Gənclərin problemləri müzakirə edilib Fotolar

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunda sosioloq Cavid Şahmaliyev və psixoloq Tariyel Faziloğlunun gənclərlə görüşü keçirilib. SİA-nın məlumatına görə, görüşdə Azərbaycan Müəllimlər İnstitutunun tələbələri, Bilik Fondunun könüllü gəncləri iştirak ediblər. Tədbirin keçirilməsində əsas məqsəd gənclərin sosial və psixoloji problemlərinin müzakirəsi olub.

Çıxışı zamanı sosioloq Cavid Şahmalıyev bildirib ki, bu gün cəmiyyətimizdə gənclərin sosial problemləri mövcuddur, bunun səbəbi isə müstəqillik əldə edildikdən sonra cəmiyyətimizə inteqrasiya edən informasiya selinə hazırlıqsız yaxalanmağımızdır: "Azərbaycan müstəqillik əldə edənə qədər tamam fərqli bir sosioloji quruluşa sahib olub. Belə ki, ailə institutunun güclü olduğu müstəqillik illərinə qədər, gənclər fərqli psixologiya ilə yetişdiriliblər. Lakin müstəqilliyin əldə edilməsi ilə ölkəmiz iqtisadi inkişaf tempini artırıb, dünyaya açılıb. Bunun nəticəsində də ölkəmizə güclü informasiya seli daxil olub. Gənclərimiz isə buna hazırlıq yaxalanıb. Hazırda isə gənclərimiz müstəqillik illərinə qədər tərbiyə olunmuş valideynləri tərəfindən idarə edilirlər. Bu da yeni fikirli gənclər üçün keçmişlə bu günümüz arasındakı sosial münasibətlərdə qırılmalarla müşahidə olunur".

Daha sonra çıxış edən psixoloq Tariyel Faziloğlu gənclərin yaşadığı problemlərdən danışıb. O vurğulayıb ki, bəzi gənclərimiz universitetə daxil olmağı bütün problemlərin həll edilməsi və nailiyyətlərin əldə edilməsi kimi başa düşür: "Bu gün gənclərimiz hesab edirlər ki, valideynlərionlar üçün hər şeyi etməyə borcludurlar və buna görə də bəzi gənclərimiz valideynlərinə arxalanıb heç bir iş görmək istəmirlər. Məsələn, bəzi abituriyentlər düşünürlər ki, əgər universitetə daxil olarsa bununla bütün problemlər həllini tapacaq. Əslində isə belə deyil. Ali məktəbi bitirmək hər şey demək deyil. Əsa məsələ işə götürüldükdən sonra çalışıb təcrübə toplamaq və peşəkarlaşmaqdır".

Tədbir, bu günkü gənclərin sosial və psixoloji problemləri aradan qaldırmaq üçün hansı işlər görməsi ilə bağlı müzakirəsi ilə davam etdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə