Ümummilli Lider Heydər Əliyevin "Səs" qəzeti haqqında fikirləri:
- "Səs" qəzeti artıq tarixə düşmüş bir qəzetdir. "Səs" qəzeti mənim üçün çox əziz qəzetdir. 1990-cı ilin fevral ayında, Azərbaycanda kommunist hakimiyyəti dövründə mən Ali Sovetdə çıxış edəndən sonra mənim çıxışım, - xatirinizdədir, o vaxt mənim çıxışımı hörmətdən salmağa çalışdılar, onu dərc etmək də istəmirdilər, amma mənə lazım idi ki, o, dərc olunsun, - "Səs" qəzetində dərc edildi. Mən Naxçıvanda işləyərkən bizim bir neçə tədbirlərimiz barədə yazıları "Səs" qəzetində dərc edə bildik. Nəhayət, "Səs" qəzeti "91-lər"in müraciətini dərc edib, mənim cavabımı dərc edibdir. Ona görə "Səs" qəzeti bizim partiyanın tarixində ən mötəbər yer qazanmış bir qəzetdir. Görürəm ki, son vaxtlar özünün xüsusiyyətini itirmədən modernləşir, yaxşılaşır. Arzu edirəm ki, daha da modernləşsin və yaxşılaşsın.
Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP Sədrinin müavini- İcra katibi Əli Əhmədov:
- "Səs" qəzetinin meydana gəlməsi o zaman Azərbaycan cəmiyyətində, sözün həqiqi mənasında, insanların ehtiyac duyduğu yeni bir səsin eşidilməsi demək idi. Təbii ki, hər bir yenilik cəmiyyətdə müqavimətlə üzləşir. "Səs" qəzeti yaradılanda ruspərəst qüvvələr tərəfindən təzyiqlərlə üzləşdi. Ona görə ki, bu qəzet müstəqillik ideyasının carçısı idi. Digər tərəfdən "Səs" qəzeti Heydər Əliyev ideyası ətrafında insanların toplaşmasına xidmət edirdi. "Səs" qəzeti bütün təzyiqlərə sinə gərə bildi. İnsanların bu qəzetdə yazılan yazılara, təbliğ etdiyi ideyalara böyük ehtiyacı var idi. Belə hesab edirəm ki, "Səs" qəzeti şərəfli bir tarix keçmişdir və geriyə dönüb baxsaq, görərik ki, bu qəzet nə qədər çətinliklərlə üzləşmişdir. Ümumiyyətlə, mən belə hesab edirəm ki, müasir Azərbaycan mətbuatını "Səs" qəzetindən ayrı təsəvvür etmək mümkün deyil. Eyni zamanda, "Səs" qəzeti özünün təkcə tarixi ilə öyünmür. Həm də Azərbaycanın mətbuat orqanları içərisində bu gün də özünəməxsus yeri var və öz missiyasını şərəflə həyata keçirir. Güman edirəm ki, uzun illər bundan sonra da bu missiyanı uğurla həyata keçirəcəkdir. Eyni zamanda, "Səs" qəzeti Cənab Prezident İlham Əliyevin həyata keçirdiyi geniş, əhatəli və arqumentləşmiş siyasətinin təbliği ilə məşğul olur.
Ölkəmizdə mətbuat sahəsində baş verən dəyişikliklər "Səs" qəzetində də özünü göstərir. Hesab edirəm ki, "Səs" qəzeti daha maraqlı çıxır, problemlər daha çox yer alır. Problemlərlə bağlı "Səs" qəzetinin kollektivi fikir mübadiləsi apara bilir və fikirlərini ifadə etmək imkanına malikdir. Bütün bunlar göstərir ki, "Səs" qəzeti diqqət mərkəzindədir. Digər bir tərəfdən "Səs" qəzetinin nəzdində "Səs" İnformasiya Agentliyi yaranıb. Bunun özü də hadisələri daha ətraflı işıqlandırmaq, daha operativ şərh etmək, daha məqsədəuyğun şəkildə fəaliyyət göstərmək imkanlarını artırmışdır. "Səs", bütövlükdə, Azərbaycanın ictimai fikrinin formalaşmasında böyük rol oynayır. Bütün bunlar "Səs" qəzetinin Azərbaycan cəmiyyətində özünəməxsus yer tutduğundan xəbər verir.
Sizin geniş oxucu auditoriyanız var. Bunun daha da genişlənməsini sizlərə arzu edirəm. Mən arzu edirəm ki, siz rəqabət mübarizəsindən uğurla çıxasınız. Arzu edirəm ki, "Səs" qəzeti hər zaman Azərbaycan mətbuatı sıralarında olsun, oxucular bu qəzeti səbirsizliklə gözləsin və "Səs" qəzeti özünə daha da layiqli yer tutsun.
YAP İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov:
- O dövürdə Ulu Öndər Heydər Əliyevin ideyalarını təbliğ edənlər dəfələrlə təzyiqlərə məruz qalırdılar. "Səs" qəzetinin Baş redaktoru Ağəbəy Əsgərov dəfələrlə Respublika Prokurorluğuna və Bakı Şəhər Prokurorluğuna çağırılmışdı. Ona xəbərdarlıqlar olunub, həbs olunacağı barədə hədələrə tuş gəlib. Məqalə müəllifləri prokurorluğa çağırılırdı və onlara deyilirdi ki, siz Heydər Əliyev haqqında yazmayın. Onları hədələyirdilər ki, Naxçıvandakı hadisələri qəzet səhifələrinizdə işıqlandırmayın. Hətta elə olurdu səhifələr ağ şəkildə çap olunurdu. Həmin dövrdə ən əsas materiallar "Səs" qəzetində çıxırdı. "Səs" qəzetində "91-lər"in Ulu Öndər Heydər Əliyevə müraciətinin verilməsi cəmiyyətdə bomba kimi partladı. Həmin vaxt "Səs" qəzetində Əli Əhmədovun, Zahid Qaralovun, Kərim Kərimovun, Murtuz Ələsgərovun yazıları çap olunurdu. Bu yazılar o vaxtkı iqtidarı silkələyirdi. "Səs" qəzetinə hər gün yüzlərlə, minlərlə insanlar rayonlardan gəlirdilər və saysız-hesabsız məktublar göndərirdilər. "Səs" qəzetinin o vaxt maddi imkanları olmasa da, kollektiv xalqla bərabər Ulu Öndər Heydər Əliyevə müraciət edir və Onun gəlməsini yeganə çıxış yolu, Azərbaycanın qurtuluş yolu hesab edirdi. Bütün bunlar xalqın fədakarlığı nəticəsində mümkün oldu. Təzyiqlərə, hücumlara, qəddarlığa tab gətirən "Səs" qəzeti daha cəsarətli oldu, öz yolundan dönmədi. Xalqa və Ulu Öndər Heydər
Əliyevə olan məhəbbət onları bu mübarizədən qələbə ilə çıxardı. Heydər Əliyevə, Onun Azərbaycanın xilaskarı olduğuna inananlar öz yollarından dönmədilər. Bir şeyi də qeyd edim ki, "Səs" qəzetinin əvvəlki işçilərinin əksəriyyəti hələ də qalmaqdadır. Bu, çox yaxşı haldır. Qəzet var ki, 2-3 aydan bir kollektivi dəyişir və tez-tez biri gəlib, biri gedir. Ulu Öndər Heydər Əliyev bütün qurultaylarda, partiyanın yubileylərində, İdarə Heyətinin yığıncaqlarında ən azı 4-5 dəfə "Səs" qəzetinin adını çəkirdi və onun fəaliyyətinə qiymət verirdi. "Səs" yeganə qəzet idi ki, təkbaşına mübarizə aparırdı. Ümummilli Liderimiz Heydər Əliyevə, millətimizə, dövlətçiliyimizə qarşı yazılan yazılara ən kəskin cavab verən "Səs" qəzeti idi.
Ölkədə gedən sosial-iqtisadi inkişaf, həyata keçirilən quruculuq işləri, Prezidentin apardığı daxili və xarici siyasətçi ilə bağlı, o cümlədən, seçki prosesi ilə əlaqədar "Səs" qəzeti YAP-ın şəhər və rayon təşkilatlarında aparılan təbliğat-təşviqat kampaniyası dövründə bütün bu sahələrlə bağlı geniş məlumatlar veribdir. Bu gün "Səs" qəzeti regional siyasətdə, dövlətçiliyin müdafiə olunmasında, sosial-iqtisadi siyasətdə öndə gedir və bütün bu məlumatları ictimaiyyətə çatdırır.
Mən özümü bu kollektivdən ayırmıram. Bütün kollektivə bir daha uğurlar arzulayıram, tutduqları bu düzgün mövqedə, yolda daima inkişaf etsinlər və Azərbaycanın qorunmasında, Prezident siyasətinin müdafiəsində, necə ki, bu işləri başlamışdılar, elə də davam etdirsinlər.
YAP Mətbuat Xidmətinin rəhbəri, partiyanın Siyasi Şurasının üzvü Hüseyn PAŞAYEV:
- "Səs" qəzeti Azərbaycan mətbuatında özünəməxsus rolu və yeri olan qabaqcıl media qurumlarından biridir. Öz dəst-xətti və prinsipləri ilə mətbuatın inkişafına müstəsna töhfələr verən, Azərbaycan mediasında yeni dəyərlər yaradan "Səs" dövlətimizin milli maraqları, cəmiyyətin ali dəyərləri əsasında fəaliyyət göstərməkdədir. Mənim üçün çox əziz olan bu qəzet xalqımızın Ümummilli lideri Heydər Əliyevin zəngin siyasi irsini, ideyalarını və Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasəti uğurla təbliğ etməklə Azərbaycanın milli inkişafına, qüdrətinin daha da artmasına spesifik töhfələr verir.
Mən doğma "Səs" qəzetinin kollektivini qəzetin 24 illiyi münasibəti ilə təbrik edir, bu qabaqcıl media qurumuna ali dəyərlərə söykənən fəaliyyətində mütəmadi uğurlar diləyirəm.
"İki Sahil" qəzetinin kollektivi adından Baş redaktor, əməkdar jurnalist Vüqar Rəhimzadə:
- Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə təsis olunan Yeni Azərbaycan Partiyasının məqsəd və məramının, Proqram və Nizamnaməsinin təbliğində, partiyanın yerli təşkilatlarının formalaşıb, sayının artmasında da "Səs" qəzetinin xidmətləri danılmazdır. Bu gün Ümummilli Lider Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdlirilməsi nəticəsində Azərbaycanın bütün dünyada qüdrətli dövlət kimi tanınmasının, ölkədə aparılan quruculuq işlərinin təbliğində yaxından iştirak edən "Səs" əsl mənada dövlətçiliyin möhkəmlənməsində, sağlam vətəndaş cəmiyyətinin formalaşmasında özünəməxsus sədaqətlə ümumxalq rəyinin ifadəsinin əsl tribunasına çevrilmişdir. "Səs" bu gün də tutduğu yolu uğurla davam etdirir. Fəaliyyətini müasir dövrün, dünya mətbuatının tələblərinə uyğun təkmilləşdirən "Səs" respublikada yaranmış söz, mətbuat azadlığından istifadə edərək oxucularını yeni, maraqlı məlumatlarla tanış edir.
Qəzet əməkdaşlarının təşəbbüsü kimi yüksək dəyərləndirilən və mütəmadi olaraq keçirilən dəyirmi masalarda müzakirəyə çıxarılan mövzular aktuallığı ilə diqqəti cəlb etməklə oxuculara bələdçilik funksiyasını da ləyaqətlə yerinə yetirir. Siyasi, iqtisadi, sosial məsələlərin müzakirəsinə həsr edilmiş dəyirmi masalarda hər bir oxucu özü üçün maraqlı olan suallara mütəxəssislərin araşdırmaları və təhlilləri hesabına cavablar tapır, ümumilikdə dolğun məlumatlar əldə edir.
Biz də ömrünün "gənclik illərini yaşayan", ikinci onilliyini mühüm uğurlarla arxada qoyan "Səs"-in sevincinə qoşulur, qəzetin uzun illər baş redaktoru olmuş, ürəyi daim "Səs"-lə döyünən və hazırda "Azərbaycan" nəşriyyatının Baş direktoru Ağabəy Əsgərov və qəzetin hazırkı Baş redaktoru Bəhruz Quliyev başda olmaqla bütün əməkdaşlarını yubileyləri münasibətilə təbrik edir, onlara uğurlar arzulayır və deyirik: 100 yaşında da səsiniz belə gur, mətin və qətiyyətli eşidilsin, oxucularınız bol, qələminiz iti, yolunuz işıqlı olsun. Daim xoş xəbərlər müjdəçisi olasınız!
"Yeni Azərbaycan" qəzetinin Baş redaktoru Hikmət Babaoğlu:
- "Səs" qəzeti müstəqil Azərbaycan mətbuatının inkişafı tarixində özünəməxsus rolu olmuş mətbu orqanlardandır. "Səs" hər zaman öz xüsusi mövqeyi, işi və dəsti-xəttilə fərqlənmiş qəzetlərdən biridir. Mətbuatımızın inkişafında xüsusi yeri olmaqla yanaşı, "Səs" qəzeti ölkəmizdə baş verən mürəkkəb kataklizmlər dövründə ictimai rəyin düzgün əsaslarda formalaşmasına, Azərbaycan xalqının, dövlətçiliyinin maraqlarına və Ulu Öndər Heydər Əliyevin ideyalarının pərvəriş tapmasına xidmət edən bir mövqe tutmuşdur.
Mətbuatımızın ən çətin vaxtlarında, demək olar ki, gündəlik mətbuatın olmadığı bir zamanda Azərbaycanın geniş oxucu kütləsinin çox maraqla, həvəslə növbəti nömrəsinin nəşrini gözlədiyi qəzetlərdən biri də məhz "Səs" qəzeti olmuşdur. "Səs" qəzeti, eyni zamanda, çox sayda jurnalistlərin Azərbaycan mətbuatına vəsiqə qazanmasına xidmət etmişdir. Bu mənada, "Səs" qəzetinin 20 illik yubileyi məni çox sevindirir. Ona görə də, çox şadam ki, bir jurnalist kimi püxtələşdiyim dövrün böyük bir hissəsi, məhz mənə doğma olan "Səs" qəzetilə bağlıdır.
"Səs" qəzetinin 24-cü ildönmü bütün Azərbaycan mətbuatı ictimaiyyətinin və ilk növbədə, mənim və rəhbərlik etdiyim kollektivin də bayramıdır. Bu münasibətlə, "Səs" qəzetinin Baş redaktoru, hörmətli ziyalımız Bəhruz Quliyevi, eyni zamanda, qəzetin kollektivini təbrik edirəm və gələcək fəaliyyətlərində onlara uğurlar arzulayıram. Eyni zamanda, Azərbaycan mətbuatının inkişafında xüsusi xidmətləri olan, öz mənəvi dəstəyini "Səs" qəzetindən əsirgəməyən, bu qəzetin birinci Baş redaktoru olmuş hörmətli Ağabəy Əsgərovu da təbrik edirəm.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB