Nazirlik xəbərdarlıq edib

Əmək Məcəlləsinə edilmiş dəyişikliyə əsasən əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya sistemində müvafiq bildirişin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. SİA-nın məlumatına görə, həmin Qanunla əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə daxil etmək işəgötürənin vəzifəsi kimi müəyyən edilib.

Belə ki, əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi üçün işəgötürənlərin və ya onların səlahiyyət verdiyi şəxslərin gücləndirilmiş elektron imzası, o cümlədən ASAN İmza olmalıdır. Vergi ödəyiciləri ASAN İmza sertifikatı üçün nömrəni Azərbaycanın hər üç mobil operatorunun nümayəndəliklərindən 18 manat ödəməklə əldə edə və vergi ödəyicilərinə xidmət mərkəzlərinə yaxınlaşmaqla müvafiq sertifikatı ala bilərlər. Bundan sonra əmək müqavilələri elektron informasiya sisteminə daxil edilə bilər. Vergilər Nazirliyi vergi ödəyicilərinin nəzərinə çatdırır ki, işəgötürənlər tərəfindən əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi Vergi Məcəlləsinin 58.10-cu, İnzibati Xətalar Məcəlləsinin 53.1-ci və Cinayət Məcəlləsinin 162-1-ci maddələri ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur.

Bütün xəbərlər Facebook səhifəmizdə