IDEA İctimai Birliyi və "Sevimli bala" təşkilatı arasında həyata keçirilən əməkdaşlıq çərçivəsində, IDEA və "Sevimli bala" yanvar ayından etibarən 5-12 yaşlı uşaqlar üçün ətraf mühit üzrə maarifləndirmə xarakterli silsilə tədbirlərdən ibarət olan "Uşaqlar üçün ekoloji laboratoriya" adlı birgə layihəyə start verildiyini elan edir. SİA-nın xəbərinə görə, layihənin məqsədi uşaqların ətraf mühit və təbiəti daha yaxşı dərk etməsinə yardım etmək və gənc nəslin təbiətə qayğı hissləri ilə yetişməsinə töhfə verməkdən ibarətdir.
"Kiçik ekoloqların" ətraf mühitin mühafizəsinə marağını daha da artırmaq və bu prosesi əyləncəli etmək məqsədilə, təlimlərin gedişində laboratoriya tədqiqatları aparılacaq, müxtəlif bilik yarışmaları və maraqlı oyunlar təşkil olunacaq, həmçinin kiçik incəsənət nümunələri yaratmaq üçün şərait yaradılacaqdır.
"Uşaqlar üçün ekoloji laboratoriya"nın ilk təlimi cari ilin yanvar ayının 17-də keçiriləcək və qlobal istiləşmə kontekstində buzlaqların əriməsi, dəniz suyunun səviyyəsinin qalxması, heyvanların miqrasiyası və bu hadisələrin təbiətə mənfi təsirinin qarşısının alınması yollarına həsr olunacaq.
IDEA İctimai Birliyinin Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında yerləşən Resurs Mərkəzində təşkil olunacaq "Uşaqlar üçün ekoloji laboratoriya"da iştirak etmək istəyənlərdən IDEA İctimai Birliyi ilə (497-63-16) əlaqə saxlamaları xahiş olunur.
Növbəti təlimlər barədə elanlar mütəmadi olaraq, mətbuatda veriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB