"Qara Yanvar Dialoqu" adlı kitabın təqdimatı keçirilib FOTOLAR

"Qara Yanvar Dialoqu" adlı kitabın təqdimatı keçirilib FOTOLAR

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində (BMM) 1990-cı il 20 Yanvar faciəsinin 25-ci ildönümünə həsr olunan "Qara Yanvar Dialoqu" kitabının təqdimat mərasimi keçirilib. SİA-nın məlumatına görə, tədbirdə millət vəkili Musa Qasımlı, Mətbuat Şurasının sədri Əflatun Amaşov, "İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, "SƏS" Media Qrupunun rəhbəri Bəhruz Quliyev və bir sıra KİV nümayəndələri iştirak ediblər.

İlk öncə 20 Yanvar faciəsinin qurbanları bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov tədbiri giriş sözü ilə açaraq 20 yanvar faciəsinin Azərbaycan tarixinin ən qanlı səhifələrindən biri olduğunu və məhz mətbuatın gördüyü işlər sayəsində dünyaya çatdırıldığını qeyd edib. Ə. Amaşov bildirib ki, harada işləməyindən asılı olmayaraq, hansı mətbuat orqanında fəaliyyət göstərməsinə baxmayaraq Azərbaycan jurnalisti xalqını sevən mətbuat nümayəndəsi olub: "O zaman Azərbaycanda informasiya blokadasını yarmaq, xalqımızın dərdinə məlhəm sarmaq məsuliyyəti də məhz Rəfail Nağıyevin, Məzahir Süleymanzadənin, Şakir Yaqubovun rəhbərlik etdiyi jurnalistlər qrupunun üzərinə düşürdü. Onlar "Səhər" qəzetinin matəm nömrəsini 2 milyon tirajla buraxaraq bu işin öhdəsindən şərəflə, ləyaqətlə gəldilər. Məzahir Süleymanzadə və Şakir Yaqubovun müəllifi olduqları "Qara Yanvar Dialoqu" kitabının ictimaiyyətə təqdim olunması ilə qanlı yanvar hadisələrinin görünməyən tərəfləri kifayət qədər açıqlanmış olacaq. O cümlədən həmin vaxtlar ölkə mətbuatında nəşr edilən məqalələr də bu kitabda dərc edilib. Bu baxımdan, Mətbuat Şurasının tövsiyyəsi ilə nəşr edilən kitabı gənc jurnalistlərimizə örnək ola biləcək dəyər kimi yüksək qiymətləndirirəm".

Daha sonra çıxış edənlər iştirakçılara kitabda Yanvar hadisələri ilə bağlı qeyd edilən bədii və sənədli faktlar barədə məlumatlar verərək, kitabın gənc nəslə bir çox gerçəklikləri çatdıracağına ümüd etdiklərini söyləyiblər.

Qeyd edək ki, təqdim edilən kitabın məsləhətçiləri Mətbuat Şurasının sədri Əflatun Amaşov, millət vəkili Musa Qasımlı, redaktoru isə Yusif Kərimovdur.

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə