Çaylardakı vəziyyət açıqlandı

Çaylardakı vəziyyət açıqlandı

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının çirklənmə vəziyyətini öyrənmək məqsədilə dekabr ayının üçüncü ongünlüyü üçün apardığı monitorinqin nəticələrini açıqlayıb. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, monitorinqin nəticələrinə əsasən, Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində Kür çayı və onun qollarında biogen maddələrin miqdarı normadan dəfələrlə artıq olub. Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenollar Şıxlı-2 məntəqəsində 4.2, Ağstafaçayda 3.8, Ağstafaçay su anbarında isə 3.3 dəfə yol verilən qatılıq həddini keçib.

Fenolların Araz çayı üzrə Horadizdə 2.9, Birinci Şahsevəndə 3, Bəhramtəpədə isə 2.7 dəfə normanı keçdiyi qeydə alınıb.

Müəyyən edilib ki, mis birləşmələri bütün məntəqələrdə norma daxilində tərəddüd edib, suyun oksigen rejimi isə 5.95-6.08 mq/l arasında olmaqla sanitar norma daxilində dəyişib.

Bütün xəbərlər Facebook səhifəmizdə