Musa Quliyev: “Azərbaycanda gələn il heç bir sosial proqram təxirə salınmayacaq” MÜSAHİBƏ
Azərbaycan prezidenti İlham Əliyev yanvarın 10-da Nazirlər Kabinetinin 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında ölkəmizin 2014-cü ildə əldə etdiyi nailiyyətlərdın danışıb. 2015-ci ildə ölkə qarşısında qoyulan əsas vəzifələri qeyd edib. Mövzu ilə əlaqədar olaraq Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, millət vəkili Musa Quliyev SəsTv-nin qonağı olub. Müsahibəni oxucularımıza təqdim edirik:
- Prezident İlham Əliyevin Nazirlər Kabinetinin iclasındakı çıxışına diqqət etdikdə 2014-cü ili necə qiymətləndirmək olar?
- Nazirlər Kabinetinin iclasında cənab Prezidentin söylədiyi kimi 2014-cü il Azəbaycan xalqı üçün uğurlu olmuşdur. Baxmayaraq ki, artıq dünyada iqtisadi böhranların yeni dalğası davam edir, bir çox ölkələrdə iqtisadi böhran özünü daha çox göstərməktədir, investisiya qoyuluşları azalmışdır, əmək haqları azalır, sosial proqramlar kəsilir amma Azərbaycandan 2014-cü ildə bunların tamamilə əksini gördük. Yeni inkişaf və yeni uğurlar müşahidə etdik. Bu da təsadüfi deyil ki, 2014-cü ildə bizim iqtisadiyyatımız 3 faiz artdı və onun ən fərəhli tərəfi bundan ibarətdir ki, bizim qeyri–neft sektorumuz daha inkişaf etdi, genişləndi və illik artım 7 faiz təşkil etdi. İnflasiya cəmi 1,4 faiz həcmində oldu və bunun müqabilində əhalinin pul gəlirləri 4,8 faiz artdı və demək olark ki təxminən 3 dəfəyə qədər inflasiyanı üstələdi. Bu da Azərbaycan əhalinin həyat şəraitinə öz müsbət təsirini göstərdi. Əhalinin müavinətləri və pensiyaları vaxtında verildi. Yoxsulluq 5 faizə qədər düşdü. İşsizlik 5 faizə qədər azaldı. Ölkəmizdə demoqrafik proseslər müsbət istiqamətdə gedir. Ötən il ölkəmzidə 160 min nəfər artdı. Bütün bunların hamısı göstərir ki, Azərbaycanın həm sosial – iqtisadi uğurları, həm dövlət təhlükəsizliyi, həm də beynəlxalq imici ötən il ərzində yüksək olmuşdur.
- Cənab Prezident 2015-ci ildə də sosial sahələrin prioritet olacağını bildirib. Bu fikir Azərbaycan üçün hansı uğurları vəd edir?
- 2015-ci il dünya iqtisadiyyatı, ictimai-sosial həyatı üçün gərgin olacaq. Cənab Prezident də söylədi ki, dünyada gedən proseslər, neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi, iqtisadi–sosial böhranın yeni mərhələsinin başlaması, bir çox ölkələrdə müharibələrin davam etməsi və dünyadakı proseslərin çox sürətlə dəyişməsi bütövlükdə içərisində yaşadığımız ilin ağır və çətin il olacağını proqnozlaşdırmağa imkan verir. Bir çox Avropa ölkəsində əmək haqlarının və pensiyaların azaldılması prosesi gedir. Bu da həmin ölkələrdə iqtisadi tənəzzülün göstəricisidir. Eyni zamanda sosial gərginlik yaradan göstəricilərdir. Bütün bunların fonunda Azərbaycanda gələn ilə proqnozlaşdırılan bütün sosial layihələrin davam etdiriləcəyi, Azərbaycan dövlətinin gücünün, qüdrətinin, daxili sabitliyin nə qədər möhkəm olmasının, iqtisadi proqnozlaşdırmanın nə qədər güclü olmasının, dövlətin daxili siyasətində iqtisadi siyasətdə şəxələndirmə siyasətinin nə qədər güclü olmasının, eyni zamanda xalq–rəhbər birliyinin möhkəmliyini göstərir. Cənab prezident də həmin müşavirədə bildirdi ki, Azərbaycanda gələn il heç bir sosial proqram təxirə salınmayacaq. Məktəblər tikilməkdə davam edəcək. Uşaq baxçaları tikiləcək, xəstəxanalar, tibb müəssisələri tikiləcək, yaxud da tikili olanlar əsaslı şəkildə təmir olunacaq. Yeni parklar salınacaq, yollar çəkiləcək, kənd yollarının bərpası və yenidən çəkilişi prosesləri davam edəcək. Eyni zamanda ən böyük sosial layihələrdən biri olan insanların təmiz içməli su ilə təchizatı sahəsində xüsusi proqram işləyəcək.
- Qaçqın və məcburi köçkünlərin sosial vəziyyəti ilə bağlı 2015-ci ildə hansı işlər görüləcək?
- Bu iş də Azərbaycan prezidentin diqqəti mərkəzindədir. İndiyə qədər Azərbaycanda 10 minlərlə mənzillər və yaşayış evləri tikilmişdir. Onlarla qəsəbələr salınmışdır. Qaçqınlar və məcburi köçkünlər üçün kəndlər salınmışdır. Çadır şəhərcikləri, qazma evləri və vaqon evlərini tamamilə unutmuşuq. Bunlar tarixin yaddaşına köçüb artıq. Bu proses davam edəcək, ictimai binalarda yaşayan qaçqın və məcburi kökün bacı-qardaşlarımız var. Onlar üçün də bu proses gələn il də davam edəcək, bununla əlaqədar dövlət büdcəsindən də vəsait ayrılıb. Prezidentin keçirdiyi müşavirədə də bu fikirlər səsləndi.
- 2015-ci ildə sosial yardıma ehtiyacı olan insanlar üçün öz sahibkarlıq biznesini inkişaf etdirilməsi üçün hansı yardımların göstəriləcəyi gözlənilir?
- Bu sahədə islahatlar davam edir. Ünvanlı sosial yardım əslində sosial müdafiənin keçid mərhələsidir. Əsas məqsəd ondan ibarətdir ki, Azərbaycanın əmək qabiliyyətli vətəndaşı işləmək imkanı əldə etsin və öz ailəsinin yaşayışını özü təmin edə bilsin. Bundan ötrü ailələrin sosial reabilitasiyası proqramı mövcuddur. Bu proqram ƏƏSMN tərəfindən işlənilir və gələn ildən etibarın sosial yardımın yeni bir mərhələsinin biz artıq şahidi olacağıq. Bu da ondan ibarətdir ki, həmin ailələrə öz işlərini qurmaq üçün, kiçik bizneslərini açmaqdan ötrü müəyyən, yetərli məbləğdə dövlət tərəfindən vəsait ayrılacaq. O vəsait ola bilər ki heç geri qaytarılmaması məqsədi ilə olsun, yaxud da müəyyən müddətdən sonra öz biznesini qurduqdan sonra geri qaytarmaq şərti ilə verilsin.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB