Göygöl və Samuxda çağırışçı gənclər ordu sıralarına yola salınır FOTOLAR

Göygöl və Samuxda çağırışçı gənclər ordu sıralarına yola salınır FOTOLAR

Ölkədə çağırış yaşı çatan və həqiqi hərbi xidmətdən möhlət hüququ olmayan gənclərin ordu sıralarına yola salınmasına başlanılıb. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, gənclər əvvəlcə Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib. Daha sonra çağırışçılar Heydər Əliyev Mərkəzində dahi şəxsiyyətin həyat və fəaliyyətini əks etdirən fotostendlərə baxış keçirib. Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Göygöl rayon şöbəsində həkim nəzarətindən keçən çağırışçılar sağlamlıqları haqqında müsbət rəy aldıqdan sonra təntənəli mərasimə qatılıblar. Mərasimdə qeyd olunub ki, ordumuzun əsgərləri düşmənin hər həmləsinə cəldliklə cavab verməyə və işğal altındakı torpaqlarımızı azad etməyə qadirdir. Çağırışçı gənclər və onların valideynləri hər an əldə silah Ali Baş Komandanın döyüş əmrinə hazır olduqlarını dilə gətiriblər. Rəsmi hissədən sonra gənclər müqəddəs "Qurani Kərim"in altından keçməklə dövlət bayrağımızı öpüblər. Çağırışçılar milli musiqinin sədaları altında xüsusi avtobuslarla bölgü üzrə hərbi hissələrə yola salınıb.

Samuxda da çağırış yaşı çatan gənclər ordu sıralarına yollanmazdan öncə Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər. Dahi şəxsiyyətin adını daşıyan mərkəzdə Ümummilli liderin müxtəlif illərdə çəkdirdiyi rəsmlərlə tanış olublar. Tədbirdə çıxış edənlər gələcəyin əsgərlərinə xidmətdə ayıq-sayıq olmağı və düşmənə layiqli müqavimət göstərməyi tövsiyə ediblər. Çıxışlarda çağırışçıların göstərilən etimadı doğruldacaqlarına və düşmən tapdağı altında olan torpaqlarımızı tezliklə azad edəcəklərinə əminlik ifadə olunub. Rəsmi hissədən sonra gənc çağırışçılar müqəddəs "Qurani Kərim"in altından keçməklə dövlət bayrağımızı öpüblər.

Qeyd edək ki, yola salma şən musiqilərin ahəngi ilə davam edib.

İlham Məmmədzadə

Bütün xəbərlər Facebook səhifəmizdə