Şərəf və əqidə yolu keçmiş "SƏS"

Azərbaycanın müstəqilliyi ilə yaşıd olan "Səs" qəzetinin yaranmasından 24 il ötür
Şərəf və əqidə yolu keçmiş

"Sən demə iki balaca otaqda da dövrün nəbzini tutan bütün problemlərə fədakarlıqla sinə gərən qəzet buraxmaq olarmış"

Ümummilli Lider Heydər Əliyev

Müstəqil Azərbaycanın müasir mətbuat tarixində öz dəst-xətti ilə seçilən, fəaliyyətə başladığı gündən xalqımızın azadlıq arzularına səs verən "Səs" qəzetinin yaranmasından 24 il ötür. "Səs" qəzeti bütün bu illər ərzində təkcə cəmiyyətin informasiya ilə təmin olunması funksiyasını yerinə yetirməmiş, eyni zamanda, Azərbaycanda ictimai fikrin obyektiv və düzgün əsaslarla formalaşması sahəsində böyük xidmətlər göstərmiş, gərgin mübarizədə müstəqilliyini bərpa edən ölkəmizin siyasi sisteminin milli maraqlara uyğun qurulmasında mühüm rol oynamışdır.

Tarixə düşmüş qəzet haqda ümumi məlumat

"Səs" ictimai-siyasi qəzeti 1990-ci ilin noyabrında "Əlincə" Azərbaycan Xeyriyyə Cəmiyyətinin orqanı olaraq qeydiyyatdan keçib, 1991-ci il yanvarın 11-də dərc olunmağa başlayıb. Qəzetin ilk redaksiyası AMEA-nın Fizika İnstitunun 6-cı mərtəbəsində olub. Fəaliyyətə başladığı vaxtdan həftədə 2 dəfə 8 səhifə həcmində və 5-10 min arası tirajla dərc olunub. 1992-ci ildən tirajı 15 mindən yuxarı olub, 1993-cü ildə isə 25 minə çatıb. 1994-cü ildən 16 səhifə həcmində çap olunub, 1998-ci ildən etibarən gündəlik dərc olunmağa başlayıb.

1991-ci ildən etibarən qəzetin səhifələrində tanınmış şəxslərin məqalələri dərc olunub. Onlardan bəziləri: Ramiz Mehdiyev, Əli Həsənov, Əli Əhmədov, Siyavuş Novruzov, Ziya Bünyadov, Fərəməz Maqsudov, Əli Nağıyev, Murtuz Ələsgərov, Bəxtiyar Vahabzadə, Məlik Dadaşov, Xəlil Rza Uluturk, Kərim Kərimov, Səyyad Aran və başqaları.

Yarandığı vaxtdan Ulu Öndər Heydər Əliyevin müdafiəçisi rolunda çıxış edib, Onun Naxçıvandakı fəaliyyətini ölkə ictimaiyyətinə çatdırıb. Qəzetin 1991-93-cü illər saylarında Ulu Öndər Heydər Əliyevin müsahibələrini və onun haqqında məqalələri, həmçinin, ölkə parlamentindəki çıxışlarını oxucularına təqdim edib. Ulu Öndərin xarici mətbuata verdiyi müsahibələri tərcümə edərək, ölkə ictimaiyyətinə çatdırıb.

"Səs" qəzeti YAP-ın bazası rolunu oynayıb və partiya yarandıqdan sonra onun əsas mətbu ruporu kimi fəaliyyətini davam etdirib. Partiyanın bəyanatlarını, yığıncaqlarını və sair tədbirlərini öz səhifələrində geniş işıqlandırıb. 1992-ci il oktyabrın 16-da ölkənin 91 nəfər tanınmış ziyalısının Heydər Əliyevə müraciəti və oktyabrın 24-də Ulu Öndərin həmin müraciətə cavabı "Səs" qəzetində dərc olunub. Ümummilli Lider hakimiyyətə gəldikdən sonra "Səs" qəzetini özü üçün doğma qəzet adlandırıb və qeyd edib ki, "Səs" qəzeti tarixə düşmüş bir qəzetdir.

Ulu Öndər Heydər Əliyevin prezident seçilməsindən və YAP-ın hakimiyyətə gəlişindən sonra qəzet ölkənin ictimai həyatında daha böyük rol oynamağa başlayıb.

Qəzetdə ölkədəki mövcud problemlər və onların həlli yolları haqda müxtəlif ziyalıların, mütəxəssislərin yazıları, müsahibələri dərc olunub. Həmçinin, dövlətin, prezidentin və partiyanın fəaliyyəti haqda xəbərlərin, dünyada və ölkədə yaşanan proseslərin ictimaiyyətə çatdırılması missiyasını davam etdirib.

Müstəqil Azərbaycanın ilk qəzetlərindən biri olan "Səs" qəzeti hazırda da eyni kursu davam etdirir və ölkə mətbuatında özünün xüsusi yeri ilə seçilir. Qəzet dövlət və xalq arasında münasibətlərin daha da yaxınlaşması, cəmiyyətin maarifləndirilməsi üçün, mütəmadi olaraq, media layihələr həyata keçirir. Əlamətdar tarixi günlərdə qəzetin xüsusi buraxılışları, multimedia diskləri və digər əlavələri buraxılır.

"Səs" qəzetinin yaranma zərurəti nədən meydana çıxdı?

"Səs" qəzetinin yaranma tarixi, onun məramı 1990-cı illərin hadisələri ilə, Azərbaycanda milli-azadlıq hərəkatının başlaması ilə bağlıdır. Hərəkatın ilk dövrlərində ermənilər tərəfindən dağıntılara məruz qalan sərhədyanı rayonlara, kəndlərə kömək etmək və insanların yurd-yuvalarını tərk etmələrinin qarşısını almaq üçün Azərbaycanın bir qrup ziyalısı məhrum akademik Fərəməz Maqsudovun rəhbərliyi ilə "Əlincə" Azərbaycan Xeyriyyə Cəmiyyətini yaratdılar. Cəmiyyətin İdarə Heyətində görülən işləri, aparılan təbliğatı, ölkədə gedən prosesləri və digər məsələləri geniş ictimaiyyətə çatdırmaq üçün qəzet nəşr edilməsinin vacibliyi vurğulandı. O dövrdə müstəqil qəzet dərc etmək çətin olsa da, milli mənafelər naminə qəzet yaratmaq məqsədəuyğun sayıldı. Belə qərara gəlindi ki, insanların səsini Azərbaycanın hər yerinə, dövlət strukturlarına çatdırmaq üçün nəşrə başlayacaq qəzetin adı "Səs" qoyulsun. Beləliklə, 1991-ci il yanvarın 11-də "Səs" qəzeti nəşrə başladı. Qəzet fəaliyyətə başladığı dövrdə çox böyük işlər gördü.

O dövrdə ölkə regionları arasında Naxçıvan daha çətin durumda idi. Bu bögənin problemlərini, insanların üzləşdikləri çətinlikləri real şəkildə geniş ictimaiyyətə çatdıran yeganə mətbu orqanı isə "Səs" qəzeti idi. "Səs" qəzeti o zaman Azərbaycanda daha çox oxunan, bir nömrəli qəzet sayılırdı. Bütün insanlar, xüsusilə də, ölkədə gedən ictimai-siyasi, proseslərdən real, düzgün məlumat əldə etmək istəyənlər "Səs" qəzetini oxuyurdular.

"Səs" qəzeti tarixi qəzetdir. Onun xalq və dövlət üçün göstərdiyi fəaliyyətinin ən yüksək qiymətini Ümummilli Liderimiz Heydər Əliyev verib. Ulu Öndər Heydər Əliyev çıxışlarında, o cümlədən, Yeni Azərbaycan Partiyasının qurultaylarında "Səs" qəzetinin fəaliyyətini yüksək qiymətləndirib. Çünki "Səs" qəzetinin Yeni Azərbaycan Partiyasının formalaşmasında xüsusi rolu olub. Müstəqillik tarixinə ziyalı hərəkatı kimi düşən "91-lər"in müraciəti, Heydər Əliyevi müdafiə edən ziyalıların məqalələri də məhz "Səs" qəzetində dərc olunub.

YAP-ın mətbu ruporuna çevrilən qəzet

"Səs" qəzetinin keçdiyi tarixi yolu, onun fəaliyyətini bütün hallarda Yeni Azərbaycan Partiyasının fəaliyyətindən ayrı təsəvvür etmək mümkün deyil. Başqa sözlə, "Səs" YAP ilə ortaq tarixi inkişaf yolu keçib, həlledici məqamlarla partiyanın məqsəd və məramlarının geniş ictimaiyyətə çatdırılmasında müstəsna rol oynayıb. Azərbaycanın müstəqilliyinin ilk illərində bu böyük risq və böyük cəsarət tələb edirdi. YAP-ın yarandığı ilk illərdə "Səs" qəzeti bilavasitə partiyanın mətbu orqanı kimi fəaliyyət göstərib, onun fəal təbliğatı ilə məşğul olub, məram və məqsədlərini ardıcıl, məqsədyönlü, məzmunlu və uğurlu şəkildə təbliğ edib.

Bəlli olduğu kimi, YAP-ın formalaşmasının özünəməxsus xüsusiyyətləri var. O zaman ölkənin üzləşdiyi ağır sosial-siyasi və iqtisadi böhran şəraitində Ümummilli Lider Heydər Əliyevə yönələn böyük ümidlər, xalqın Heydər Əliyev şəxsiyyətinə olan böyük rəğbəti və inamı, Heydər Əliyevin dövlətçilik fəaliyyəti sahəsində qazandığı böyük uğurlu təcrübə Yeni Azərbaycan Partiyasının uğurla formalaşmasını, insanların bu partiyaya böyük inamını şərtləndirirdi. Məhz Heydər Əliyev şəxsiyyətinin ən fəal təbliğatçısı olan "Səs" qəzeti partiyanın formalaşması prosesinin də fəal təbliğatçısına çevrildi və beləliklə də, YAP-ın təşkilatlanmasına və quruculuğuna öz böyük töhfəsini vermiş oldu.

"Səs" qəzeti bu gün də YAP-ın ideyalarının ən fəal təbliğatçısı kimi çıxış edir. Partiyanın fəaliyyətinin təbliğində və işıqlandırılmasında bu qəzetin özünəməxsus rolu var. YAP-ın mövqeyini, siyasi kursunu müdafiə edən qəzetlər sırasında "Səs" qəzeti öz ardıcıllığı, mübarizliyi və məqsədyönlülüyü ilə seçilir. "Səs" bu gün Azərbaycan Respublikasının Prezidenti, YAP-ın Sədri Cənab İlham Əliyevin siyasi xəttini, fəaliyyətini çox fəal, qətiyyətli şəkildə müdafiə edir. Bu da öz ədalətli mövqeyində dönməz olan "Səs"in ictimai-siyasi qəzet kimi nüfuzunu, populyarlığını daha da artırır və qəzetin oxucu auditoriyasını bir qədər də genişləndirir.

"Qoy ədalət zəfər çalsın"

"Səs" qəzeti öz devizinə sədaqətini ötən əsrin 90-cı illərinin əvvəllərində Heydər Əliyev şəxsiyyətinin və ideyalarının mübariz təbliğatçısı rolunu qətiyyətlə öz üzərinə götürməklə təsdiqləyib. Məhz bu mübarizlik, haqqa söykənib haqq-ədalət uğrunda mücadilənin önündə olmaq "Səs" qəzetini populyarlaşdırıb, onun özünəməxsus oxucu auditoriyasını formalaşdırıb. Elə buna görə, YAP-ın üzvləri, fəalları, tərəfdarları, bütövlükdə, geniş ictimaiyyət "Səs" qəzetini sevə-sevə oxuyur və çox yüksək qiymətləndirirlər. "Səs" qəzeti yarandığı vaxtda Azərbaycan ictimai fikrinə öz səsini çatdırmağı bacarıb. Bu qəzet elə bir vaxtda nəşrə başlayıb ki, həmin dövrdə Azərbaycan ictimaiyyətində yeni sözə, fikrə böyük ehtiyac vardı. "Səs" qəzeti fəaliyyətilə ictimai ehtiyacı ödəyə bildi. O dövrdə "Səs" qəzeti Azərbaycanın müstəqilliyi, söz azadlığı, mətbuat azadlığı və demokratiya uğrunda mübarizənin ön sırasında gedirdi. Qəzetin yaradıcı heyəti fədakar işlər görüblər.

O dövrdə qəzetin Baş redaktoru olmuş Ağabəy Əsgərovun gördüyü işləri xüsusilə qeyd etmək lazımdır. Məhz onun prinsipiallığı, mübarizliyi o dövrdə hakimiyyətdə olmuş şəxslərin narahatlığına səbəb olub. Dəfələrlə qəzetin redaksiyasına basqınlar edilib, müxbirlərə və qəzetin baş redaktoruna hədələr olunub. Ancaq qəzet öz mövqeyindən dönməyib, Ümummilli Liderimiz Heydər Əliyevin çıxışlarını və ideyalarını təbliğ etməkdə davam edib.

"Səs" elə birinci nömrəsindən sonra şəxsən Ayaz Mütəllibovun göstərişi ilə bağlandı. Lakin oxucuların, tanınmış ziyalıların israr və tələblərindən sonra qərarı dəyişməyə məcbur olublar və qəzetin nəşri bərpa edilib. AXC-Müsavat iqtidarı dövründə "Səs" qəzetinin nəşri bir neçə dəfə dayandırılıb və qəzetə dəfələrlə hücumlar edilib. Lakin bu hərəkətlər qəzetin fədakar kollektivini öz haqq-ədalət yolundan, milli mücadilədən çəkindirməyib.

Haqq-ədalət uğrunda mübarizədə "Səs" qəzetinin öz yeri, öz sözü var. Bu, "Səs" qəzetinə, onun yaradıcı kollektivinə olan hörməti, rəğbəti bir qədər də artırır. "Səs" 20 illik yaradıcılıq fəaliyyəti dövründə bütün çətinliklərdən, sınaqlardan, necə deyərlər, üzüağ, alnıaçıq çıxıb, mübarizə əzmini, prinsipiallığını heç zaman itirməyib, əksinə, ədalətin zəfər çalması, haqqın öz yerini tutması uğrunda aparılan mübarizə "Səs"in yaradıcı kollektivini daha da mətinləşdirib, onların daha böyük fədakarlıq, əzmkarlıq göstərməsinə səbəb olub. Bu qəzet bir növ Azərbaycan mətbuatı üçün məktəb rolunu oynayıb. Azərbaycanın bugünkü mətbuatında da "Səs" qəzetinin özünəməxsus yeri var.

Ulu Öndər Heydər Əliyev ideallarının təbliğatçısı

Heydər Əliyev idealları, Heydər Əliyev siyasəti daim təbliğ olunmalı olan və indiki və gələcək nəsillərə çatdırılmalı dəyərlərimizdəndir. "Səs" bu istiqamətdə xüsusi fəallığı və peşəkarlığı ilə seçilir. Ölkədə baş verən ictimai-siyasi proseslərə doğru, düzgün və obyektiv yanaşması ilə seçilən "Səs" qəzeti Cənab Prezidentin, eləcə də, YAP-ın bununla bağlı prinsipial mövqeyini ardıcıl şəkildə işıqlandırır və müdafiə edir.

Siyasi prosesləri obyektiv, sistemli şəkildə təhlil etmək, operativ olaraq işıqlandırmaq sahəsində "Səs" özünəməxsusluğu ilə seçilir. Yeni Azərbaycan Partiyasının fəaliyyət prinsiplərinə sadiq qalaraq, yalnız dövlətçilik, xalq mənafeyindən çıxış etmək xətti yürüdən "Səs" qəzeti ölkədə baş verən proseslərə səmərəli və aktual yanaşma tərzi ilə oxucuları cəlb edir, bununla da, hər zaman diqqət mərkəzində olmağı bacarır. Bu, 20 illik fəaliyyəti dövründə "Səs" qəzetinin əldə etdiyi ən mühüm, uğurlu nailiyyətlərdən biridir.

"Səs" qəzeti, mütamadi olaraq, Ümummilli Lider Heydər Əliyev, Prezident İlham Əliyev, həmçinin, Yeni Azərbaycan Partiyası haqda xüsusi buraxılışlar və multimedia disklərib hazırlayıb cəmiyyətə təqdim edir. Bu da insanlar arasında maraqla qarşılanır. "Səs"in hazırladığı kitab, film və jurnallar, bir qayda olaraq, Azərbaycan xalqına və dövlətçiliyinə, həmçinin, bu xalqın və dövlətin böyük şəxsiyyətlərinə həsr olunur. "Səs" qəzeti Azərbaycan mətbuatında Ulu Öndər Heydər Əliyevlə bağlı ən son xəbərləri, hadisələri operativ və obyektiv şəkildə əks etdirən yeganə qəzet olub. 1994-cü ilin 19 noyabrında YAP-ın konfransında Ümummilli Lider Heydər Əliyevin bu sözlərini qəzetin fəaliyyətinə verilmiş ən böyük qiymət hesab etmək olar: "Sən demə iki balaca otaqda da dövrün nəbzini tutan bütün problemlərə fədakarlıqla sinə gələn qəzet buraxmaq olarmış".

"Mətbuatın Dostu" adını almış Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin bütün KİV-lərə göstərdiyi dəstək və qayğı jurnalist mədəniyyətinin inkişafına, sivil dəyərlərə inteqrasiya prosesinin sürətlənməsinə, demokratik dəyişikliklərin, həyata keçirilən islahatların geniş əhali kütləsinə çatdırılmasında "Səs" qəzetinin layiqli rol oynamasına öz təsirini göstərib.

Ulu Öndərimiz Heydər Əliyevin siyasi kursunun davamçısı ölkə Prezidenti İlham Əliyevin Azərbaycanın inkişafı və çiçəklənməsi, xalqın rifahının yüksəlməsi yolunda gördüyü möhtəşəm işlərin işıqlandırılması və əhaliyə çatdırılmasında "Səs" qəzeti müstəsna rol oynayır.

"Səs"in səsi XXI əsrdə

Hazırda qəzet gündəlik 5 min tirajla nəşr olunur, redaksiya heyəti 40 nəfərə yaxındır. Ölkənin bir sıra bölgələrində müxbir postları var. Qəzetin internet saytı (ses-news.az) fəaliyyət göstərir və xarici ölkələrdə yaşayan azərbaycanlılar da sayt vasitəsilə qəzeti izləyirlər. XXI əsr mətbuatı çox tələbkar oxucu kütləsinə ünvanlanmış, müasir texnologiylara yiyələnmiş və ciddi rəqabət mühitində fəaliyyət göstərən sektora çevrilib. Qəzetin kollektivi yaradıcılıq prinsipləri və təşkilati-texniki meyarlar baxımından müasir dövrün tələbləri ilə ayaqlaşmaq sahəsində yüksək peşəkarlıq, böyük təşəbbüskarlıq nümayiş etdirir. Bu gün "Səs" qəzetini internet şəbəkəsi vasitəsilə hər an bütün dünyada izləmək və oxumaq mümkündür.

Hazırkı şəraitdə informasiya texnologiyaları böyük sürətlə inkişaf edir. Bu sahədə əldə edilən tərəqqidən səmərəli şəkildə faydalanmaq müasir KİV, mətbuat orqanları üçün çox vacibdir. Bununla bağlı yeniliklərdən yaradıcı şəkildə bəhrələnmək vacib şərtdir. "Səs" qəzetinin müasir informasiya texnologiyalarını mənimsəmək sahəsində göstərdiyi səylər, şübhəsiz ki, təqdirəlayiqdir. Hazırda bununla bağlı qəzetin fəaliyyətində böyük tərəqqi, müsbət irəliləyiş müşahidə olunur. Qəzetin bazası əsasında yaradılmış "Səs" İnformasiya Agentliyi fəaliyyət göstərir və qısa zamanda bu agentlik öz maraqlı, obyektiv informasiyaları ilə təkcə ölkə oxucularının deyil, həm də xarici ölkələrdə yaşayan azərbaycanlıların mütəmadi izlədikləri bir internet resursa çevrilib. Eyni zamanda qəzetin nəzdində "Səs" internet televiziyası fəaliyyət göstəriri ki, bunun da nəticəsində kollektivin yeni informasiya texnologiyaların mənimsəmək sahəsində qarşıya çıxan həlli vacib çoxsaylı vəzifələrin öhdəsindən bacarıqla gəldiyini nümayiş etdirir.

Sonda fikirimi Ulu Öndərimiz Heydər Əliyevin "Səs" qəzeti haqda söylədiyi tarixi sözləri bitirmək istəyirəm: "Səs" qəzeti mənim üçün çox əziz qəzetdir. 1991-ci ilin fevral ayında, Azərbaycanda kommunist hakimiyyəti dövründə mən Ali Sovetdə çıxış edəndən sonra mənim çıxışım,- xatirinizdədir, o vaxt mənim çıxışımı hörmətdən salmağa çalışdılar, onu dərc etmək də istəmirdilər, amma mənə lazım idi ki, o, dərc olunsun, "Səs" qəzetində dərc edildi. Mən Naxçıvanda işləyərkən bizim bir neçə tədbirlərimiz barədə yazıları "Səs" qəzetində dərc edə bildik. Nəhayət, "Səs" qəzeti "91-lər"in müraciətini dərc edib, mənim cavabımı dərc edibdir. Ona görə də "Səs" qəzeti bizim partiyanın tarixində ən mötəbər yer qazanmış bir qəzetdir. Görürəm ki, son vaxtlar özünün xüsusiyyətlərini itirmədən modernləşir, yaxşılaşır. Arzu edirəm ki, daha da modernləşsin və yaxşılaşsın".

İ.ƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə