Nazirlik 14160 nəfəri qəbul edib

Nazirlik 14160 nəfəri qəbul edib

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) rəhbərliyi və məsul şəxsləri tərəfindən ötən il fərdi qaydada qəbul edilən vətəndaşların sayı 14160 nəfər təşkil edib. Onlardan 13415 nəfəri nazirliyin qəbul otağına müraciət edənlər olub. Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən xəbərə görə, vətəndaşlardan 946 nəfəri əmək və əhalinin sosial müdafiəsi naziri tərəfindən "Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin respublikanın şəhər və rayonlarında vətəndaşların qəbulu cədvəli"nə uyğun olaraq keçirilən qəbullar zamanı (745 nəfər) və ƏƏSMN-də (201 nəfər) qəbul edilib.

Qalan 13214 nəfərdən 231 nəfəri ƏƏSMN-də nazir müavinləri və aparat rəhbəri, 12983 nəfəri nazirliyin digər məsul şəxsləri tərəfindən qəbul edilərək müraciətləri dinlənilib.

Müraciətlərdə əksini tapan məsələlər obyektiv şəkildə araşdırılıb və qanunvericiliyin tələblərinə uyğun tədbirlər görülüb. Həmçinin ayrı-ayrı vətəndaşlar müraciətlərinə əsasən bir sıra sosial təminat növləri, reabilitasiya avadanlıqları ilə təmin olunublar. Sorğu xarakterli müraciətlərlə əlaqədar vətəndaşlarla hüquqi izahat işi də aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə