Vahid Quliyev: "Erməni batalyonunu ərazidən uzaqlaşdırdıq" MÜSAHİBƏ-FOTOLAR
Milli Qəhrəman Vahid Quliyevin SİA-ya müsahibəsini təqdim edirik:
- Vahid müəllim ilk öncə özünüz haqda məlumat verərdiniz.
- Mən 20 sentyabr 1955-ci ildə Cəbrayıl rayonunun Qumlaq kəndində dünayaya gəlmişəm. Orta məktəbi 1972-ci ildə Zəngilan rayonunda Hacallıkənd orta məktəbində bitirmişəm. 1974-cü ildə ordu sıralarına çağırılmışam. Hərbi xidmətimi Özbəkistan Respublikasında və Rusiyanın Obninsk şəhərində başa vurmuşam. 1976-cı ildə Azərbaycan Dövlət Universitetinin fizika fakültəsinə daxil olmuşam.
- Siz əvvəlcə təyinatla Laçın rayonunda müəllim, sonra "Azon" Cihazqayırma zadodunda sahə rəisi kimi çalışmısınız. Daha sonra öz xahişinizləmi cəbhəyə getmək istəmisiniz?
- Bəli, 1981-ci ildə universiteti bitirərək, təyinatla Laçın rayonunun Fərəcan kəndinə göndərildim. 3 il burada müəllimlik etdikdən sonra Bakıya qayıdıb, "Azon" Cihazqayırma Zavodunda sahə rəisi vəzifəsinə işə qəbul edildim. 1992-ci ilə qədər bu zavodda çalışdım və işin öhdəsindən layiqincə gəldim.
Sonra Qarabağda qızğın döyüşlər getdiyi üçün təbii ki, Bakıda qala bilməzdim. Ona görə də 1992-ci ilin may ayında Yasamal rayon Hərbi Komissarlığına gələrək, cəbhəyə göndərilməyimi xahiş etdim. Komissarlıq hələ mənim peşəmə təlabatın olmadığını söyləsə də arzum nəzərə alındı və mən avqust ayında döyüş xəttinə yola salındım.
- İlk döyüş yolunuz neçənci ildə və haradan başladı?
- Sentyabrın 7-də Ağdam istiqamətində döyüşə girdim. Belə ki, Qatır Məmmədin dəstəsinin tərkibinə verildim. Beləliklə sentyabrın 25-də ilk dəfə Xanabad istiqamətində bizim qoşunlar itirilmiş Fərrux dağını geri qaytarmaq üçün hücuma keçmişdilər. Həmin dövürdə erməniyə məxsus 2 ədəd tank bizim qoşunları güclü atəşə tuturdu. Mən həmin tanklardan birini vurdum. İkincisi isə geri çəkildi. Bununla da həmin gün dəstəmizin uğurlu nailiyyəti oldu. Beləliklə erməni yaraqlılarının hücumunun qarşısı alındı. Onu da deyim ki, Laçın koridorunun genişlənməsi və ermənilərin Qubadlı və Laçın rayonlarının yaşayış məntəqələrinə hücumlarının intensivləşməsi ilə əlaqədar olaraq ilk dəfə bu texnikadan təcrübəm olduğu üçün məni oktyabrın 14-də Qubadlıya göndərdilər. Burada da düşmənin bir neçə döyüş texnikasını və xeyli canlı qüvvəsini sıradan çıxardım.
- Bildiyiniz kimi həmin dövrdə Ağdamda və Qubadlıda döyüş olmağına baxmayaraq sovet tanklarında və silhlarından istifadə olunurdu. Bu ordumuz üçün təhlükəli deyildimi?
- Sovet vaxtı bizə verilən silahlar sıradan çıxmışdı. Ruslar bizə verdikləri tank əleyhinə idarə olunan raket komplekslərin hamısının idarəetmə blokunun mikrosxemlərini doğramışdılar. Zavoddan da mütəxəssis çağıraraq toxunulmamış kimi istifadəmizə vermişdilər. Bir həftə həmin texnikanın üzərində çalışdıqdan sonra bəlli oldu ki, yararsızdır. Həmin dövrdə hərbçilərimiz ruslara çox inanırdı. Bizim hərbi hissəyə azərbaycanlı komandir Sumqayıtın keçmiş hərbi komisarının müavini gəlmişdi. Onun müavini isə Bakı rusu idi. Həmin insanı komandir müavini götürmüşdülər ki, o, bizi öyrətsin. Mənim də bu işlərdən anlayışım olduğu üçün komandirdən xahiş etdim ki, texnikaları açıb baxmağımıza icazə versin. Rus isə mənə kinayə ilə "Gedin açın onsuz da başınız çıxmayacaq" cavabını verdi. Həmin maşınların da hər yeri zavod möhürü ilə möhürlənmişdi. Açıb baxdıq. Lakin idarəetmə blokunu açanda gördüm ki, bütün mikrosxemlər doğranıb. Hətta bəzi qırıntılar da qalmışdı. Mən də təbii ki, azərbaycanlı polkovnik İsrafilovun yanına gedib, məruzə etdim.
Müharibə gedişində əsgərləri öyrədib növbəti maşınları cəbhəyə çıxarırdıq. Bir müddət Qubadlı-Laçın sərhədindəki Qaralar kəndinin qərargahında yerləşən Laçının bir neçə kəndini ermənilər almışdı.
Ən uğurlu döyüş əməliyyatnız hansı olub?
- Qubadlının işğalı ərəfəsində yəni 1993-cü il avqustun 28-də erməni-rus hərbi birləşməsi bizim mövqeyimizə hücum etdi. Onların içərisindən Ərəbistandan gəlmiş erməni əsilli qaradərililər də var idi. Həmin gün 30 nəfərə qədər əsgər və zabitimizin üzərinə bir batalyondan çox düşmənin əsgər və zabiti, 4 tank və 2 piyadanın döyüş maşını ilə hücum etdilər. Hətta düşmən bizə gözləmədiyimiz mövqedən yəni arxadan hücuma keçdi. Düşünün ki, bütün toplar bir ildiki yerə tam bərkiyib. Bunu çevirmək üçün bizə bir sutka lazım idi. Onun atma bucağı isə 75 dərəcədir. Yəni arxanı görmür. Döyüşdə cəmi bizdə 2 qumbara atan, digərləri isə avtomat atanlar idi. Həmin gün mən düşmənin iki tankını məhv etdim. Bununla da onlar geri çəkilməyə məcbur oldular. Döyüşdə bizim iki əsgərimiz şəhid oldu, iki zabitimiz ağır yaralandı. Düşmənin isə 25-30 əsgəri məhv edildi.
Bir dəfə döyüşdə mən və əsgər Zeynalov düşmənin geri çəkilməsinə nail olduq. Döyüş zamanı səngərdən çıxmaq qeyri-mümkün idi. Mən onları gözlədim ki, qarşıma keçsinlər. Çünki onlar elə yerdə idi ki, aramızda 150-200 metr məsafə var idi. Maşının atış məsafəsi isə 400-500 metrdən 5 kilometrə qədər idi. Çox yaxından da ata bilmədim. Gözlədim ki, atəş məsafəsindən uzqaqlaşsın. Əgər atsaydım, sadəcə yerimi bildirib özümü məhv edərdim. Belə olan halda bizimkilər qayadan keçdilər və texnika orada qaldı. Onlar da bizi silah atəşinə tutdular. Səngərdə isə əsgər Zeynalov və mən idim. Düşmən elə bildi ki, burada böyük qüvvə var və irəliləməyə qorxdular. Biz həmin an səngərə girdik və səngərin müxtəlif yerlərindən düşmənə atəş açmağa başladıq. Biz səhərə qədər orada tək qaldıq. Səhər 5-də biz tərəfdən bir maşın gəldi. Həmin zabit mənə söylədi ki, səbirli olun indi sizə kömək gələcək. Səhərə yaxın 2 avtobusla dolu adam gətirildi. Onlardan öyrəndim ki, həmin şəxslərin bəziləri Beyləqan Yol Polisinin əməkdaşları idi. Digərləri isə sıravi gənclər idi. Bir sözlə döyüş əhval-ruhiyyəsi olmayan insanları yığıb gətirmişdilər. Səhər oyananda isə gördüm ki, artıq heç kim qalmayıb. 2 avtobus kişinin gizli qaçdığının şahidi olduq. Erməni ilə ara məsafəmiz 300-500 metr idi. Sonra texnika səsi ətrafa yayıldı. Düşündüm ki, ermənilər hücuma keçirlər. Lakin sonradan səsin uzaqlaşdığını gördüm. Bir sözlə iki nəfər erməni batalyonunu ərazidən uzaqlaşdırmağa qadir oldu.
- Bəllidir ki, Qarabağ döyüşlərində torpaqlarımızı itirə-itirə gedirdik. Bəs nə isə əldə edə bildik?
- Yeganə qazancımız o oldu ki, biz yerdə qalan torpaqlarımızı əlimizdə saxlaya bildik. Çünki həmin dövrdə biz siyasi gərginlik yaşayırdı. Bununla yanaşı rus ordusu emənilərə yaxından kömək edirdi. Bir məsələni də xüsusilə diqqətinizə çatdırım ki, 2000-ci illərin əvvəllərində rus kanallarındakı verilişlərdən birində rus əsgərinin anası ayağa qalxıb "Mən oğlumu Rusiyanı qorumağa göndərmişdim. Nə üçün oğlum ermənilərin marağını qoruyub Qubadlının Civili kəndinə gedib şəhid olmalı idi". Həmin vaxta qədər Qubadlıda döyüşməyimə baxmayaraq orada belə bir kəndin olduğundan xəbərim yox idi.
- Döyüş zamanı erməni tərəfdən əsir alınmışdı?
- Əlbəttə ki, erməni əsirləri də olub. Onu da deyim ki, əsirlərlə söhbət zamanı onların necə ikiüzlü millət olduqlarını daha yaxşı anlayırsan. Yaşamaq üçün hər cür satqınlığa yol verirlər. Təki canları xilas olsun.
Döyüş zamanı yaddaşınızdan çıxarda bilmədiyiniz hadisə olubmu?
- Ən çox itki verdiyimiz yer Qubadlıdır. Həmçinin ermənilər Zəngilan rayonunun Şayıflı qəsəbəsinə hücum edib, oranı almışdılar. Həmin kənddə bir neçə əsgərin başı kəsilmişdi. Qubadlı rayonunun işğalının özü mənə çox pis təsir etdi.
Ermənilər böyük qüvvə ilə Qubadlının hər tərəfdən hücuma keçmişdilər. 1993-cü il, avqustun 31-də ermənilər Qayalı kəndi yaxınlığında 10-15 nəfər adam döyüşürdü. Beləliklə ermənilər hücum etdilər. Yeganə Qubadlının özünə düşən preval açıq qalmışdı. Yaxınlaşanda onların bir tankını vurdum. Bir müddət atəşə tutulduq. Sonra ikinci tankını vurdum. Bu zaman bizim iki vertalyot havaya qalxdı ki, düşməni bombalasın. Həmin an ermənilər bizim vertalyotun birini vurdular, digəri isə atəş aça bilməyib geri qayıtdı. Sonra tanklarının vurulduğunu görüb ermənilər canlı qüvvə ilə hücuma keçdilər. Bu zaman məcbur olub geri çəkildik. Camaat qapısını bağlayıb Qarzian körpüsü tərəfə qaçırdı. O zamankı Qubadlı rayonunun hərbi hissəsinin komandanlığı gələn texnikanı kəndin kənarına yığırdı.
- Nə üçün döyüş vertalyotu ehtiyac olan zaman, yəni müharibə vaxtı qorxub geriyə çəkildi?
- Hər bir texnikanın əks silahı da var. Düşünürəm ki, həmin təyyarəçilər də azərbaycanlı olmayıblar. Çünki həmin dövürdə rus mütəxəsislərindən istifadə olunurdu. Bəzən elə olurdu ki, bizim vertalyotlar düşməni vurmaq yerinə gəlib Ağdamda bizimkiləri bombalayıb gedirdilər. Həmin zamanlarda ruslara həddən çox inam var idi. Sevindirici haldır ki, hazırda hər sahədə peşəkarlarımız fəaliyyət göstərir.
- Milli Qəhrəman adını nə zaman almısınız. Bu xatirənizdə necə qalıb?
- 1994-cü il martın 28-də ermənilər yenidən hücuma keçdilər. Bir gündə 5 tanklarını məhv etdim. Beləliklə mənə verilən sənəddə 8 tank, 2 PDM (piyada döyüş maşını) vurduğuma görə (Əslində daha çox düşmən texnikası məhv etmişdim) 1994-cü il 9 noyabr tarixində Azöərbaycanın Milli Qəhrəman adı verildi. Həmin vaxt artıq Atəşkəs imzalanmışdı. Mən isə Orta Qərvəntdə atəş mövqeyində idim. Axşam saat 17:00-da radioda xəbərləri dinləyirdim. Radiodan eşitdim ki, Ordu Günü münasibətilə Ümummilli Lider Heydər Əliyevin Fərmanı oxunur. Fərmanda mənim də adım çəkildi. Əslində inanmadım. Çünki döyüş mövqeyində olduğum üçün mənə heç bir məlumat verilməmişdi. Nəhayət 2 gündən sonra Bakıya çağırıldım. Komandir-polkovnik Vaqif İsrafilov məni sıranın qarşısına çıxardaraq təbrik edib, cənab prezidentin Fərmanını təqdim etdi. Azərbaycanın keçmiş müdafiə naziri, general-polkovnik Səfər Əbiyev məni yanına çağıraraq təbrik etdi. Sonra komandirim mənə bildirdi ki, artıq cəbhəyə getməyimə ehtiyac yoxdur. Mən isə öz xahişimlə yenidən cəbhəyə getmək istədiyimi bildirdim. Komandir mənə bir həftə məzuniyyət verdikdən sonra cəbhəyə qayıtmağıma icazə verdi. Ailəm də mənim döyüş bölgəsinə qayıtmağıma bir mənalı olaraq müsbət yanaşdılar. 1996-cı ildə gördüm ki, artıq hər şey qaydasındadır və döyüş yoxdur. Buna görə də Müdafiə Nazirliyindən Bakıdakı Hərbi hissələrdən birinə yaxud da məsləhət bildikləri işə göndərilməyimi xahiş etdim ki, valideyinlərimə baxa bilim. Beləliklə, Bakı Dövlət Universitetinin hərbi kafedrasına müəllim təyin etdilər və 2000-ci ilə qədər BDU-da müəllim işlədim. Hazırda iki övladım var. Övladlarımın gələcəkdə hansı peşəyə yiyənməklərini onların öz öhdələrinə buraxmışam.
- Milli Qəhrəman kimi deyə bilərsinizmi nə etməliyik ki, əzəli torpaqlarımızı düşmən tapdağı altından xilas edək?
- Bu gün Cənab Prezidentimiz İlham Əliyev də çıxışlarında qeyd edir ki, vaxtı yetişəndə torpaqlarımızı azad edəcəyik. Bəllidir ki, Ermənistanın arxasında Rusiya kimi nəhəng dövlət dayanır. Çünki, Ermənistan Rusiyanın dayaq nöqtəsidir. Onu daim əlində saxlamaq istəyir. Bu gün istər əsgərlərimiz, istər zabitlərimiz, istərsə də dinc əhalimiz prezidentimizin arxasında durub və hər zaman Dağlıq Qarabağı işğaldan azad etməyə hazırdırlar. Ancaq bunun üçün şərait yaranmalıdır. Erməni ilə tək qaldığımız halda heç şübhəsiz, maksimum 1 həftəyə biz torpaqlarımızı tamamilə işğaldan azad edə bilərik. Əminəm ki, tezliklə torpaqlarımız erməni vandalizmindən xilas olacaq.



Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB