin azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə qəhrəmanlıq rəmizi kimi böyük əhəmiyyəti var. İllər bir-birini əvəz edəcək, nəsillər dəyişəcək , lakin Vətən övladlarının əziz xatirəsi ürəklərdə əbədi yaşayacaq".
Tədbirin davamında söz alan millət vəkili Sevinc Fətəliyeva qeyd edib ki, hər bir xalqın yaddaşında çox dərın iz buraxan, xalqın özünü dərk etməsində dönüş nöqtəsi yaradan hadisələr var ki, bu hadisələr tarixin qanlı səhifələri olmaqla yanaşı , mərdlik , qəhrəmanlıq və şərəf səlnaməsidir. Onun sözlərinə görə, məhz 20 Yanvar faciəsi də bu səlanmələrdən biridir.
Bu qanlı hadisəyə ilk olaraq Ulu Öndər tərəfindən münasibət bildirildiyini xatırladan S. Fətəliyeva vurğulayıb ki, yalnız Ümumilli Lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra 1990-cı ilin qanlı Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verilib: "1994-cü il martın 29-da qəbul edilən qərarda, 1990-cı ilin 20 Yanvar hadisələri Azərbaycanda vüsət almış milli-azadlıq hərəkatını boğmaq, suveren bir dövlət amalı ilə ayağa qalxan xalqın inam və iradəsini qırmaq, belə bir yola qədəm qoyan xalqa sovet hərb maşınının gücünü nümayiş etdirmək məqsədilə totalitar kommunist rejimi tərəfindən hərbi təcavüz və cinayət kimi qiymətləndirildi. Bu qanlı hadisələrdən illər keçməsinə baxmayaraq, xalqımız o müdhiş gecəni daim xatırlayır, bu faciəni törədənlərə öz dərin nifrətini bildirir. 1990-cı ilin yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin müdhiş gecədə həlak olan vətən oğulları Azərbaycanın tarixinə parlaq səhifə yazdılar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar. Ölkə rəhbəri, qətiyyətli liderimiz İlham Əliyevin qeyd etdiyi kimi "İşğal edilmiş bütün torpaqlarda Azərbaycanın suverenliyi təmin edilməlidir və ediləcəkdir!". Bu gün hər kəs, bütün Azərbaycan xalqı həmrəyliyi əməllərimizdə təqdim etməli, ölkə rəhbərimiz İlham Əliyevin ətrafında birləşərək Vətən naminə çalışmalıyıq! Bu müstəqil, güclü dövləti bizlərə ərmağan qoyan insanlar qarşısında bizlərin vətəndaşlıq borcudur".
Çıxış edən Suraxanı rayonu icra başçısının müavini Sevinc Hüseynova qeyd edib ki, 20 yanvar hadisələri, onun buraxdığı acı izlər, Suraxanı rayon sakinlərinin həyatından da yan keçməyib: "Bu gün şəhidlik zirvəsinə yüksələn oğul –qızlarımızın ailələri və həmin hadislərdə xəsrət alan insanların bir qismi bizlərin arasındadır. 20 Yanvar Azərbaycan tarixinə azadlığa aparan gün kimi düşməklə yanaşı, digər tərəfdən yağı düşmənə bəyan etdi ki, Azərbaycan xalqı ərazisinin bir qarışını belə güzəştə getməyəcək. Bu yolda canlarını qurban verəcək , sinələrini sipər edəcək, lakin geri dönməyəcək oğul və qızları var".
Tədbirin davamında Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkilinin (Ombudsmanın) nümayəndəsi Yeganə Cəfərova, xalq artisti Amalya Pənahova, Qadın İnkişaf Cəmiyyətinin Suraxanı rayon bölməsinin sədri, 20 Yanvar hadisələrində şəhid olmuş Xanməmmədova Cəbrayıl Hüseynxanoğlunun həyat yoldaşı Şövkət Xanməmmədova çıxış edərək 20 Yanvar faciəsinin heç bir zaman unudulmayacağını bildirdilər.
Tədbirdə həmçinin məktəblilərin ifasında 20 Yanvar faciəsinə həsr olunmuş şeirlər və vətənpərvərlik mahnıları səslənib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB