Yanvarın 15-də Azərbaycan Elmi-Tədqiqat Baytarlıq İnstitutunun iclas salonunda Azərbaycanın azadlıq və müstəqillik mübarizəsi tarixinə qəhrəmanlıq səhifəsi kimi yazılmış 20 Yanvar faciəsinin 25-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti, Epizootiya əleyhinə Respublika Ekspedisiyası, Brusellyoz və Vərəmə qarşı Respublika Ekspedisiyası və Azərbaycan Elmi-Tədqiqat Baytarlıq İnstitutunun əməkdaşlarının iştirak etdikləri tədbirdə əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi Sialə Rüstəmova toplantını açaraq bildirdi ki, bugünkü tədbir Azərbaycan xalqının azadlıq və müstəqillik mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi yazılmış 20 Yanvar faciəsinin 25-ci ildönümünə həsr olunmuşdur. Tədbir "20 Yanvar Faciəsinin 25-ci ildönümünün keçirilməsinə dair Tədbirlər Planı"na uyğun olaraq və kənd təsərrüfatı naziri cənab Heydər Əsədovun göstərişinə əsasən keçirilir.
Xidmət rəisi qeyd etdi ki, 20 Yanvar hadisələri, hər şeydən əvvəl, Azərbaycan xalqının milli oyanışından, azadlıq və müstəqillik mücadiləsindən xəbər verən tarixi bir gerçəklik idi. On minlərlə insanın sovet rejiminin ədalətsiz və riyakar münasibətinə etiraz əlaməti olaraq küçələrə çıxması, haqq səsini ucaltması imperiya ağalarının canına qorxu salmışdı. Məhz buna görə respublikanın o zamankı hakimiyyətinin səriştəsizliyindən istifadə edən mərkəzi hakimiyyət 1990-cı il yanvarın 19-dan 20-sinə keçən gecə Sovet Ordusunun Bakıda yerləşdirilmiş qüvvələri ilə kifayətlənməyərək, şəhərə əlavə qüvvələr cəlb etmiş və Azərbaycana, sözün əsl mənasında, hərbi müdaxilə etmişdir. Əliyalın xalqa tanklardan və zirehli hərbi maşınlardan, avtomat və pulemyotlardan atəş açılmış, günahsız insanlar gülləbaran edilmiş, dinc əhali amansızcasına qətliama məruz qalmışdır.
Natiq bildirdi ki, Azərbaycana bu hərbi müdaxilənin əsas zərbəsi milli azadlıq hərəkatını boğmaq, xalqımızı yenidən əsarət altında saxlamağa yönəlmişdi. Bu qanlı cinayətin miqyası o qədər böyük idi ki, M.Qorbaçov hakimiyyəti heç cür onun izlərini itirmək istəyinə nail ola bilmədi. Faciədən dərhal sonra xalqımızın dahi oğlu, ümummilli lider Heydər Əliyev DTK-nın təzyiq və hədələrinə baxmayaraq, imperiyanın baş şəhərində Azərbaycan nümayəndəliyinə toplaşmış dünya ölkələrinin mətbuat orqanlarının nümayəndələri qarşısında kəskin bəyanatla çıxış edərək bu təcavüz aktını qətiyyətlə pisləmiş və buna siyasi-hüquqi qiymət verilməsini istəmişdi.
20 Yanvar, sözün əsl mənasında, Azərbaycan xalqına qarşı Qırmızı Ordunun törətdiyi qətliam idi. Bu hərbi müdaxilə zamanı ümumilikdə 147 nəfər şəhid olmuş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs edilmişdir.
Həmin gecə tanklar, zirehli transportyorlar Bakı küçələrində qarşılarına çıxan hər şeyi əzir, hərbçilər hər yanı amansız atəşə tuturdular. İnsanlar nəinki küçələrdə, hətta avtobusda gedərkən, öz mənzillərində oturduqları yerdə güllələrə tuş gəlirdilər. Yaralıları aparmağa gələn "təcili yardım" maşınlarını və tibb işçilərinin də atəşə tutulduğunu bir daha yada salan qeyd etdi ki, Azərbaycan xalqı o müdhiş günləri unutmamalı və şəhidlərin əzizi xatirəsi uca tutulmalıdır.
S. Rüstəmova daha sonra bildirdi ki, bu qanlı faciə uzun müddət, hətta, Azərbaycanın özündə belə siyasi qiymətini almamış və onu həyata keçirən insanlar cəzalandırılmamışlar. Yalnız, Ümummilli Lider Heydər Əliyev yenidən hakimiyyətə qayıtdıqdan sonra bu məsələ ali qanunvericilik orqanının müzakirəsinə çıxarılmış və bilavasitə ulu öndərin təşəbbüsü ilə ona hüquqi-siyasi qiymət verilib. 1994-cü il martın 29-da Milli Məclisin iclasında qəbul edilmiş qərarda Azərbaycan dövlətinin rəsmi mövqeyi açıqlanıb, 20 Yanvar hadisələri həm ümumxalq faciəsi, həm də milli azadlıq hərəkatının zirvəsi kimi xarakterizə edilib.
Natiq daha sonra, dövlətin 20 Yanvar faciəsinin qurbanlarının xatirəsinin əbədiləşdirilməsi, 20 Yanvar əlillərinin və şəhid ailələrinin sosial müdafiəsi və digər istiqamətdə göstərdiyi diqqət və qayğıdan ətraflı danışdı və bildirdi ki, Prezident cənab İlham Əliyev də bu insanları daim diqqətdə saxlayır.
Tədbirdə o da vurğulandı ki, ümummilli lider Heydər Əliyevin uzaqgörən daxili və xarici siyasətinin nəticəsində dövlət quruculuğu geniş vüsət almış, iqtisadiyyat dirçəlməyə başlamış, güclü ordu formalaşmış, Dağlıq Qarabağ problemində beynəlxalq aləmdə haqq səsimiz eşidilməyə başlayıb.
Bu gün də bu siyasət Heydər Əliyevin layiqli davamçısı İlham Əliyev tərəfindən uzaqgörənliklə yaradılmış potensiallar hesabına daha yüksək dinamikada davam etdirilir. Dövlətimiz günü-gündən bütün sferalarda qüdrətlənir, Cənubi Qafqazda hərbi-siyasi-iqtisadi güc mərkəzinə çevrilir. Regionda qlobal əhəmiyyətli layihələrin reallaşması yalnız Azərbaycanın iştirakı və dəstəyi ilə mümkün olur. Möhtərəm Prezidentimizin həmişə qürurla qeyd etdiyi kimi, Azərbaycan söz sahibinə çevrilir, onunla hesablaşırlar. Eləcə də ölkəmizin əldə etdiyi nailiyyətlərdə digər sahələrlə yanaşı, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin öz payı olduğu önə çəkilmiş, əhalinin ərzaq təhlükəsizliyinin təminatı sahəsində ölkə başçısı cənab İlham Əliyev tərəfindən qarşıya qoyulan vəzifələrin uğurla icra edildiyi vurğulanıb.
Azərbaycandakı inkişafın nə qədər möhkəm təməllərə söykənməsi qlobal böhran dövründə də sübut olundu. Belə ki, 2010-cu ildən indiyə kimi dünyanın əksər ölkələrində iqtisadi tənəzzül baş verdiyi halda, Azərbaycanda iqtisadi artım davam etmişdir. Məhz irimiqyaslı modernizasiya proqramlarının reallaşdırılmasının və radikal islahatların, eləcə də vaxtında görülmüş adekvat tədbirlərin nəticəsidir ki, dünyanın əksər ölkələrini ağır itkilərə məruz qoyan iqtisadi və maliyyə böhranı şəraitində də Azərbaycan iqtisadiyyatının yüksək dayanıqlılıq və sabitlik nümayiş etdirdiyi qeyd olunub.
Tədbirdə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin əməkdaşları V.Qarayev, S.Məmmədov, Brusellyoza və Vərəmə qarşı Respublika Ekspedisiyasının dəftərxana müdiri Ş. Bəylərova, Azərbaycan Elmi-Tədqiqat Baytarlıq İnstitutunun əməkdaşları A.Yusifov, R.Muradov, Ş. Əliyeva, Y. Seyidov, Q. Sarıyev, Təsərrüfat Hesablı Baytarlıq Təchizatı Birliyinin direktoru F. Bayramov və digərləri çıxış edərək 20 Yanvar faciəsindən ətraflı danışmış və faciənin dünya müstəvisində geniş işıqlandırılmasının vacibliyini önə çəkiblər.
Tədbirin sonunda bir daha vurğulandı ki, xalqımızın həmin faciədə çəkdiyi iztirablara, verdiyi qurbanlara, yaşadığı qanlı faciəyə baxmayaraq, 20 Yanvar bizim təkcə faciə günümüz yox, həm də tariximizin şərəfli səhifəsi olmaqla xalqımızın mübarizlik, qəhrəmanlıq tarixidir. Qeyd olundu ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti və Azərbaycan Elmi-Tədqiqat Baytarlıq İnstitutunun kollektivləri həmişə olduğu kimi, bundan sonrada şəhidlərimizin əziz xatirəsini öz əməli fəaliyyəti və qarşılarında duran vəzifələri uğurla həyata keçirməklə uca tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB