Peşə Təhsili üzrə Yardım Xidməti yaradıldı

Peşə Təhsili üzrə Yardım Xidməti yaradıldı

Gənclər üçün Təhsil Mərkəzinin Qarabağ Regional Ofisi və Ağcabədi Rayon İcra Hakimiyyətinin birgə əməkdaşlığı çərçivəsində "Peşə Təhsili üzrə Regional Məsləhət və Yardım Xidməti" yaradılıb. Mərkəzdən SİA-ya verilən xəbərə görə, bu münasibətlə Ağcabədi rayon Heydər Əliyev Mərkəzində tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan Ağcabədi rayon İcra Hakimiyyəti başçısının ictimai-siyasi və humanitar məsələlər üzrə müavini Naibə Mustafayeva cari ilin fevral ayından fəaliyyətə başlayacaq Məsləhət və Yardım Xidmətinin yaranma zərurəti barədə çıxış edib, görüləcək işlərin əhəmiyyətini vurğulayıb. Bildirib ki, gənclərin ixtiyarına verilən toxuculuq, xalçaçılıq, rəssamlıq, kompüter, musiqi və s. kurslar ödənişsiz əsaslarla fəaliyyət göstərəcək.

Gənclər üçün Təhsil Mərkəzinin icraçı direktoru Fəxrəddin Həsənzadə Xidmətin yaradılması təşəbbüsü ilə bağlı fikirlərini bölüşərək, ilk peşə-ixtisas təhsili müəssisələrini bitirən şəxslərin sayı ilə iqtisadi təlabatın üst-üstə düşmədiyini qeyd edib. Buna görə də yeniyetmə və gənclərin peşə təhsilinə diqqətinin artırılmasını vurğulayıb, regionlarda bu cür Xidmətlərin yaradılmasını vacib hesab edib.

Qeyd edək ki, Xidmətin fəaliyyət göstərməsi üçün zəruri şərait yaradılmış, işçi qüvvəsi cəlb olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə